Övladları təhsil alan valideynlərə XƏBƏRDARLIQ – İyunun 14-dək…backend

Övladları təhsil alan valideynlərə XƏBƏRDARLIQ – İyunun 14-dək…

Xəbər verdiyimiz kimi, Azərbaycanda “Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili Qaydası” təsdiqlənib. Qərarın surəti artıq ümumi təhsil müəssisələrinə göndərilib.

Qrupun komplektləşdirilməsi qaydasında bildirilir ki, qrup məktəbin tədris – maddi bazası imkan verdiyi halda valideynlərin, digər qanuni nümayəndələrin yazılı ərizələri əsasında I-IV sinif şagirdlərindən təşkil olunacaq.

Hokm.az xəbər verir ki, bu barədə metbuat.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirdi ki, şagird qrupa tədris ilinin əvvəlində həmin tədris ili müddətinə qəbul ediləcək və hər qrupda şagird sayı 20-25 nəfərdən ibarət komplektləşdiriləcək. Əsasən ödənişsiz əsaslarla fəaliyyət göstərəcək qrupda məşğələlər sentyabrın 15-dən iyunun 14-dək aparılacaq, tətil müddətləri ibtidai siniflərin tətil günlərinə uyğun, qrupda həftəlik dərs norması isə 30 saatdan çox olmayaraq müəyyən ediləcək.

“Yeni tədris ilində fəaliyyətə başlayacaq bu qruplar, yataqxanası, qidalanması mümkün olacaq məktəblərdə təşkil ediləcəkdir. Bu normalara cavab verməyən məktəblərdə qrup komplektləşdirilməsi mümkün olmayacaqdır. Bu qrupların təşkili xüsusilə işləyən valideynlər üçün əlverişli olacaqdır. Səhər saat 9-da başlayan dərslər bitdikdən sonra şagirdlər əlavə olaraq təqribən saat 4-5-ə kimi məktəbdə qalacaqlar. Tərbiyəçi qrupda şagirdlərin tədris tapşırıqlarını yerinə yetirməsinə istiqamət verəcəkdir. Bu qruplarda şagirdlərin tədris müddətində öyrəndilərini yaxşı mənimsəməsi, həmçinin onların asudə vaxtını faydalı keçirmək məqsədi ilə qrupda şagirdlərin hərəkət aktivliyi, gəzinti ,həmçinin ehtiyac yaranarsa yuxu rejimi də təmin ediləcəkdir”.

Elçin Əfəndi bildirdi ki, ilkin olaraq Bakı şəhərində yerləşən məktəblərdə keçiriləcək bu layihənin daha sonra regionlarda davam etdirilməsi nəzərdə tutulub.

“Burada müsbət amal vəd edən amillərdən biri də ibtidai sinif şagirdlərinin dərslərinin yaxşı mənimsəməsinə xidmət edəcək bu qrup məşğələlərinin gələcəkdə şagirdlərin repetitor yanına getməsi məcburiyyətinə də ehtiyacına zamanla ehtiyacın azalması deməkdir.

Yəni günüuzadılmış qrupların təşkilində məqsəd sırf gələcək üçün repetitor və hazırlıq qruplarının aradan qaldırılmasıdır”.

  •  (0)
  •  (0)