On bir iqlim qurşağından doqquzuna sahib olasan, çörəyin əcnəbidən çıxa…backend

On bir iqlim qurşağından doqquzuna sahib olasan, çörəyin əcnəbidən çıxa…

Ekspert: “Məhsuldarlıq Özbəkistanda 50, Avropa ölkələrində 60, Misirdə 70 sentnerdir, Azərbaycanda isə “prepiska” ilə 30 sentnerə qaldırıblar”

Deputat: “Hətta, Sovet dövründə də Azərbaycana taxıl idxal olunub”

İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı açıqlamada bildirilib ki, son dövrdə dünyada baş verən iqtisadi proseslərin və COVID-19 pandemiyasının təsirləri, 2021-ci il ərzində dünya bazarlarında ərzaqlıq buğdaya tələbin artması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə həyata keçirdiyi müxtəlif proteksionist tədbirlər fonunda ərzaqlıq buğdanın qiyməti kəskin artıb. Əlavə olaraq, ən böyük ərzaqlıq buğda istehsalçılarından biri və Azərbaycana ixrac edilən buğdanın əsas ölkəsi olan Rusiyanın ötən ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən ölkəmizə idxal olunun ərzaqlıq buğdanın qiymətində 2019-cu illə müqayisədə təxminən 58% artım baş verib.

Qeyd olunub ki, idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda bu məhsula real qiymət formalaşıb, un və çörək istehsalçıları ilə qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun topdansatış qiyməti – 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 65 qəpik.

Kənd Təsərrüfatı Nazirliyindən isə açıqlama verilib ki, Azərbaycanda 1 milyon hektar sahədə taxıl əkini aparılır, bunun 650 min hektarı buğda sahələridir. Buğda üzrə orta məhsuldarlıq 31 sentnerdən yuxarıdır, ölkədə ildə 2 milyon tona yaxın buğda istehsal olunur. Azərbaycanın buğdaya cəmi tələbatı 3,2-3,3 milyon tondur, hazırda buğda ilə özünü təminat səviyyəsi 59-60% təşkil edir.

Bəs, görəsən, bir çox hallarda torpaqlarımızın məhsuldarlığı ilə öyünsək də, buğdaya olan daxili tələbatın ödənilməsində idxaldan asılılığın səbəbi nədir? Bu asılılığı minimuma endirmək realdırmı?

 

Mövzu ilə bağlı AYNA-ya danışan kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmlinin sözlərinə görə, idxaldan asılılığı minimuma endirməyin yolu əkin sahələrində məhsuldarlığı artırmaqdır: “Bütün dünya kənd təsərrüfatını artıq intensiv yolla inkişaf etdirir. Məhsuldarlıq Avropa ölkələrində 60 sentnerdən artıqdır, Misirdə 70 sentnerə, Özbəkistanda 50 sentnerə yaxındır. Azərbaycanda isə “prepiska” ilə 30 sentnerə qaldırıblar. Azərbaycanın torpaq-iqlim şəraiti Misirdən də, Avropa ölkələrindən də daha çox münbitdir. Bizdə günəşli günlərin sayı çoxdur. Eyni zamanda torpaq-iqlim şəraiti, su resursu bizim tələbatdan yeddi dəfə çoxdur. Yəni Azərbayacanda məhsuldarlığı artırmaq lazımdır”.

Həmsöhbətimiz deyib ki, idxaldan asılılığın səbəbi Kənd Təsərrüfatı Nazirliyinin bu istiqamətdə işləri düzgün qura bilməməsindədir: “Məhsuldarlığı artırmaqla indi əkin həyata keçirilən 650 min hektarlıq sahədən ölkənin tələbatından əlavə də 700-800 min ton buğda istehsal etmək olar. Bunu isə Kənd Təsərrüfatı Nazirliyi təşkil edə bilmir. Bu istiqamətdə strategiya qura, dövlət proqramı hazırlaya bilmir. Sahədə müəyyən problemlər var, onları asanlıqla həll etmək olar, amma onlar bunu bacarmırlar. Qeyri-peşəkar olduqlarından, sahəni bilmədiklərindən insanları da, mətbuatı da yanlış istiqamətə yönəldirlər”.

“Bu sahədə gərək peşəkarlar çalışsınlar. Digər adını çəkdiyimiz ölkələr bir yana, elə Özbəkistan səviyyəsində məhsuldarlığı artıra bilərik. Özbəkistanda bu sahədə peşəkarlar çalışırlar. Bizdə isə nazir və nazir müavini hüquqşünasdır, digəri politoloqdur və s. Taxılçılıqda olan su problemini aradan qaldırmaq üçün hansı işlər görülüb? Bizim istehsalçılar deyirlər ki, keyfiyyətsiz buğda toxumundan istifadə edirlər, suvarma suyu kifayət qədər deyil. Ölkəyə gətirilən gübrənin keyfiyyətinin yaxşılaşdırılması üçün nələr ediblər? İrana göndəririk, məlum olur ki, ölkəyə gətirilən gübrənin keyfiyyəti aşağıdır”, – deyə Məhərrəmov bildirib.

 

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Müşfiq Cəfərov isə AYNA-ya açıqlamasında söyləyib ki, idxaldan asılılığı azaltmaq üçün zaman lazımdır: “Qiymət artımının qarşısını almağın çıxış yolu idxaldan asılılığı azaltmaqdır. Bunun üçün də müəyyən zamana ehtiyac var. İstər müəyyən ərazilərin taxıl əkininə istiqamətləndirilməsi, istərsə də bizim sahələrdə yüksək məhsuldarlıq verən növlərin təbii şəraitə uyğunlaşdırılması və s. davamlı prosesdir. Bunu qısa zaman ərzində həyata keçirmək mümkün deyil”.

“Torpağın məhsuldarlığı bu prosesdə kifayətedici amil deyil. Torpağın məhsuldarlığı ilə yanaşı toxumluq taxıl məhsullarının digər ölkələrdən idxal olunsa belə, sonradan bizim müxtəlif elmi tədqiqat institutları vasitəsilə torpağa adaptasiya olunması və adaptasiya hesabına yüksək məhsuldarlıq verən növlərin inkişaf etdirilməsi müəyyən proseslər zəncirinin tərkib hissəsidir. Burada iqtisadi yanaşmaların da önəmi var. Yəni idxalın minimuma edirilməsi üçün müəyyən vaxt lazımdır ki, istədiyimiz nəticəni alaq. Hazırdakı tablo odur ki, müəyyən qədər istehsalımız varsa da, idxala da ehtiyacımız var. İdxala da ehtiyacımız olduğunda təbii ki, dünya bazarında gedən proseslər də Azərbaycana təsirsiz ötüşmür”, – deyə deputat vurğulayıb.

Müsahibimiz bütün ölkələr üçün ən əsas təhlükəsizlik prinsiplərindən birinin ərzaq təhlükəsizliyinin təmin olunması olduğunu qeyd edib: “Azərbaycan da ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlar atıb. Cənab Prezidentin bu sahədə müvafiq göstərişləri olub, müəyyən proqramların icrası həyata keçirilib. Lakin sovet dövrü də daxil olmaqla müxtəlif zamanlarda, demək olar ki, həmişə Azərbaycana taxıl idxalı olub. Bu, bəzi zamanlarda az, bəzi zamanlarda çox olub. Hazırda bizim əhalinin artım sürəti də kifayət qədərdir. Diqqət etsək, digər ölkələrə nisbətən demoqrafik vəziyyət müsbət istiqamətdə davam edir”.

“Xalqımızın özünəməxsus qidalanma mədəniyyəti var. Bizdə taxıl məhsulları müqəddəs nemət kimi qəbul olunur və məsələn, Avropa ölkələri ilə müqayisədə istehlakı da kifayət qədər çoxdur. Bu baxımdan davamlı şəkildə idxaldan asılılıq bizdə var. İndi də müəyyən qədər taxıl ehtiyatlarını öz imkanlarımız hesabına bərpa etməyə çalışsaq da, yenə idxaldan asılılığımız var. Ona görə də dünya bazarındakı dalğalanmalar, qiymət oynamaları bizə də təsir edir”, – deyə Cəfərov fikrini yekunlaşdırıb.

  •  (0)
  •  (0)