“Operativ Qərargahın siyasəti virusun özündən daha öldürücü alınıb” – İlqar Məmmədovbackend

“Operativ Qərargahın siyasəti virusun özündən daha öldürücü alınıb” – İlqar Məmmədov

“Dəhşətli rəqəmlərdir. Bu, ən sadə hesablamanı yavaş-yavaş fikrinizdən keçirin və dərindən anlamağa hazır olun. Beləliklə, 2015-2019-cu illərdə Azərbaycanda bütün səbəblərdən ildə orta hesabla 56 min adam ölürdü. 2020-ci ildə isə bu rəqəm 76 minə çatdı. Yəni həmişəkindən təxminən 20 min daha çox adam öldü. Hansı səbəbdən? Baxaq. 2015-2019-cu illərdə “bəzi infeksion və parazitar xəstəliklərdən” və “tənəffüs sistemi xəstəliklərindən” ildə orta hesabla 2,5 min insan ölürdü. 2020-də bu say oldu 9 min. Fərqi yaradan 6,5 min şəxsdən əksəriyyətinin koronavirus pandemiyası səbəbindən həyatını itirdiyini deyə bilərik”.

Hokm.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov bildirib.

“Bəs qalan 13,5 min əlavə ölümün səbəbi nə idi?  Ona da baxaq. 2015-2019-cu illərdə “travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən” hər il orta hesabla 2,7 min adam həyatını itirirdisə, 2020-ci ildə bu say oldu 6 min.  3,3 min nəfərlik fərq anlaşılandır, çünki müharibədə 3 min şəhid vermişik. Qalır 10 min əlavə ölüm. İndi bir anlıq dayanın. Təsəvvür edirsiniz də?  Hər il 56 min adam ölürdü və birdən-birə, virusdan deyil, müharibədən deyil, hansısa naməlum səbəbdən 10 min əlavə ölüm ortaya çıxdı. Niyə? Səbəb o qədər də naməlum deyilmiş. 2015-2019-cu illərdə “qan dövranı sisteminin xəstəlikləri” hər il orta hesabla 33 min adam öldürürdü.  2020-ci ildə isə sadə dildə desək, ürəyi partlayıb ölənlərin sayı oldu 41 min. Yəni 8 min daha çox! Amma bu da son deyil. Qalır daha 2 min əlavə ölüm. Yenə baxırıq 2015-2019- cu il üzrə rəqəmlərə. “Yenitörəmələrdən” və “endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntularından” həmin vaxt hər il orta hesabla 10 min insan ölürdüsə, 2020-ci ildə say oldu 12 min, yəni 2 min nəfər daha çox! Beləliklə, koronavirus 2020-ci ildə yuxarı-aşağı 6,5 min nəfər əlavə adam öldürmüşdürsə, “evdəqal” kampaniyası nəticəsində ürəkdən, xərçəngdən, şəkərdən ən azı 10 min əlavə adam həyatını itirib. Operativ Qərargahın 1,5 il əvvəl, yəni 2020-ci ildə yeritdiyi, koronavirusla mübarizə kimi təqdim olunan “evdəqal” siyasəti virusun özündən daha öldürücü alınıb. İndi gəl ona inan. Onun bu gün apardığı siyasətin isə nəticələri 1-2 il sonra hər hansı şəkildə üzə çıxanda da təəccüblü bir şey olmayacaq. Əvvəldən deyirdim ki, Operativ Qərargahın elmitəhər bəyanatlarına baxmayaraq, apardığı siyasətin səriştəsizliyi yetərincə aydın görünür” – İ.Məmmədov qeyd edib.

  •  (1)
  •  (0)