Ölkəmizdə təhsil sahəsində həyata keçirilən səmərəli tədbirlər qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verirbackend

Ölkəmizdə təhsil sahəsində həyata keçirilən səmərəli tədbirlər qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verir

 Bakı Ali Neft Məktəbinin rektoru, YAP Siyasi Şurasının üzvü Elmar Qasımov

– Elmar müəllim, söhbətimizə əvvəlcə günümüzün aktual və qlobal xarakterli problemi olan koronavirus pandemiyasına qarşı mübarizə məsələsi ilə əlaqədar sualla başlamaq istərdik. Bu istiqamətdə dünya təcrübəsi və Azərbaycan nümunəsi nəyi ifadə edir, hazırkı pandemiya şəraitinin əks etdirdiyi reallıqlar nədən ibarətdir?

– Həqiqətən də, koronavirus pandemiyasına qarşı mübarizə milli, regional və qlobal səviyyədə ən aktual məsələlərdən biridir desək, heç də yanılmarıq. Çünki artıq müəyyən müddətdir ki, bəşəriyyət yeni növ koronavirus (COVID-19) infeksiyası adlandırılan “gözəgörünməz düşmən”lə faktiki müharibə vəziyyətindədir. Pandemiya şəraitinin ümumi mənzərəsi vəziyyətin heç də qənaətbəxş olmadığını göstərir, başqa sözlə, qlobal miqyasda kifayət qədər mürəkkəb situasiya hökm sürür. Biz bir çox inkişaf etmiş ölkənin ciddi səhiyyə problemləri və sosial-iqtisadi tənəzzüllə qarşılaşdığını görürük. Həm milli, həm də beynəlxalq təhlükəsizlik məsələsi olan, ölkələr səviyyəsində və qlobal müstəvidə zəruri resursların mübarizəyə səfərbər edildiyi pandemiya şəraiti, eyni zamanda, dövlətlərin milli gücünü və xalqların spesifik xüsusiyyətlərini bir daha nümayiş etdirdi. Bu kontekstdə Azərbaycan təcrübəsinə nəzər saldıqda müsbət, mütərəqqi və təqdirəlayiq nümunənin şahidi oluruq. Təsadüfi deyil ki, Azərbaycanın pandemiya ilə mübarizə təcrübəsi həm ölkə daxilində, həm də beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış minnətdarlıq məktublarında vətəndaşlar dövlətimizin pandemiya ilə mübarizəsini, həm əhalinin sağlamlığının qorunması, həm də sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl, məqsədyönlü və zəruri təxirəsalınmaz tədbirlərin xüsusi əhəmiyyətə malik olduğunu bildirirlər. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının Baş katibinin Prezident İlham Əliyevə göndərdiyi məktubda Azərbaycanın COVID-19 ilə mübarizə təcrübəsi, milli resurslardan səmərəli istifadə olunması təqdir olunur. Bu, həm də onunla əlaqədardır ki, Azərbaycan pandemiyanın ilk günlərindən ÜST ilə sıx əməkdaşlıq edir və qurumun tövsiyələrini yerinə yetirir. Bu səbəbdən ÜST Azərbaycanı pandemiyaya qarşı nümunəvi mübarizə aparan ölkə kimi qiymətləndirib. Bütövlükdə isə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir.

Çox vacib bir məqamı da qeyd etmək istəyirəm. Bu, pandemiya şəraitində həyat tərzi və müxtəlif sahələrdə fəaliyyət formasının çox ciddi dəyişikliklərə məruz qalmasıdır. Profilaktik və təhlükəsizlik – qorunma  məqsədilə bir çox qaydalara riayət olunması zəruri hesab edilir ki, bunlardan biri təmas etməmək və  sosial məsafə tələbinə əməl etməkdir. Bu səbəbdən ayrı-ayrı sahələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından yararlanmaqla onlayn formatda fəaliyyət qurulur. Bu sahələrdən biri təhsil sektorudur. İstər dərslərin, imtahanların videoformatda keçirilməsi, istərsə də zəruri texnoloji vasitələrin tədris prosesinə cəlb olunması bu kontekstdə mühüm əhəmiyyətə malikdir. Elə Bakı Ali Neft Məktəbi də müasir texniki – texnoloji imkanlardan yararlanmaqla tədris prosesinin sənərəliliyini təmin edir.

– Yeri gəlmişkən, yeni il dərs ilinin başlanacağı tarix ərəfəsindəyik. Ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz və gözləntiləriniz nədir?

– Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, təhsil hər bir millətin gələcəyidir. Prezident İlham Əliyev vurğulayıb ki, hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır.

Həqiqətən də, təhsil sektoru strateji əhəmiyyətə malik olan bir sahədir. Bunu həm dünya miqyasında ayrı-ayrı dövlətlərin, həm də Azərbaycanın təcrübəsi aydın şəkildə nümayiş etdirir.  Bu istiqamətdə də ölkəmizin nümunəsi qabaqcı model kimi səciyyələndirilir. Bunu şərtləndirən ən mühüm amil dövlətin təhsilin inkişafına göstərdiyi davamlı diqqətdir. Təsadüfi deyil ki, son illər ərzində Azərbaycanda davamlı dövlət dəstəyi sayəsində təhsilin maddi-texniki bazası möhkəmləndirilib, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib. Bu dövrdə respublikamızda yüksək səviyyəli təhsil infrastrukturunun yaradılmasına dövlət tərəfindən böyük həcmlərdə maliyyə vəsaiti yönəldilib. Eyni zamanda, ölkəmizdə təhsil infrastrukturunun yenilənməsinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz töhfəsini verir. Fond tərəfindən reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yaxud əsaslı şəkildə yenidən qurulub. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqları, emalatxanalar, idman zalları və geniş meydançalar, eləcə də avtonom istilik sistemi yaradılıb. Ulu Öndərimizin adını daşıyan Fond həmçinin “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları çərçivəsində də ölkəmizdə təhsil infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulmasına özünün sanballı töhfələrini verir.

Bütövlükdə, yeni tədris ilinə yüksək infrastruktur təminatı və təhsilin davamlı inkişafı şəraitində başlayırıq. Son günlər bir sıra ali məktəblərin yeni korpuslarının açılışını da müşahidə edirik ki, bu da bəhs olunan sahədə qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün olduqca böyük önəm kəsb edir.

– Elmar müəllim, təhsilin inkişafı ilə paralel olaraq ölkəmizdə qara qızılın intellektual kapitala çevrilməsi və gənclərin milli ruhda tərbiyəsi də daim diqqət mərkəzindədir. Bu barədə nə deyə bilərsiniz?

– Bəli, Azərbaycanda təhsilin inkişafı kontekstində müəyyənləşdirilmiş başlıca strateji vəzifələr sırasında bu iki istiqamət, yəni qara qızılın intellektual kapitala çevrilməsi və gənclərin milli ruhda tərbiyəsi xüsusi yer tutur. Bununla bağlı həyata keçirilən məqsədyönlü tədbirlər isə ardıcıl xarakter daşıyır, sistemlidir və konseptual əsaslara söykənir.  Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasının yüksək səviyyədə təmin olunması, həmçinin. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müvəffəqiyyətlə tamamlanması, yeni “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın qəbul olunması və hazırda bu proqramın da ardıcıl olaraq yerinə yetirilməsi bu baxımdan xüsusi vurğulanmalıdır.

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi də xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin “Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır” fikri  bu istiqamətdə həyata keçirilən siyasətin əsaslarını və mahiyyətini daha yaxşı anlamağa imkan verir. Ümumiyyətlə, sevindirici haldır ki, Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərin daşıyıcısı kimi ölkəmizin inkişafında, milli həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır. Ölkə gəncləri, həmçinin yüksək vətənpərvərlik ruhuna malikdir və həmrəylik nümayiş etdirməyi bacarır. Biz bunu iyulun 12-də dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın hərbi təxribatı zamanı baş verən hadisələrin fonunda bir daha müşahidə etdik.  Azərbaycan cəmiyyəti, o cümlədən gənclərimiz öz dövlətinə, Ali Baş Komandanına və ordumuza qətiyyətli dəstək ifadə etdilər, torpaqlarımızın azad olunması uğrunda döyüşə hazır olduqlarını birmıənalı şəkildə bildirdilər. Eyni zamanda,  cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin çağırışına qoşulan gənclərimiz könüllü olaraq cəbhəyə getmək və düşmənə qarşı vuruşmaq istəklərini bildirdilər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müvafiq qaydada müraciət etdilər. Bu, təbii ki, qürurverici hal – təqdirəlayiq nümunədir.

– Yeri gəlmişkən, siz Azərbaycan cəmiyyətinin məlum hadisələr zamanı dövlətə qətiyyətli dəstəyindən bəhs etdiniz. Bu kontekstdə siyasi partiyaların mövqeyini xüsusi vurğulamaq olar. Bununla bağlı nə düşünürsünüz?

– Bilirsiniz ki, ölkəmizdə davamlı inkişafa xidmət edən kompleks islahatlar həyata keçirilir. Ardıcıl xarakter daşıyan institusional və struktur islahatlarının tərkib hissəsi kimi Prezident Administrasiyasında yaradılan Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyətə başlamasından dərhal sonra hakimiyyət tərəfindən parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrlə dialoq prosesinə start verilməsi, paralel olaraq yeni siyasi partiyaların qeydiyyatdan keçməsi siyasi sistemdə plüralizmin güclənməsini, yeni siyasi konfiqurasiyanın formalaşmasını və ümummilli həmrəyliyin möhkəmlənməsini şərtləndirib. Ümumiyyətlə, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin Azərbaycanda fəaliyyət göstərək əksər partiya sədrləri ilə görüşlər keçirməsi siyasi proqressə aparan mühüm və zəruri təşəbbüs kimi  xüsusi əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, artıq iqtidar və müxalifət arasında yüksək səviyyədə dialoqun baş tutmasının şahidiyik. Ümumiyyətlə, belə görüşlərin, davamlı və səmərəli dialoq prosesinin  real nəticələrini milli məsələlərdə həmrəylik nümayiş etdirilməsi və vahid mövqedən çıxış edilməsi kontekstində görürük. Bu barədə konkret bir nümunə diqqətə çatdırmaq istəyirəm. Bilirsiniz ki, məlum hərbi təxribatların başladığı ilk günlərdə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar tərəfindən “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair” bəyanatı imzalandı. 43 siyasi partiyanın imzaladığı bəyanatda “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, Onun ətrafında sıx birləşdiyimizi bəyan edirik”,-deyə bildirilmişdi. Eyni zamanda, diqqətə çatdırılmışdı ki, möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda Onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik”. Ardınca daha 3 partiya Azərbaycan dövlətinə, Ali Baş Komandanımıza və milli ordumuza dəstək xarakterli bəyanatlarla çıxış etdilər. Bu, hər şeydən əvvəl, Prezident İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması istiqamətində həyata keçirdiyi siyasətə birmənalı dəstəkdir, düşmənə qarşı ümumi mövqedir. Eyni zamanda, yuxarıda qeyd etdiyimiz kimi, əlverişli siyasi dialoq mühitinin real göstəricisidir.

Amma bütün bunlarla yanaşı, təəssüfləndirici məqamlar da var. Əfsuslar olsun ki, AXCP bəhs olunan bəyanata qoşulmayaraq tarixi məsuliyyətdən yayındı, antimilli mövqedən çıxış etdi, dövlətə və ordumuza dəstək nümayiş etdirmədi. Bu isə Ermənistanın maraqlarını və mövqeyini dəstəkləmək, düşmənlə sinxron hərəkət etməkdir.

Bütövlükdə, Azərbaycan cəmiyyətinin, o cümlədən siyasi proseslərdə fəal iştirak edən qüvvələrin milli həmrəylik nümayiş etdirərək dövlətə dəstək nümayiş etdirmələri Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan siyasətin həyata keçirilməsinin real nəticəsidir.

  •  (0)
  •  (1)