Moskvadan Pekinə uzanan əl: Tokayevin Rusiyada başlayıb, Çində davam edən fəaliyyəti… – FAKTLARbackend

Moskvadan Pekinə uzanan əl: Tokayevin Rusiyada başlayıb, Çində davam edən fəaliyyəti... – FAKTLAR

Qazaxıstanda baş verən hadisələr dünya gündəmini məşğul edən əsas mövzulardan biridir. Əvvəlcə sosial tələblər irəli sürən aksiya iştirakçıları sonradan hakimiyyətin istefasını tələb etdilər. Qazaxıstan iqtidarının yanacağın qiymətlərinin endirilməsi, hökumətin buraxılması ilə bağlı qərarından, Təhlkəsizlik Şurasının sədri Nursultan Nazarbayevin istefasını açıqlamasından sonra isə münaqişə qanlı qarşıdurmalara qədər gətirib çıxardı. Nəticədə prezident Qasım-Jomart Tokayev Rusiyanın əsas rol aldığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi kontingentini köməyə çağırdı. Ardınca “Xəbərdarlıq edilmədən atəş açın!” əmrini verərək, beynəlxalq ictimaiyyətdə ciddi etirazlarla müşaiyət olunan daxili çaxnaşmaların əsasını qoydu.

Hazırda dünyanı və azadlıqsevər insanları düşündürən əsas sual budur – Bir ölkənin rəhbəri necə öz vətəndaşlarına divan tutmaq üçün digər dövlətlərin ordusunu öz ölkəsinə dəvət edə bilər? Baxmayaraq ki, Tokayev etirazçıları terrorçu qruplaşma adlandırıb və terrordan qorunmaq üçün KTMT-yə müraciət etdiyini deyib, bu arqument belə ona qarşı qınaqları səngitmir.

Əksər ekspertlər hesab edir ki, Tokayevi hakimiyyətə gətirən də, onu qoruyan da Moskvadır. Onun iqtidarı üçün təhlükəli məqamın yetişdiyini görən Kreml də öz dəstəyini nümayiş etdirib və hər vəchlə Tokayevi qorumağa çalışacaq.

Hokm.az Qasım-Jomart Tokayevin həyatı ilə bağlı araşdırma aparıb. Onun bioqrafiyasına nəzər saldıqda aydın görmək olur ki, deyilənlər həqiqətə çox yaxındır. Halbuki bəzi qüvvələr onu “Çinin layihəsi” də adlandırır. Tokayevin siyasi karyerasında Çin faktoru də keçir və bunu da diqqətdən kənarda qoymaq olmaz.

Qasım-Jomart Tokayev kimdir?

Atası Kemel Tokayev, İkinci Dünya müharibəsi veteranı və tanınmış bir Qazaxıstan yazıçısı idi. Anası Turar Şabarbayeva isə Almatı Xarici Dillər İnstitutunda işləyib. 1970-ci ildə Tokayev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olur. Beşinci ilində o, altı aylıq Çin–Sovet səfirliyində təlim kurslarına göndərildi.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan 1975-ci ildə məzun olduqdan sonra SSRİ Xarici İşlər Nazirliyinə qatılıb və Sinqapurdakı Sovet Səfirliyinə səfir kimi göndərilib. 1979-cu ildə SSRİ Xarici İşlər Nazirliyinə qayıdır. 1983-cü ildə Pekin Universitetində keçiriləcək təlim kursları üçün Çinə gedir. 1984–1985-ci illərdə Xarici İşlər Nazirliyində işləyir. Daha sonra Pekindəki Sovet səfirliyinə göndərilir, birinci katib və məsləhətçi vəzifəsini icra edir. Moskvada SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında yüksək səviyyəli diplomatlar üçün təlim kursuna daxil olub.

1992-ci ildə Qazaxıstana qayıdan Tokayev əvvəlcə xarici işlər nazirinin birinci müavini, cəmi bir il sonra Xarici İşlər Naziri təyin edildi. 1999-cu ilin mart ayında Baş nazir müavini vəzifəsinə qədər yüksəldi. 1999-cu ilin oktyabrında parlamentin təsdiqi ilə Qazaxıstan Respublikası Prezidentinin fərmanı ilə Baş nazir təyin edildi. 2002-ci ilin yanvarında istefa verdi, sonra Xarici İşlər Nazirinin dövlət katibi təyin olundu. Tokayev 2007-ci ilin yanvar ayına qədər Qazaxıstan Respublikası Parlamentinin Senatının sədri seçilməklə Xarici İşlər Naziri vəzifəsini icra etməyi davam etdirirdi.

Qazaxıstan Parlamenti Senatının sədri Tokayev 2008-ci ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının vitse-prezidenti seçilib. 2011-ci ilin mart ayında Birləşmiş Millətlər Təşkilatının baş katibi Tokayevin, Cenevrədə Birləşmiş Millətlər Təşkilatının baş qərargahının direktoru və BMT Silahsızlaşdırma Konfransının baş nümayəndəsi təyin olduğu elan edildi. Silahsızlaşdırma Konfransının baş katibi vəzifəsində də çalışıb. O, həmçinin BMT-nin İsveçrədəki personalının təhlükəsizliyi və təhlükəsizliyi üçün təyin olunmuş rəsmi şəxsdir.

Tokayev siyasi elmlər doktorudur. O, beynəlxalq məsələlərlə bağlı 9 kitabın və çoxsaylı məqalələrin müəllifidir. Dünya İncəsənət və Elmlər Akademiyasının üzvü, Münhen Təhlükəsizlik Konfransında Görkəmli Şəxslərin Panelinin üzvü, Sençjen Universitetinin fəxri professoru, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının fəxri professoru və doktoru, həmçinin Qəyyumlar Heyətinin üzvüdür. Cenevrə diplomatiya və beynəlxalq münasibətlər fakültəsinin fəxri dekanıdır.

Mikayıl Mirzəzadə

Hokm.az

  •  (3)
  •  (4)