Onlar Təhsil nazirindən bu problemlərin həllini gözləyir… – Ekspertlər təkliflər irəli sürdübackend

Onlar Təhsil nazirindən bu problemlərin həllini gözləyir… – Ekspertlər təkliflər irəli sürdü

“Bu gün Azərbaycanda ən ciddi problem təhsilin idarə edilməsi ilə bağlıdır”.

Hokm.az xəbər verir ki, sfera.az-a açıqlamasında bu sözləri yeni Təhsil naziri Emin Əmrullayevin təyinatından sonra təhsildə nələrin dəyişdirilməsinin vacib olduğu barədə fikirlərini bölüşərkən təhsil eksperti Kamran Əsədov deyib:

“Burada söhbət kadr potensialından, layiqli şəxslərin bu və ya digər vəzifələrə gəlməsindən gedir. Təhsildəki problemlərdən başlıcası dərsliklərlə bağlıdır. Dərsliklər şagirdlərin psixologiyasına uyğun deyil, informasiya yükü çoxdur”.

Ekspert azərbaycanlı gənclərin yenidən dövlət proqramı hesabına xaricdəki nüfuzlu universitetlərdə təhsil almalarının bərpa olunmasını arzu edir:

“Yeni nazirdən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin yenidən akreditasiyasını keçirməsini, müasir tələblərə cavab verən kadrlar hazırlanmasına xüsusi diqqət verilməsini istərdim. Təhsil dünyada və Azərbaycanda insanları ən çox birləşdirən və onlarla aktiv əməkdaşlıq edən qurumdur. Təəssüf ki, əvvəlki nazirlərin dövründə onların hansısa bir rayonun ucqar kəndinə gedib, oradakı məktəblə yaxından tanış olmasına şahidlik etməmişik. Əvvəllər isə bu ənənə var idi. Bu mənada istərdim ki, yeni nazir tez-tez tələbələrin, şagirdlərin içərisində olsun.

Azərbaycan universitetləri beynəlxalq reytinqə daxil deyil. İnanıram ki, bu problemin aradan qaldırılması yolunda əməli tədbirlər həyata keçiriləcək. Xaricdə təhsil alan tələbələrimizin diplomlarının tanınmasında ciddi problemlər var. Ölkəmizdə oxuyan xarici tələbələrinin sayı da azdır, cəmi 5 minə yaxın. Ona görə xaricdən tələbə axınını gücləndirməliyik. Kolleclər və peşə təhsili müəssisələrinin keyfiyyəti artırılmalıdır. Vətəndaşların müraciətlərinə də vaxtında və çevik cavab verilməlidir”.

“Müəllimlərin əmək haqlarının artırılması öndə olmalıdır”

Bunu sayta açıqlamasında deputat Anar İsgəndərov deyib: “Yeni təhsil nazirimiz gənc olsa da təhsilə bağlı adamdır. Şəxsən tanıyıram. Təhsillə bağlı olan məsələlər ona bəllidir. Azərbaycan təhsilinin tarixi ənənələri var. Yeni nazirimiz xaricdə dövlət proqramı hesabına təhsil uğurlarından istifadə edən ziyalılarımızdandır. Azərbaycan müəlliminin problemləri, məktəblərin vəziyyəti də gənc nazirimizə məlumdur.

Müəllimin əmək haqqının artırılması ilə bağlı işlər görülməlidir. Yəni, təhsilin bütün problemləri ona bəllidir. Təhsil millətin maariflənməsi, kamilləşməsi üçün olduqca vacibdir. Bu işin də başında müəllim dayanır. Ali məktəbi qırmızı diplomla bitirən tələbədən əvvəl, kamil vətəndaşın yetişdirilməsinə böyük ehtiyac var. Bu mənada yeni nazirin üzərinə böyük məsuliyyət düşür”.

“Yaxın gələcəkdə 12 illik orta təhsil sisteminə keçməliyik”.

Bu fikirlər isə deputat Etibar Əliyevə məxsusdur: “Kurikulumlara da yenidən baxılmalı, kurikulum dəyişən dünyanın tələblərinə cavab verməlidir. Dərsliklərin yazılması və çapında ciddi qüsurlar var, bu məsələyə yenidən qayıtmalıyıq. Təhsilin yüksəldilməsi istiqamətində müəllim hazırlığına ciddi diqqət yetirilməlidir. Təhsilin bütün pillələri üçün Tərbiyyə Konsepsiyası yenidən işlənməlidir. Müəllim əvvəlki illərdə olduğu kimi tərbiyyəçi funksiyasını da yerinə yetirməlidir. Müəllim hazırlığı formal deyil, elmi əsaslandırılmış şəkildə həyta keçirilməlidir. Müəllimlər öz üzərində çalışmalı, yeni bilgilər axtarmalıdır”.

Həmsöhbətimizin fikrincə, tələbə təqaüdlərinə də yenidən baxılmalı, onlara güzəştlər edilməlidir: “Ali məktəblərdə də problemlər var. Boloniya bəyannaməsinin şərtlərinin yerinə yetirilməsində müəyyən qüsurlar mövcuddur. Elmi adlar və dərəcələrin verilməsində Təhsil Nazirliyilə Ali Attestasiya Komissiyası arasında müəyyən razılaşmalar olmalı, plagiatlıq, zəif elmi işlərin diplomlara layiq görülməsi məsələsi müzakirə olunmalıdır.

Distant təhsilə diqqəti artırmalıyıq. Universitetlərimizin dünya reytinqində yer tutması üçün ciddi işlər görülməlidir. Təhsilin bütün pillələrinin bir-birinə rahat keçidi yaradılmalıdır. Kollec təhsilinə ciddi önəm verməliyik. Bu istiqamətdə dərsliklər hazırlanmalıdır. Nazirlik yanında İctimai Şura ilə çalışmaların intensivliyi də artırılmalıdır”.

“Təhsil əmək bazarı ilə uzlaşdırılmalıdır”.

Deputat Vüqar Bayramov bu fikirdədir: “Təhsil iqtisadiyyat və insan kapitalının inkişafı baxımından çox vacibdir. Təhsilin əmək bazarı ilə uzlaşdırılmasına ehtiyac var.Bu gün isə ixtisaslara qəbul zamanı növbəti dövr üçün əmək bazarının vəziyyəti praktik olaraq nəzərə alınmır. Ona görə universitetə qəbul planlaşdırılan zaman 4 il sonra əmək bazarında hansı ixtisaslara tələbin olub-olnmadığını müəyyənləşdirməyə ehtiyac var. Xüsusən müasir çağırışlara uyğun olaraq yeni ixtisasların yaradılması vacibdir. Əmək bazarı ilə təhsil sferası arasında qarşılıqlı əlaqə qurulmalıdır”.

Digər tərəfdən, deputata görə, universitetlərin maliyyə muxtariyyəti gücləndirilməlidir: “Universitetlərin beyin mərkəzi kimi fəaliyyət göstərmələrinə də xüsusi önəm verilməlidir. Kadr potensialı gəncləşdirilməli, təcrübə mübadiləsi genişləndirilməlidir. Universitet təhsilinin keyfiyyətinin artırılması strateji plan olmalıdır”.

  •  (0)
  •  (0)