“Müdafiə Nazirliyinin verdiyi açıqlamalara güvənmirəm” – Keçmiş MTN zabitibackend

“Müdafiə Nazirliyinin verdiyi açıqlamalara güvənmirəm” – Keçmiş MTN zabiti

Xəbər verdiyimiz kimi 26 avqust 2021-ci il tarixində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycanın Ağdərə rayonunda erməni ailəsi tərəfindən əsir götürülüb.

Ağdərə rayonuna keçən Azərbaycan hərbi qulluqçusu erməni ailə tərəfindən saxlanılıb və hərbçilərə təhvil verilib. Məsələ ilə bağlı həm Ermənistanda, həm də Azərbaycanda cinayət işi başlanılıb.

Correct.az xəbər verir ki, Azərbaycan ərazisində Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılması və hər iki tərəfdə hərbi qulluqçu ilə bağlı cinayət işinin başlanması sosial mediada birmənalı qarşılanmayıb və xeyli cavabsız suallar yaradıb.

Azərbaycan əsgərinin yaxalayan erməni ailəsi Azadlıq Radiosunun Ermənistan şöbəsinə müsahibə verib. Müsahibədə ailə qeyd edib ki, Azərbaycan əsgəri rus dilini bilmədiyi üçün erməni ailəsindən əl-qol işarələri ilə yemək və su istəyib. Lakin buna baxmayaraq ailə qorxub və əsgəri yaxalayaraq hərbçilərə təhvil veriblər.

Azərbaycan Müdafiə Nazirliyi isə rəsmi açıqlama verərək bildirib ki, əsgər Babayev Cəmil Natiq oğlunun Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini və Rusiya sülhməramlılaırnın nəzarəti altında olan Ağdərə rayonuna keçdiyini bildirib.

Belə olan təqdirdə, silahsız vəziyyətdə olan Azərbaycan əsgərinin Azərbaycan ərazisində saxlanılaraq barəsində cinayət işinin açılması nə dərəcədə doğru və beynəlxalq hüquq normalarına uyğundur?
Keçmiş MTN zabiti olan Ərəstun Oruclu Müdafiə Nazirliyinin verdiyi açıqlamalara güvənmədiyini, ümumiyyətlə Müdafiə Nazirliyinə ünvanlanan bir çox sualların cavabsız qaldığını bildirib:

“Əvvəla, onu qeyd eliyim ki, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində hələ də mövcud olması və bu barədə Azərbaycanın bu günədək Rusiya sülhməramlıları adlanan hərbi birləşmələrindən onların tərksilah olunmasını tələb etməməsi çox fəsadlar doğuracaq, bu hələ o fəsadlardan biridir.
Mən açığını deyim sizə, Müdafiə Nazirliyinin verdiyi açıqlamalara güvənmirəm. Ona görə ki, dörd ildir Tərtərdə törədilən cinayəti araşdıran biri kimi Müdafiə Nazirliyindən mən bugünə qədər böyük miqyasda, bu qədər hərbiçinin şərlənərək işgəncələrə məruz qalması, qətlə yetirilməsinə dair bir dənə də olsun açıqlama eşitməmişəm. Belə bir quruma necə inanmaq olar? Belə bir quruma necə güvənmək olar?!

Müharibə dövründə Baş Qərargah rəisi və Müdafiə naziri hərbi əməliyyatlardan kənarlaşdırılır, müharibədən sonra nazir qayıdıb öz yerində durur və heç nə olmamış kimi işinə davam edir, açıqlamalar verir, görüşlər keçirir, səfərlər edir.
Bu gün Müdafiə Nazirliyinə gətirilmiş Baş Qərargah rəisi Kərim Vəliyev 2018-ci ildə Tərtərdə törədilmiş qətliama eyham vuraraq, o barədə danışılan söhbətlərə eyham vuraraq Azərbaycan ordusunda işgəncə və tərxis olunmuş hərbçilərin böhtan danışdığını, böhtan yaydığını deyir. Belə bir quruma necə inanmaq olar?!

Mən bilmirəm burada nə baş verir. Açığını deyim, sizə araşdırıb bu barədə yazacam, amma suallar tamamilə haqlıdır. Hərbiçi rayon psixatiriya xəstəxanasında nə məqsədlə yatır və ya müalicə məqsədilə də olsa orada saxlanılırdısa, bu hərbiçi artıq tərxis olunmalı idi ordudan, səhhətinə görə. İkinci, əgər o həqiqətən də orada müayinə olunurdusa, o xəstəxana necə mühafizə olunur ki, oradan hərbiçi qaçır və Gəncədən çıxıb gedib Ağdərəyə qədər çatıb? Müdafiə Nazirliyi, onun hərbi polisi, digər qurumları hara baxırdı? Yəni burda o qədər suallar var ki, bütün bu sualların hamısı Müdafiə Nazirliyinə ünvanlanmalıdır. Şəxsən mən dörd ildi Müdafiə Nazirliyinə Tərtər cinayəti ilə bağlı Hərbi Dəniz Qüvvələrinin dağıdılması ilə bağlı, Rəşad Atakişiyevin təyyarəsinin vurulması ilə bağlı dəfələrlə açıqlamalar tələb eləmişəm, suallar ünvanlamışam, bu günə qədər birinə belə cavab verən olmayıb.
Bir tək Rəşad Atakişiyevin təyyarəsinin vurulması haqqında Müdafiə naziri Zakir Həsənov açıqlama verib ki, təyyarə quş sürüsü ilə toqquşub. Belə bir absurd absurd məlumat verib Müdafiə naziri.
Müdafiə Nazirliyi həmin bəyanatda “Rusiya sülhməramlıları” sözünü işlədir halbuki Azərbaycanın Xarici İşlər Nazirliyi onları “Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları” adlandırır. Nəyə görə Müdafiə Nazirliyi Azərbaycan Respublikasının mövqeyini əks etdirən ifadələrdən imtina edir?
Müdafiə NAzirliyinə olduqca böyük və ciddi suallar var. Amma heç birinə cavab ala bilməyəcəyik. Ona görə də bu məsələni ictimailəşdirmək, üzərinə getmək lazımdır.
Necə olur ki, bu adama cinayət işi açılır, hələ məsələnin məğzi bəlli deyil, nəyin əsasında cinayət işi açılır?
Əgər bu insan ruhi xəstədirsə ona hansı əsasla cinayət işi açıla bilər? Belə insanların nəinki açıqlamalarına inanmaq, o insanların bu gün vəzifədə olması belə doğru qərar deyil, onlar bu gün başqa yerlərdə olmalıdır. Bu məsələlərin hər biri bizlər tərədindən, araşdırmaçılar, jurnalistlər tərəfindən Müdafiə Nazirliyinin iştirakı olmadan araşdırılmalıdır”.

  •  (0)
  •  (1)