Ukraynanın əks-hücumları sayəsində Rusiya ordusu Xarkov ətrafındakı mövqelərindən geri çəkilməyə məcbur qalıb.
Hokm.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun yeni hesabatında bildirilib.
“Göründüyü kimi, Moskva nizamlı şəkildə geri çəkilməyə diqqət edir. Bu, o deməkdir ki, Ukrayna Xarkov uğrunda döyüşlərdə qalib gəlib. Ukrayna müdafiəçiləri Rusiya qoşunlarının Xarkovu mühasirəyə almasına mane olublar. Həmçinin Rusiya Silahlı Qüvvələri İzyum istiqamətnidən hücum etmək istəsələr də, bu, uğursuz olub”, – hesabatda qeyd olunub.
Bildirilib ki, Popasnadan şimala doğru irəliləyən rus qoşunları son sutka ərzində ciddi irəliləyiş əldə etməyiblər.
Hesabata əsasən, şimaldan cənuba yürüş edən rus qoşunları Severski Donets çayını keçə bilməyib və bu zaman ciddi itki verib.
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun ekspertləri hesab edirlər ki, Ukraynada hərbi əməliyyatların yeni mərhələsinin inkişafı üçün 3 yol var: “Rusiya ya işğal olunmuş ərazilərin ilhaqı barədə qərar qəbul edəcək, ya əlavə qoşunları səfərbər edəcək, ya da qeyri-real hərbi məqsədləri həyata keçirmək üçün cəhdlər göstərəcək və sonda Rusiya dağılacaq. Rusiya döyüşləri dayandırmasa, Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarını işğal olunmuş Donetsk və Luqanskdan sıxışdırıb çıxara və ya ən azı fevraldan əvvəlki “DNR” və “LNR” sərhədlərinə qayıda bilər”.
Hesabatda, yazılıb ki, Rusiya qüvvələri ya Donbasda irəliləyişi dayandırıb, işğal etdikləri əraziləri özlərinə birləşdirməyə çalışacaq, ya da hərbi məğlubiyyətə düçar olacaq.