Nazir məhkəmə qərarlarının icrasında ən problemli sahəni açıqladıbackend

Nazir məhkəmə qərarlarının icrasında ən problemli sahəni açıqladı

“Problemlərdən danışarkən, xüsusi olaraq alimentlərin ödənilməsi ilə bağlı fəaliyyətin üzərində dayanmaq istərdim. Təəssüf ki, bu qəbildən olan işlərin sayında xeyli artım müşahidə olunur, illik say artıq 100 minə çatıb. Burada söhbət cəmiyyətin ən həssas hissəsindən – uşaqlardan və analardan gedir, odur ki, məsələnin sosial əhəmiyyətini nəzərə alaraq bu işləri xüsusi nəzarətdə saxlayırıq, onların həllinin daha işlək mexanizmlərini tətbiq etməyə imkan verən qanunverici tədbirlər təşəbbüsü ilə çıxış edirik. Son il yarımda 130 milyon manatdan çox məbləğdə alimentin ödənişlərini təmin etmişik, ancaq hər bir uşağın hüququnun təminatı üçün özümüzdən asılı olan hər şeyi yerinə yetirməyə davam edirik. Ancaq bəzən obyektiv çətinliklərlə də qarşılaşırıq – məsələn, borclunun harada olması naməlumdur, yaxud ölkə hüdudlarından kənardadır və ya cəzaçəkmə müəssisəsindədir, əlilliyi var və sair”.

Hokm.az xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov haqqın.az-a müsahibəsində deyib.

Nazir qeyd edib ki, valideynlik borcunun qəsdən yerinə yetirilməməsi kimi vicdandan kənar nümunələr isə qəzəb doğurur: “Belə hallarda qanunun bütün gücü işə salınır və son 2 ilə yaxın dövrdə bu cür məsuliyyətsiz valideynlərə qarşı 400-ə yaxın cinayət işi qaldırılıb, istintaqın gedişində 600 min manatdan çox alimentin ödənilməsini təmin etməyə müvəffəq olunub. Ancaq fikrimcə, bu məsələdə yalnız məcburiyyət tədbirləri ilə kifayətlənmək olmaz”.

Onun sözlərinə görə, bu problem bütün dünyada, hətta ən inkişaf etmiş Qərb ölkələrində də aktuallığını saxlamaqdadır: “Ona görə də təəccüblü deyil ki, bu sahədə məsuliyyətin artması ilə yanaşı, bu cür borcluların ictimai qınağı ilə bağlı tədbirlər də görülür. Məsələn, ABŞ-da aliment ödəməkdən imtina edən şəxslər barəsində məlumatlar İnternetdə yerləşdirilir, fotoqrafiyaları bağlamalarda, kibrit qutularında və s. çap olunur, Latviya da özünəməxsus “rüsvayçılıq lövhəsi” mövcuddur: islaholunmaz borcluların hər biri haqqında məlumat İnternetdə dərc olunur, yaxud Ukraynada bu cür şəxslərin ictimai reyestri fəaliyyət göstərir və s.

Saytınızın geniş oxucu auditoriyasını nəzərə alaraq, hesab edirəm ki, ənənəvi olaraq ailə dəyərlərinin xüsusi əhəmiyyət kəsb etdiyi Azərbaycanda da insanlar heç bir direktiv gözləmədən bu çağırışa cavab verər, məsuliyyətsiz ataları qınayar, həmçinin ailələrin dağılmasında heç bir günahı olmayan köməksiz uşaqların taleyinə və rifahına tam biganəliklə yanaşan digər qohumları da mərhəmət hissinə çağıra bilərlər. Dünya ədəbiyyatının klassikinin söylədiyi kimi: “Bütün dünyanın xoşbəxtliyi məsum uşağın yanağındakı bircəcik göz yaşına dəymir”.

  •  (0)
  •  (0)