Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti tərəfindən təsdiqlənən və ictimaiyyətə elan olunan rəsmi namizədlər siyahısında xeyli yeni simalar-adlar var.
Ancaq həmin namizədlərin bir çoxu nəinki geniş ictimaiyyət, elə stajlı YAP-çılar tərəfindən belə tanınmır.
Hokm.az pravda.az-a istinadən bildirir ki, həmin yeni simalardan biri də 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi irəli sürülən Yıldırım Fatma Vidadi qızıdır.
Qeyd edək ki, namizədlər siyahısı açıqlanana qədər çoxları F. Yıldırım haqqında heç bir bilgiyə malik olmayıb, həmçinin, YAP-çıların çoxu da onu tanımayıb.
Aparılan araşdırma nəticəsində məlum olub ki, F.Yıldırım 1973-cü ildə Bakı şəhərində anadan olub. O, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin məzunudur, fəlsəfə doktodorudur. F.Yıldırım müxtəlif özəl şirkətlərdə insan resursları üzrə şöbə müdiri, 2012-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində kadrlar üzrə şöbə müdirinin müavini, daha sonra isə “Mənzil İnşaatı Dövlət Agentliyi”ndə “İnsan resursları” şöbəsinin müdiri vəzifəsində çalışıb. 2018-ci ildən isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “İnsan resursları” şöbəsinin müdiri və dövlət qulluğunun müşaviridir. Bundan əlavə, 2012-ci ildən çalışdığı qurumlarda Yeni Azərbaycan Partiyasının ərazi üzrə təşkilatlarının sədr müavini vəzifəsində çalışıb. Həmçinin, eyni müddət ərzində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib. Hazırda YAP Nəsimi rayon təşkilatının AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə ilk partiya təşkilatının sədr müavinidir. Komitə daxilində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədridir.
Bir müddət Belçika Krallığında yaşayan Fatma Yıldırım 2003-cü ildə “Avropa Azərbaycanlıları Mərkəzi”nin təsisçisi və sədri olub.
Qeyd edək ki, bir müddət öncəyə qədər adıçəkilən şəxsin işlədiyi komitəyə Prezident Administrasiyasının (PA) indiki rəhbəri Samir Nuriyev rəhbərlik edib və xanım Yıldırım da onun kadrı hesab edilir…

















