“Pensiya yaşının artan xətt üzrə getməsinə qarşıyam” Deputatbackend

“Pensiya yaşının artan xətt üzrə getməsinə qarşıyam” Deputat

“Pensiya yaşının artan xətt üzrə getməsinə qarşıyam. Hazırda qanunda bəzi müsbət məqamlar əksini tapıb və bunları bəyənirəm”. 

Hokm.az xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, “Əmək pensiyaları haqqında” qanuna 2017-ci ildə edilmiş dəyişikliyi ədalətsiz yanaşma hesab edir:

“Bildiyiniz kimi, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İnkişaf etmiş ölkələrdə yaş həddi belədir. Amma, biz öz vətəndaşlarımızın yaşayışını onların pensiyaçılarının yaşayışı və həyat tərzi ilə müqayisə edə bilmərik. Onların pensiyaçısı pensiyası ilə təyyarəyə minib istirahətə, gəzməyə gedə bilər. Başqa ölkədə yaşayan nəvəsini görməyə də təyyarə bileti ala bilər, laxlayan sağlamlığını bərpa etmək üçün sanatoriyaya da pensiyası yetər. Bizdə isə orta və aşağı yaşayış həddi malik olan vətəndaşlar bir ildə pensiyalarını yeməyib, hava ilə dolanıb yığsalar, yenə də çatmaz. 10 milyonluq əhalimizin yarıdan çoxu bu təbəqəyə aid pensiyaçılardır.

Kənd yerində yaşayan kişi və qadın harada işləyib özünə pensiya kapitalı yığsın? Kənddə, rayonda, şəhərdə hansı zavodda, fabrikdə işləsin? Biz onlara ləyaqətli, rəqabətli iş yeri təklif edə bilirikmi? Mən pensiya yaşının artan xəttə üzrə getməsinə və inkişaf etmiş Avropa ölkələrinin səviyyəsinə çatmasına onda razılaşardım ki, biz öz vətəndaşlarımıza ləyaqətli iş, yüksək və rəqabətli əmək haqqı və tibbi xidmət təklif edə bilərdik”.

R.Nurullayev qeyd edib ki, baba və nənələrimizi övladları və nəvələri dolandırır:

“Bizim bu milli mentalitetimiz və ailə dəyərlərimiz olmasa, onlar küçədə, aptekin önündə ölər, ya da çoxu evin içində ölü tapılar. Ona görə də birinci ləyaqətli həyat, iş yeri, sağlamlıq, ümid və sonra pensiya yaşı olmalıdır”.

  •  (0)
  •  (1)