Müstəqillik zirvəsi – TAHİR BUDAQOV YAZIRbackend

Müstəqillik zirvəsi – TAHİR BUDAQOV YAZIR

Müasir, qüdrətli və qalib Azərbaycan reallığı

Bəşəriyyət tarixinin ayrı-ayrı dövrlərinə nəzər saldıqda görürük ki, hər bir mərhələdə xalqların milli mübarizəsinin əsas motivi və hədəfi müstəqillik qazanmaq, onu daimi etmək – qoruyub saxlamaq, güclü dövlət qurmaqdır. Bir çox xalqlar bu məqsədə nail olmuş, tarix və siyasət səhnəsində layiqli yer tutaraq özünəməxsus inkişaf yolunda addımlamaq hədəfinə çatmışlar. Lakin tarixin siyasi arxivə çevrilmiş bəzi səhifələri müstəqillik uğrunda və yolunda mücadilə aparmış bir sıra xalqların uğursuzluq nümunələri ilə zəngindir. Xalqın istiqlal ideyası və iddiasının boğulması, qazanılmış müstəqilliyin sonradan itirilməsi, suverenliyin bərpa oluna bilməməsi kimi hallar bu qəbildən olan nümunələr sırasında yer alır.

Çoxəsrlik dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının isə istiqlal ideyasının izində – müstəqillik məfkurəsi uğrunda milli mübarizəsi həm rəngarəng, həm keşməkeşli, həm də şərəfli və qürurlu anlarla, tarixi məqamlarla zəngindir. Bir əsrdə iki dəfə istiqlaliyyətə qovuşmağa müvəffəq olmuş xalqımızın birinci müstəqil dövlətçilik təcrübəsi 1918-1920-ci illər aralığında 23 aylıq dövrü əhatə etsə də, Şərqdə ilk demokratik respublika və müsəlman dünyasında ilk dünyəvi dövlət qurmağa nail olmaq tarixin ictimai-siyasi yaddaşına əbədi həkk olunmaq deməkdir. Bu, həmçinin xalqımızın tarixi və milli-siyasi sərvəti, gələcək nəsillərə ötürülən tükənməz mirasıdır. Ən mühüm və milli iftixar mənbəyi qismində çıxış edən müstəsna strateji və mənəvi-siyasi hadisə isə XX yüzilliyin sonunda müstəqilliyi bərpa etmək, onun daimiliyinə, dönməzliyinə və əbədiliyinə müvəffəq olmaqdır.

Gerçək müstəqilliyin qazanılması və milli tərəqqi yolunda inamlı addımlar

XXI əsrdə müstəqillik, suverenlik anlayışları fərqli məzmun və mahiyyət kəsb edir. Kağız üzərində, hüquqi cəhətdən, formal (de-yure) müstəqilliyə malik olan ölkələr heç də həmişə suveren dövlət kimi səciyyələndirilmir. Suverenlik, əsas etibarilə, müstəqil siyasət həyata keçirmək, daxili və xarici siyasətdə hakim, üstün iradəyə və mövqeyə sahib olmaq, qlobal arenada beynəlxalq proseslərə təsir imkanlarına malik olmaq qabiliyyəti ilə ölçülür.

Azərbaycanın müstəqilliyinin bərpası 1991-ci ilin 18 oktyabr tarixində elan edilsə də, formal xarakter daşıyırdı. Yəni kağız üzərində – hüquqi cəhətdən müstəqillik bəyan olunmuşdu, lakin faktiki suverenlikdən söhbət gedə bilməzdi. Çünki həmin dövrdə Azərbaycan müstəqil siyasət həyata keçirmir, ayrı-ayrı regional güc mərkəzlərinin diktəsi ilə və təsiri altında hərəkət edir, bölgədə və dünyada cərəyan edən geosiyasi və geoiqtisadi proseslərdə fəal iştirak edə bilmirdi. Ölkədaxili siyasi proseslərin xarici qüvvələrin ssenariləri və planları əsasında cərəyan etməsi isə Azərbaycanın öz milli maraqlarını qoruya bilməyən zəif dövlət kimi tənəzzülünü, xaos, anarxiya və böhran şəraitində çöküşünü şərtləndirirdi. Vətəndaş qarşıdurması ilə üzləşən, regiondakı proseslərdən təcrid durumuna düşərək siyasi autsayderə çevrilən Azərbaycan üçün bütün yolların geosiyasi iflasa aparması isə formal xarakter daşıyan müstəqilliyin itirilməsi təhlükəsinin yaranması demək idi. Bu mürəkkəb şərait və şərtlər fonunda torpaqlarımızın Ermənistan tərəfindən ard-arda işğal edilməsi isə növbəti milli faciə və fəlakətlərə yol açırdı. Belə olan halda “ya olum, ya ölüm” dilemması qarşısında qalan Azərbaycan xalqı düzgün mənəvi-siyasi seçim etməklə təkcə ölkənin xilasına, intibah, inkişaf, rifah və tərəqqi yoluna çıxmasına deyil, eyni zamanda respublikamızın əsl müstəqillik qazanmasına nail oldu. Söhbət zəngin dövlətçilik təcrübəsinə malik olan, Azərbaycan xalqı, dövləti qarşısında misilsiz xidmətlər göstərmiş, müxtəlif rəhbər vəzifələrdə fəaliyyəti zamanı vətənpərvərlik və millilik nümunəsi yaratmış Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsindən, ölkəmizi siyasi təlatümlərdən, iqtisadi böhrandan, regional təcrid vəziyyətindən xilas edərək tərəqqi yoluna çıxarmasından, güclü – qüdrətli və nüfuzlu dövlətə çevirməsindən gedir.

Əlbəttə, xalqın Heydər Əliyevə dərin inamı və böyük ümidi təsadüfi deyildi, reallıqlara əsaslanırdı, Ulu Öndərin xalqımız qarşısındakı tarixi xidmətlərindən qaynaqlanırdı. Ümummilli Lider o zamana qədər fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli həmrəyliyin təmin olunmasına, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görmüş, böyük tarixi nailiyyətlərə imza atmışdı. 1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Ümummilli Lider Heydər Əliyev hələ SSRİ dövründə milli-mənəvi dəyərlərimizin, dilimizin qorunub saxlanılması, respublikamızın perspektiv inkişafı üçün möhkəm təməllər yaratmağa müvəffəq olmuşdu. 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsaslarını yaratmışdı. Ümummilli Lider Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin Sədri seçildikdən sonra atdığı addımlar da xalqımızın gələcəyə yeni və mütərəqqi baxışının formalaşmasında, müstəqillik ideyasının əxz olunmasında və mənimsənilməsində, milli həmrəyliyin təmin edilməsində xüsusi rol oynamışdı. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısının Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etməsi, Ümummilli Liderin ziyalılara göndərdiyi cavab məktubunda partiyanın yaradılmasına və ona rəhbərlik etməyə razılıq verməsi də müasir Azərbaycanın inkişaf yoluna çıxmasına, xalqımızın parlaq gələcəyinin formalaşdırılmasına zəmin yaratmışdı. Ümummilli Lider Heydər Əliyev zəngin dövlətçilik və idarəetmə təcrübəsinə malik olan təcrübəli şəxsiyyət kimi Azərbaycanın qarşısında duran strateji vəzifələri çox yaxşı bilirdi və buna görə də dövrün reallıqları, qanunauyğunluqları, milli və qlobal çağırışları əsasında inkişaf paradiqmalarını olduqca dəqiq müəyyənləşdirdi. Milli maraqlardan irəli gələn strateji vəzifələrin uğurla reallaşdırılması nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkəyə çevrildi, yaxud de-fakto müstəqillik təmin olundu. Sabitlik və təhlükəsizliyin təmin olunması, xarici dövlətlər və şirkətlərlə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın qurulması, ikitərəfli münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirilməsi, beynəlxalq təşkilatlarda fəallığın təmin olunması və digər mühüm addımlar Azərbaycanın regionda yerinin möhkəmlənməsini, rolunun artmasını, qlobal siyasi arenada isə imkanlarının genişlənməsini təmin etdi. Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrildi, istər regional, istərsə də qlobal məsələlərdə respublikamızın mövqeyi nəzərə alınmağa başlandı. Beynəlxalq ictimai rəydə Azərbaycan haqqında müstəqil və milli maraqlara əsaslanan siyasət həyata keçirən, güclü və xarizmatik lideri olan, ümummilli məsələlərdə prinsipial mövqedən çıxış edən qüdrətli dövlət obrazı formalaşdı. Beləliklə, Azərbaycanın dostlarının və tərəfdaşlarının sayı artdı, strateji əlaqələri gücləndirildi ki, bu da ölkəmizə prinsipial milli məsələlərdə, o cümlədən artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində beynəlxalq müstəvidə mənəvi-siyasi dəstək verilməsi baxımından mühüm amil oldu.

Beləliklə, Ulu Öndərin əsl müstəqillik qazanmaq, dövlətçilik ənənələrini bərpa etmək və inkişafa nail olaraq sabaha inamla addımlamaq missiyasını öz üzərinə götürməsi ilə Qurtuluşdan tərəqqiyə, tərəqqidən Zəfərə aparan yolun əsası qoyuldu. Müstəqillik dövrünün sabitlik və inkişaf mərhələsi kimi səciyyələndirilən 1993-2003-cü illərdə Ulu Öndərin rəhbərliyi ilə görülən işlər milli-strateji hədəflərə çatmağa imkan verməklə yanaşı, yeni Azərbaycanın parlaq gələcəyini inşa etdi. Bütövlükdə, Azərbaycan tarixinin müstəqillik zirvəsi bilavasitə Ümummilli Liderin adı, siyasəti və ideyaları ilə bağlıdır. Heydər Əliyev siyasəti çoxəsrlik tarixə əsaslanan milli dövlətçiliyimizin və dövlət müstəqilliyimizin inkişaf salnaməsidir.

Siyasi varisliyin təmin olunması – Heydər Əliyev ideyalarının təntənəsi

Ulu Öndər həmçinin siyasi varisliyi təmin etməklə Azərbaycanın müstəqil dövlətçilik ənənəsinin qorunmasına – ölkəmizin suveren dövlət kimi davamlı inkişafına müstəsna töhfələr verib. Bu gün Azərbaycanın inamlı, dinamik və dayanıqlı inkişafı, müstəqilliyini möhkəmləndirərək yeni strateji zirvələr fəth etməsi Heydər Əliyev siyasətini yeni müstəvidə davam etdirən dünya şöhrətli siyasətçi cənab İlham Əliyevin adı ilə bağlıdır.

Ümumiyyətlə, Prezident İlham Əliyevin adı və fəaliyyəti həm daxili, həm də beynəlxalq ictimai rəydə milli tərəqqi anlayışı ilə assosiasiya olunur. Ona görə ki, cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 18 ildə Azərbaycan inkişafın zirvəsinə çataraq tərəqqiyə nail olub, nümunəvi iqtisadi inkişaf modeli ilə dünyanın diqqətini özünə cəlb edib. Heç də təsadüfi deyil ki, dünyanın prestijli analitikləri, nüfuzlu ekspertləri və mötəbər strateji tədqiqat mərkəzləri, aparıcı reytinq institutları Azərbaycanın inkişaf modelini mütərəqqi nümunə kimi səciyyələndirir və ölkəmizin gələcəyinə dair pozitiv rəy, nikbin proqnoz ifadə edirlər. Bu isə müstəqil ölkəmizin gələcəyinə obyektiv baxışın, yaxud Azərbaycan reallığının ifadəsidir.

Xalq-Lider birliyi – müstəqilliyin qarantı

Prezident İlham Əliyev dövlət müstəqilliyini milli-siyasi sərvət, onun qorunmasını isə strateji vəzifə kimi dəyərləndirir. Dövlət başçısı “Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm” deyə bildirib. Heç şübhəsiz, onun uğurlu fəaliyyəti dövlətçilik ənənələrinin qorunmasını, tarixi dəyərlərlə müasir çağırışların uzlaşdırılmasını təmin etməklə dövlət müstəqilliyinin möhkəmləndirilməsinə xidmət göstərir. Bu kontekstdə bir sıra mühüm məqamlara xüsusi nəzər salmaq məqsədəmüvafiq olar:

– Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf diyarına çevrilib. XXI əsrdə dünyanın bir sıra ölkələrində çevrilişlərlə, inqilablarla müşayiət olunan xaos və anarxiya halları, sosial-iqtisadi və siyasi kataklizmlər müşahidə edilib. Həmin ölkələrin bir çoxu hələ də tənəzzül və böhrandan xilas ola bilməyiblər, yeni müstəmləkəyə və qarşıdurma məkanına çevriliblər. Azərbaycan reallığı isə fərqlidir. Ölkəmizdə sabitliyin təminatçısı xalq-iqtidar birliyi, liderin xalqın maraqlarına, rifahına və mənafeyinə əsaslanan siyasəti, xalqın isə öz liderini qətiyyətlə dəstəkləməsidir. Prezident İlham Əliyev “Azərbaycan sabitlik məkanı kimi inkişaf edir. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan xalqının iradəsi Azərbaycanda sabitliyin əsas təminatçısıdır. Xalq tərəfindən bizə göstərilən dəstək, bizim siyasətimizə verilən yüksək qiymət həm bizi daha da ruhlandırır və eyni zamanda ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir” deyə söyləyib. O da xüsusi olaraq vurğulanmalıdır ki, dünyada tolerantlıq nümunəsi, multikulturalizm ünvanı kimi səciyyələndirilən ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində mehriban birgəyaşayışa malikdirlər. Cəmiyyətin ahəngdar inkişafına, dövlətin isə qüdrətinin artmasına xidmət edən bu reallıq həm də milli həmrəyliyin təminatçısıdır. Azərbaycanın adının dünya siyasi tarixinə qalib ölkə kimi yazılmasını, tarixi ədalətin, milli ləyaqətin və milli qürurun bərpasını təmin edən 44 günlük Vətən müharibəsində qazanılmış qələbədə milli həmrəylik amilinin yeri və rolu müstəsnadır;

– Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini təmin edən mühüm faktorlardan biri inkişafın milli modelinin – yeni iqtisadi möcüzənin yaradılmasıdır. Son 18 ilin göstəriciləri makroiqtisadi sabitliyə nail olan Azərbaycanın innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan əsas hədəfləri uğurla reallaşdırdığını təsdiqləyir. Ümumi daxili məhsul (ÜDM) istehsalının artım göstəriciləri də bu reallığın ifadəsidir. Belə ki, Azərbaycanda sözügedən dövrdə müşahidə olunan ÜDM-nin 3,2 dəfəlik artımı dünya üzrə ən yaxşı göstəricilərdəndir. Digər mühüm faktor Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli olmasıdır. Son 18 ildə Azərbaycana daxili və xarici mənbələrdən 274 milyard dollar investisiya yönəldilməsi isə iqtisadi inkişafın davamlılığını təmin edən mühüm faktorlardan biridir. Azərbaycanın nümunəvi iqtisadi inkişaf modelinin mühüm komponentləri sırasında respublikamızın strateji valyuta ehtiyatlarının mütəmadi olaraq artması, son olaraq 51,2 milyard dollara çatması da xüsusi yer tutur. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycanın MDB məkanında birinci yerdə olması və digər faktlar, nailiyyətlər iqtisadi müstəqilliyi gücləndirən və beləliklə də, siyasi suverenliyin əsaslarını möhkəmləndirən amillərdəndir. Azərbaycan Prezidenti cənab İlham Əliyev “Əgər bizim iqtisadiyyatımız kənar dairələrdən asılı olsaydı, biz uğurlu siyasi kurs icra edə bilməzdik. Bizim siyasi müstəqilliyimizin, o cümlədən xarici siyasətdə apardığımız prinsipial mövqeyin əsas baza prinsipi iqtisadi müstəqilliyimizdir. Mən Prezident kimi ilk illərdən iqtisadi müstəqilliyə nail olmaq üçün çalışmışam, müvafiq göstərişlər vermişəm. Bu gün Azərbaycan iqtisadi baxımdan, o cümlədən siyasi baxımdan heç kimdən, heç bir ölkədən asılı deyil, prinsipial müstəqil siyasət aparır, o siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir. Azərbaycan xalqının maraqlarını, dövlət maraqlarını bütün beynəlxalq tribunalardan müdafiə etmək üçün əlbəttə ki, bizim iqtisadi imkanımız olmalıdır”, – deyə vurğulayıb. Sadalananlarla yanaşı, mərkəzində Azərbaycan vətəndaşlarının rifahının və mənafeyinin dayandığı nümunəvi sosial siyasətin həyata keçirilməsi – vətəndaş məmnunluğunun artırılması, regionların sosial-iqtisadi konsepsiyasının uğurla reallaşdırılması və digər mühüm faktorlar ölkənin etibarlı və dayanıqlı müstəqillik zəminində sosial-iqtisadi yüksəlişinə əlavə təkan olub;

– Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan xarici siyasəti Azərbaycanın regional liderə – bölgədə güc mərkəzinə, dünya siyasətində qüdrətli və nüfuzlu milli subyektə çevrilməsinə səbəb olub. Azərbaycanın təşəbbüsü və liderliyi ilə mühüm nəqliyyat və enerji layihələrinin reallaşdırılması, üçtərəfli, dördtərəfli formatda əməkdaşlıq platformalarının yaradılması ölkəmizə mühüm iqtisadi mənfəət və siyasi dividendlər qazandırıb. Respublikamızın, həmçinin beynəlxalq təşkilatlarda uğurla təmsil olunması və sədrlik etməsi Azərbaycana, şəxsən cənab İlham Əliyevə olan böyük inam və etimadın ifadəsi, dövlətimizin geostrateji prestijinin göstəricisidir. Bununla yanaşı, nüfuzlu idman, mədəniyyət tədbirlərinin, qlobal humanitar və dini forumların, güc mərkəzlərinin səlahiyyətli şəxslərinin strateji görüşlərinin Azərbaycanda keçirilməsi ölkəmizin qarşıdurma və toqquşma deyil, dialoq və əməkdaşlıq məkanı – inteqrasiya platforması olduğunu, Şərq ilə Qərb arasında mənəvi-siyasi körpü yaradan respublikamızın sivilizasiyalararası dialoqa mühüm töhfələr vediyini təsdiqləyir. Bütün bu faktlar isə güclü – qüdrətli Azərbaycan imici, qürurlu vətəndaş obrazı və qətiyyətli lider imzasıdır!

Əlbəttə, Prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin əsaslarının gücləndirilməsi ilə bağlı fəaliyyətindən bəhs edərkən bir çox məsələ və istiqamətlərə nəzər yetirmək olar və bu kontekstdə çoxsaylı nümunələr gətirmək mümkündür. Amma təkcə bu sadalananlar da deməyə əsas verir ki, Azərbaycan Prezidentinin müstəqil siyasəti daxili və xarici siyasətdə mühüm, tarixi nailiyyətlər qazanılmasını, yeni Azərbaycanın daimi yüksəlişini təmin edir.

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli, ali dəyərlərə, milli maraqlara əsaslanan fəaliyyəti Azərbaycanın tərəqqisinə, qarşıda duran strateji hədəflərə çatmağa əhəmiyyətli töhfədir. Mehriban xanım Əliyevanın fəal təşəbbüsləri əsasında reallaşdırılan layihələr Azərbaycan dövlətinin milli gücünün artmasında, müxtəlif sahələrdə davamlı uğurlar qazanılmasında, ən əsası, müstəqilliyimizin möhkəmləndirilməsində mühüm rola malikdir.

Möhtəşəm Qələbə – xalqımızın çoxəsrlik dövlətçilik tarixinin şanlı qürur səhifəsi və zirvə hadisəsi

Həm müstəqillik dövrünün, həm də xalqımızın çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin zirvə hadisəsi – ən parlaq səhifəsi Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpasına nail olunmasıdır. Bu, müstəsna siyasi hadisə və dövlətçilik tariximizdə bənzəri olmayan Zəfər salnaməsi – Qələbə dastanıdır, həmçinin Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin böyük siyasətinin real nəticəsidir.

Mürəkkəb geosiyasi şəraitdə, dünya siyasətində toqquşan və kəsişən strateji maraqların fonunda Azərbaycanın torpaqlarının işğaldan azad edilməsinə müvəffəq olmaq sadə və sıradan məsələ deyil. Doğrudur, torpaqlarımız döyüş meydanında Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun erməni faşizmini məhv etməsi, işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olunub. Lakin məsələnin mahiyyəti, məzmunu daha dərin və genişdir. Belə ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi müstəqillik illərində həyata keçirilən uğurlu, rasional, milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara müvafiq strateji kursun real – məntiqi nəticəsidir. Azərbaycanın hərbi gücünün, iqtisadi potensialının, qlobal arenada siyasi nüfuzunun və çəkisinin artması – beynəlxalq mövqeyinin möhkəmlənməsi ərazi bütövlüyünün bərpasında həlledici amil olub. Prezident İlham Əliyevin inkişafa, intibaha, tərəqqiyə və qələbəyə hədəflənən siyasəti sayəsində Azərbaycanın iqtisadi müstəqilliyi tam təmin edilib, ölkənin maliyyə imkanları genişlənib. Paralel olaraq ordu quruculuğu strategiyasının müvəffəqiyyətlə icra olunması, müasir standartlar və yeni yanaşmalar əsasında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbi hazırlıq səviyyəsinin artırılması, maddi-texniki təchizatının gücləndirilməsi Azərbaycanın öz milli maraqlarını, suverenliyini döyüş meydanında – hərb səhnəsində təmin etməsini mümkün edib. Bununla yanaşı, Azərbaycan öz hədəfinə – ərazi bütövlüyünün bərpasına doğru hücum xarakterli, dərin strateji diplomatiya siyasəti həyata keçirməklə irəliləyib. Nəticədə müasir beynəlxalq münasibətlər sistemində güclü dostluq və tərəfdaşlıq əlaqələri formalaşdırılması, sürətli – dinamik yüksəlişin təmin edilməsi Azərbaycanın haqq işində qətiyyətli və birmənalı mənəvi-siyasi dəstək qazanılması baxımından müstəsna əhəmiyyətə malik olub. Bütün bunlar isə Azərbaycana ərazi bütövlüyünün bərpası üçün çox mühüm üstünlüklər qazandırıb və son sözü döyüş meydanında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu deyib – “Qarabağ Azərbaycandır!” Bütün cəbhələrdə – istər hərb meydanında, istər diplomatiya müstəvisində, istərsə də informasiya platformasında tarixi qələbənin memarı – müəllifi olan Prezident İlham Əliyev Azərbaycanın möhtəşəm Zəfərini dəyərləndirərkən “Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik” deyə vurğulayıb.

Azərbaycanın təntənəli Zəfər yürüşünün uğurlu və möhtəşəm olmasını təmin edən ən mühüm amillərdən biri milli həmrəylik faktorudur. Ümumiyyətlə, müstəqillik dövrünün prosesləri və reallıqları təsdiqləyir ki, milli həmrəylik xalqımız, dövlətimiz üçün taleyüklü anlarda həlledici amil kimi çıxış edib. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində həmrəylik amili Azərbaycan dövlətinin milli gücünü artıran amillərdən biri olub. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan strateji kursunun nəticəsi olaraq xalqımızın həmrəyliyinin daha da gücləndirilməsi ölkəmiz üçün yeni perspektivlər açıb. Azərbaycançılıq ideologiyasının təbliği və təşviqi istiqamətində sistemli, məqsədyönlü tədbirlərin həyata keçirilməsi, paralel olaraq respublikamızda müxtəlif xalqların nümayəndələrinin sülh, sabitlik və təhlükəsizlik şəraitində yaşaması, gəncliyin milli ruhda və vətənpərvərlik hissləri əsasında tərbiyəsi, islahatlar nəticəsində siyasi qüvvələrin ümummilli məsələlərdə vahid platformada birləşməsinin təmin olunması və digər amillər milli birliyin əsaslarını gücləndirib. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipial siyasətinə qətiyyətli dəstək göstərməsi, müxtəlif xalqların nümayəndələrinin yumruq kimi birləşərək döyüş meydanına atılması, gənclərin Vətənin bütövlüyü uğrunda mübarizəyə qatılması isə milli həmrəyliyin daha bir bariz nümunəsi olub. 44 günlük Zəfər yürüşünün nəticəsi olan möhtəşəm Qələbə Azərbaycan dövlətinin milli gücünü, xalqımızın isə mübarizə əzmini – sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirib!

Regionda saatlar Bakı vaxtı ilə qurulur – şərtləri Azərbaycan diktə edir

Dünyanın hərb və siyasət tarixində xüsusi yer tutan, xalqımızın şanlı qəhrəmanlıq dastanı və Zəfər simvoluna çevrilən Vətən müharibəsi təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını deyil, eyni zamanda istər Cənubi Qafqaz regionunda, istərsə də Avrasiyada yeni geostrateji reallıqların təşəkkülünə səbəb olub. Azərbaycan öz milli gücü, hərbi-siyasi resursları ilə işğal faktına son qoymaqla – münaqişəni və separatizm faktını aradan qaldırmaqla yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırıb. Bu işbirliyi imkanları həm unikal, həm də universal xarakter daşıyır. Ona görə unikal ki, indiyə qədər Cənubi Qafqazda belə əməkdaşlıq və təhlükəsizlik imkanları yaradılmayıb. Ona görə universal ki, bu işbirliyi platforması təkcə bölgə xalqları və dövlətləri üçün deyil, bir çox dövlətlər, o cümlədən regional və beynəlxalq güc mərkəzləri üçün mühüm dividendlər vəd edir. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada mühüm geostrateji məntəqələrdən olan Cənubi Qafqaz bölgəsində yeni reallıqlar fonunda saatlar Bakı vaxtı ilə qurulur. Yəni şərtləri qalib və üstün tərəf olan Azərbaycan diktə edir. Paralel olaraq ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslər regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfə olmaqla yanaşı, Azərbaycanın qlobal arenada mövqeyinin daha da möhkəmlənməsini təmin edir. Xüsusilə də Zəngəzur dəhlizinin açılması, kommunikasiya xətlərinin bərpası geniş formatda əməkdaşlıq imkanlarının formalaşması, Cənubi Qafqazın işbirliyi məkanına çevrilməsi deməkdir. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə sistemli quruculuq işlərinin aparılması, tarixi, dini və mədəni abidələrimizin bərpa olunması regional inkişafın əhatə dairəsinin genişlənməsinə səbəb olmaqla yanaşı, milli tərəqqinin yeni mərhələsinə transformasiya deməkdir. Xüsusən Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanından irəli gələn vəzifələrin icrası, iqtisadi potensialdan istifadə olunması milli inkişafın sürətlənməsinə təkan verəcək. Yeni bölgüyə əsasən 14 iqtisadi rayon sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının olması isə həm tarixi, həm mənəvi, həm iqtisadi, həm də siyasi baxımdan olduqca əhəmiyyətlidir.

Yeni çağırışlar – uzunmüddətli, perspektiv strateji hədəflərə doğru

Bunlarla yanaşı, yeni reallıqlar ölkəmizin suverenliyinin qorunması və müstəqilliyin möhkəmləndirilməsi ilə bağlı bəzi çağırışların meydana çıxmasına səbəb olub və bu çağırışlara müvafiq addımların atılmasını zəruri edib. Bu kontekstdə ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və xalqımızın milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli və kompleks baxış ehtiyacının yaranması xüsusi vurğulanmalıdır. Belə məsələlərdən biri “Müstəqillik Günü haqqında” qanun layihəsinin irəli sürülməsi, buna əsasən mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan edilməsidir. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Bu, uzunmüddətli perspektivdə azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura qayıdışı üçün əsasları daha da gücləndirəcək. Yəni atılan addımlar perspektivə hesablanıb, gələcək hədəfləri və milli məqsədləri özündə ehtiva edir.

Göründüyü kimi, müstəqil Azərbaycan Böyük Yolun – Heydər Əliyev yolunun Müzəffər davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji hədəflərinə doğru addım-addım irəliləyir. Əminliklə söyləmək olar ki, müstəqilliyinin 30-cu ildönümünü qeyd edən qalib Azərbaycan Respublikası regionun yeni geostrateji dizaynı fonunda öz mövqeyini daha da möhkəmləndirəcək, siyasi və iqtisadi imkanlarını genişləndirərək mühüm üstünlüklər qazanacaq. Bu isə müstəqillik prinsipinə əsaslanan və milli maraqların qorunması məqsədinə xidmət edən siyasətin ardıcıl və sistemli şəkildə davam etdirilməsi nəticəsində yeni zirvələrin fəth olunması, Azərbaycanın qarşısında yeni perspektivlərin açılması deməkdir!

Tahir BUDAQOV,

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri

  •  (1)
  •  (0)