Nazirlər Kabinetindən Prezidentin təşəbbüsünə laqeyd münasibətbackend

Nazirlər Kabinetindən Prezidentin təşəbbüsünə laqeyd münasibət

2021-ci ilin noyabrında Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, bu ilin yanvarından kitab nəşri və satışı  Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib. Amma qanun qüvvəyə minsə də, faktiki icra olunmur.  Bu barədə “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu məlumat verib. 

Nazirlər Kabinetindən isə bildirirlər ki, qanunun qəbul edilməsi hələ heç nə demək deyil. Belə ki, hökumət bu dəyişiklik ilə bağlı hələlik Vergilər Nazirliyi və Gömrük Komitəsinə yazılı göstəriş göndərməyib. Hökumət rəsmilərinin sözlərinə görə,  onlar indi bunu etməyə hazırlaşırlar.

“Qanunda dəyişiklik aparılıb. Prezident bununla bağlı tapşırıq verib. Orada göstərilib ki, Nazirlər Kabineti üç ay ərzində təlimat hazırlayıb verəcək, sonra da qanun qüvvəyə minəcək. Artıq üç ay keçib, amma ortalıqda nə bir təlimat var, nə də qanuna dəyişiklik qüvvəyə minib. Biz xaricdən kitab və ya kağız gətizdiririk. Gömrük bizdən 18% ƏDV alır. Deyirik ki, niyə alırsız, axı qanunla bu qüvvədən düşüb. Deyirlər ki, bizə bu barədə hər hansı rəsmi göstəriş gəlməyib. Eyni şeyi Vergilər Nazirliyi də deyərək  ƏDV  ödəməyi tələb edir”, – Şahbaz Xuduoğlu bildirib.

Naşir məsələ ilə bağlı Baş nazir Əli Əsədova da müraciət ünvanlayıb.

“Əli Əsədova müraciət etdim ki, buna bir aydınlıq gətirilsin. Həmkarlarım da çıxılmaz durumdadır. Qanun tələb edir ki, biz ƏDV ödəməyək. Əlində səlahiyyəti olan strukturlar isə sanki güclə əlimizdən o 18% ƏDV-ni tutub alırlar. Bu da bizim üçün çox böyük məbləğ edir”, – Xuduoğlu qeyd edib.

Kitab satışı və idxalı zamanı ƏDV ödənişindən narazı olanlar arasında “Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli də var.

Onun sözlərinə görə, Vergilər Nazirliyi, Nazirlər Kabineti və Gömrük Komitəsinə dəfələrlə müraciət etsələr də  ƏDV ödəməyə məcbur edilirlər.

“Nazirlər Kabineti və Gömrük Komitəsi bizim müraciətlərimizə ümumiyyətlə cavab vermir. Vergilər Nazirliyi standart cavab verir ki, Nazirlər Kabinetinin təsdiq etməli olduğu hansısa siyahını gözləyirlər. Qanunda “icra orqanı tərəfindən təsdiqlənmiş kitab siyahısı” haqda kiçik bir qeyd göstərilib. Həmin siyahıda da anlaşılmazlıq var. Hər gün dünyada yüz minlərlə yeni kitab çap olunur. Nazirlər Kabineti onları necə “təsdiq edəcək” ki, hələ bizim məktublara cavab verməyə vaxtı yoxdur”, – o vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ildə kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunmasına dair Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı ölkə parlamentinə təklif göndərib.

Həmin il noyabrın 2-də siyahısını müvafiq icra hakimiyyəti orqanı təsdiq etdiyi KİV-in, dərslik komplektlərinin, elektron versiyalar istisna olmaqla kitabların idxalı və satışı ƏDV-dən azad edilib. Qanun layihəsinə görə, həmin mallarda (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışında, mətbu KİV məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətində (reklam xidmətləri istisna olmaqla) ƏDV ləğv edilib.

Məcəlləyə dəyişiklik edildikdən sonra Nazirlər Kabineti 2022-ci il yanvarın 15-də Azərbaycan Respublikası Təhsil Nazirliyi, İqtisadiyya Nazirliyi və Dövllət Gömrük Komitəsinə iki ay ərzində KİV, kitab və dərsliklərin siyahısı ilə bağlı təkliflər hazırlamağı tapşırıb. Bu nazirliklərin tapşırığı necə icra etməsi barədə açıq məlumat yoxdur. Bu  barədə  Nazirlər Kabineti də məlumat yaymayıb.

Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat, təhsil eksperti Etibar Əliyev Nazirlər Kabinetini aidiyyatı qurumlara tapşırıq verməyə, boşluğu aradan qaldırılmağa çağırır. Deputat bildirir ki, tezliklə qanunun icrası başlanmalıdır.

“Kitablarla bağlı ƏDV-nin ləğvinin ideya müəlliflərindən biri mənəm. Uzun illərdir ki, bu problem ilə mübazirə aparıram. Digər ölkələrdə olduğu kimi Azərbaycanda da bu ləğv olunmalı idi. Prezidentin bununla bağlı müvafiq tapşırığı da var. Biz ötən il Milli Məclisdə sözügedən qanun layihəsini təsdiqlədik. İndi isə qanun icra edilmir. Deputat həmkarlarıma da buradan səslənirəm. İmzaladığımız qanunların icrasına nəzarət etməliyik. Hazirki situasiyada naşirlərə həmrəylik nümayiş etdirməliyik. Çünki sözügedən vergi kitabların qiymətinə təsir edir. Kitaba maraq azalıbsa bəlkə də bunun bir səbəbi onun qiymətinin baha olmasıdır. Bir daha buradan deputat kimi çağırış edirəm ki, qanunu gecikdirməsinlər, ƏDV-dən azad olunması ilə bağlı müvafiq qurumlara tapşırıq verilsin. Bəlkə ƏDV-dən sonra insanların kitablara marağı da artar” , – o bildirib.

Deputat söylədi ki, Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi də müvafiq tapşırıqdan sonra bu məsələyə xüsusi diqqət ayırmalıdır.

Dövlət Gömrük Komitəsindən məsələyə münasibət öyrənmək mümkün olmadı.

Vergilər Nazirliyinin mətbuat xidmətindən  isə dedilər ki,  məsələ Nazirlər Kabinetinin səlahiyyətindədir.

Nazirlər Kabinetindən isə açıqlama verilib ki, kitab və kağız məhsullarının idxalının və satışının Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunmasına dair məsələ hazırda gündəmdədir. Hazırda proses öz həllinin son mərhələsindədir.

Bəs görəsən Nazirlər Kabineti lazım olan  göstərişi uyğun qurumlara  göndərəndən sonra sahibkaların artıq ödədiyi ƏDV onlara geri qaytarılacaqmı? Nazirlər Kabineti bu məsələyə aydınlıq gətirməyib. Amma ekspertlər bildirirlər ki,hər şey Nazirlər Kabinetinin uyğun qurumlara göndərdiyi göstərişdə məcəlləyə dəyişikliyin tətbiqi müddətinin hansı tarixdən göstərilməsindən asılıdır. Bu müddət Prezidentin təşəbbüsünə uyğun olaraq cari il yanvarın 1-dən göstərilsə sahibkarlar ödədikləri artıq vəsaiti geri ala biləcəklər.

Burada bir məqama da diqqət yetirmək lazımdır. Azərbaycanda yalnız dövriyyəsi 200 min manatdan artıq olan şirkətlər ƏDV ödəyir. Yəni bu dəyişiklik də ancaq iri nəşriyyat və  kitab satışı ilə məşğul olanlara aid olacaq.  Amma kiçik nəşriyyatlar da kağızı ƏDV ödəyicisi olan şirkətlərdən aldıqları üçün kağızın qiymətində olan 18%-lik ucuzlaşma istər-istəməz  dövriyyəsi kiçik olan kitab istehsalçılarının  çap elədiyi kitabların qiymətinə müsbət təsir edəcək.

  •  (0)
  •  (0)