“Dünya bazarında neftin qiymətinin kəskin sürətdə aşağı düşməsi bir sıra amillərlər bağlıdır ki, bunların da başında təklifin tələbi üstələməsi dayanır”
Bu fikirləri Axeber.az-a politoloq Yusif Bağırzadə bildirib. O qeyd edib ki, bu gün dünya bazarında tələb olunandan artıq neft var.
“Səbəblərdən biri bundan ibarətdir ki, hələ ilin əvvəlində rəsmi Riyadın hasilat kəsintisinə getmək təklifinin Moskva tərəfindən qəbul edilməməsi Səudiyyə Krallığını bərk qəzəbləndirmiş və o, neft hasilatını artırmağa, məhsulunu real qiymətindən ucuza satmağa qərar vermişdi. Rusiyanın da buna seyrci qalmayaraq hasilatı maksimum səviyyədə artırması, bazara əlavə neft çıxarılmasına gətirib çıxarmış bu isə özlüyündə neftin qiymətlərinə təsir göstərmişdir. Aşağı qiymətlər isə o deməkdir ki, bəzi istehsalçılar gəlirdəki itkiləri azaltmaq üçün daha çox neft satmalıdırlar. Nəticədə bazara tələb olunandan artıq neft çıxarılır ki, bu da qiymətlərin daha da düşməsinə səbəb olur”.
Onun sözlərinə görə, ikinci səbəb koronavirus pandemiyası ilə bağlıdır: “İstehsal sahələrinin böyük əksəriyyətinin dayanması, karantin şərtlərinə uyğun olaraq aviareyslərin, nəqliyyat vasitələrinin hərəkətlərinin minimuma enməsi neftə qlobal gündəlik tələbin 25-35 milyon barel civarında azalmasına gətirib çıxarıb. Buna qarşılıq olaraq neft ölkələri hasilatlarını 10 milyon barel azaltmaq haqqında öhdəlik götürsələr də, hasilatın azaldılması həcmi təklif artıqlığını ortadan götürməyə kifayət etmir.
OPEC-in aylıq hesabatına görə, koronavirus epidemiyası ilə əlaqədar olaraq qlobal iqtisadiyyatın dayanması ilə neft tələbinin son 30 ilin ən aşağı səviyyələrinə düşə biləcəyi təxmin edilir. Üçüncü digər mühüm bir səbəb isə neft çənlərinin, neft ehtiyat anbarlarının dolması ilə bağlıdır. Bugünki məlumatlara görə, çənlərdəki neft həcmi 3,2 milyard barel ilə rekord səviyyəyə yüksəlib. Mütəxəssislər, bir neçə həftə ərzində dünyada neft çənlərinin tamamilə dolacağını proqnozlaşdırırlar ki, bu da öz növbəsində yaxın dövrlərdə neftin qiymətinin artacağı ehtimallarını sıfıra endirir”.
















