“Onları azadlığa buraxın, məni həbs edin”backend

“Onları azadlığa buraxın, məni həbs edin”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli rəhbərlik etdiyi təşkilatın 40-a qədər fəalının həbsilə bağlı müraciət yayıb. Ə.Kərimli partiya fəallarının həbsdən buraxılması müqabilində konkret addımlar atmaqla bağlı təkliflər səsləndirib.
“Allah şahiddir ki, hazırda apardığım mübarizədə mən ideallarımızın, Cümhuriyyət dəyərlərinin, demokratiya prinsiplərinin bərqərar olmasını əsas tuturam, nəinki hansısa şəxsi və ya qrup maraqlarını. Ona görə də heç bir halda razılaşa bilmərəm ki, günahsız insanlar, dostlarım, cəbhəçi həmkarlarım məni bəhanə edərək, repressiyalara məruz qoyulsunlar. Ona görə də Azərbaycan hakimiyyətinə müraciət edirəm. Əgər, doğrudan da, sizin üçün problem Əli Kərimlidirsə, o zaman bu günahsız insanlardan əl çəkin. Bu insanlara qarşı ağır repressiyaları tətbiq etməyin. Onları azadlığa buraxın, məni həbs edin. Niyə mənə münasibətə görə bu qədər günahsız insan repressiyaya məruz qalmalıdır, ölkə vətəndaş qarşıdurmasına sürüklənməlidir? Əgər hər hansı səbəbdən bu təklif sizi qane etmədisə, mən başqa variant da təklif edə bilərəm. Azad edin o günahsız insanları. AXCP-nin bütün siyasi məhbuslarını azad edin. Partiyanın fəaliyyəti üçün normal, konstitusiya çərçivəsində şərait yaradın. Biz onsuz da bu il partiyanın qurultayını keçirməliyik. Bu payız partiyanın qurultayını keçirək. Əgər siz bu adamları azad edirsinizsə, Xalq Cəbhəsi Partiyasının normal, konstitusion fəaliyyətinə mane olmursunuzsa, mən də millətin qarşısında bəyan edirəm ki, həmin partiyamızı və dostlarımı repressiyalardan qorumaq naminə partiya sədrliyindən istefa verərəm, yenidən namizəd olmaram, sədr seçilmərəm. Bu da olar mənim tərəfimdən partiyamızı və dostlarımı qorumaq üçün atılan fədakarlıq addımı..”
AXCP-nin məhv edilməsi üçün ən yüksək səviyyədə hüquq-mühafizə orqanlarına göstəriş verildiyini vurğulayan Ə.Kərimli baş verənlərin İlham Əliyevin ona qarşı şəxsi-qərəzilə əlaqələndirilməsilə də razılaşmır. Onun sözlərinə görə, əsl səbəb İ.Əliyevin AXCP-ni öz hakimiyyətinə potensial təhlükə görməsi, hazırda protest elektoratın təmsilçisinin məhz bu partiya olmasıdır: “Bizim hökumətlə münasibətlərimizdə şəxsi olan heç nə yoxdur. Biz İlham Əliyevlə nə zamansa dost olmamışıq ki, indi də düşmən olaq. Mən 17 illik təcrübəyə baxıb görürəm ki, İlham Əliyev avtoritar dövlət başçısı olaraq, hakimiyyətinə hansı qüvvə təhlükə yaradıbsa, onu da düşmən elan edib. 2003-cü ilin 16 oktyabr hadisələri və ondan sonra Müsavat fəallarına qarşı aparılan repressiyaları xatırlayaq. Kim iddia edər ki, o zamankı repressiyaların səbəbi İlham Əliyevin Müsavatın o vaxtkı başqanı İsa Qəmbərə şəxsi nifrəti ilə bağlı idi? O zaman Müsavat Partiyası real alternativ idi, seçki saxtakarlığına qarşı mübarizəyə qalxmışdı. Ona görə də hökumətin bütün gücü ilə Müsavat Partiyası repressiya olunurdu. Yaxud 2013-cü ildə “Əsgər ölümlərinə son!” aksiyasını xatırlayaq. Həmin aksiyada fəallıq göstərmiş NİDA hərəkatı dövlət səviyyəsində repressiyaların əsas hədəfinə çevrildi. 20 yaşlı İlkin Rüstəmzadə ilə dövlət başçısının münasibətlərində hansı şəxsi qərəzlik ola bilərdi? İlkin Rüstəmzadə altı il həbsdə saxlanıldı, NİDA-nın o zamankı rəhbərliyi ağır repressiyalara məruz qoyuldu. Səbəb o idi ki, siyasət meydanına yeni gənclik gəlirdi. Hökumət qorxdu və həmin o yeni gəncliyin çoxalmaması üçün repressiyalara əl atdı. Eləcə də 2014-2015-ci illərdə repressiyaların əsas hədəfi vətəndaş cəmiyyəti seçilmişdi. Vətəndaş cəmiyyəti fəallarının İlham Əliyevlə hansı şəxsi qərəzi ola bilərdi? İlham Əliyev təhlükəni vətəndaş cəmiyyətindən gördüyünə görə repressiyaların vektoru vətəndaş cəmiyyətini göstərirdi”.(toplum.tv)
  •  (0)
  •  (0)