Maşın qızasından sonra müalicə üçün Türkiyəyə aparılan hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı hadisə baş verən gündən indiyə qədər olan proseslərlə bağlı açıqlama verib.
Hokm.az cebhe.info-ya istinadən xəbər verir ki, sosial şəbəkədə yayınlanan müsahibədə Firuzə Gülalıyeva bir çox suallara aydınlıq gətirib. O, müsahibəni Oqtay Gülalıyevin müalicə aldığı xəstəxanada onun palatasından verib və görüntülərdə hüquq müdafiəçi də var.
Xatırladaq ki, hazırda Türkiyədə koma vəziyyətində olan Oqtay Gülalıyevin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Fonddan dünən verilən məlumata görə, Avrasiya Xəstəxanasında aparılan müalicədən sonra ailəsi Oqtay Gülalıyevin Amerikan Xəstəxanasına yerləşdirilməsi və orada əlavə tibbi xidmətlərin göstərilməsi ilə bağlı müraciət edib:“Daxil olan müraciət İstanbuldakı həkimlər, eyni zamanda Fondun ekspert Şurası tərəfindən müzakirə olunmuş və Oqtay Gülalıyevin ailəsinin istəyi nəzərə alınaraq o, Amerikan xəstəxanasına yerləşdirilib. Amerikan xəstəxanasında Oqtay Gülalıyevin beynində hematoma təmizlənməsi və şunt əməliyyatı aparılıb, hazırda isə xəstənin səhhətinin bərpası üzrə müvafiq müalicə davam edir”.
Məlumatda bildirilib ki, səhiyyə, o cümlədən səhhətində ağır durumlar olan şəxslərlə bağlı Fond tərəfindən göstərilən dəstəklər daxili qaydalara əsasən müalicənin gedişinə və dinamikasına uyğun olaraq dəyərləndirilir: “Belə ki, həkimlərin mütəmadi, o cümlədən xəstəxana rejimində olan ağır xəstələrlə bağlı 10-20 gündən bir verilən rəyinə əsasən Fond tərəfindən növbəti göstərilə biləcək kömək barədə qərar verilir. Hazırda Oqtay Gülalıyevin müalicəsinə dəstək olan Heydər Əliyev Fondu həkimlərin müntəzəm rəyini, müalicənin gedişatındakı dinamikanı əsas götürərək ailəyə müvafiq köməklik göstərir”.
















