“Mingəçevir Maşın-Təmir” ATSC-də dövlətə meydan oxuyan qohumlarbackend

“Mingəçevir Maşın-Təmir” ATSC-də dövlətə meydan oxuyan qohumlar

Məmmədov Mürsəl Akif oğlu: “Vəliyev Elgiz Allahverdi oğlunun bibisi oğlu, hal-hazırda daş-aqlay sexinin faktiki rəhbəri Xəlilov Türabin Cahangir oğlu yaşadığım evə gələrək məni ölümlə hədələyir ki, məhkəmə qərarını icra etməsin…”

Uzun illər “Mingəçevir Maşın-Təmir” ATSC-də çalışmış, sonradan baş vermiş hadisə zamanı sağlamlığını itirmiş Yevlax rayonunun Salahlı kəndində yaşayan Məmmədov Mürsəl Akif oğlu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikası Əmlak Məsələləri Əmlak Komitəsinin sədri Cənab Kərəm Həsənova müraciət göndərib. Surəti “Təzadlar” qəzeti redaksiyasına göndərilmiş müraciəti dərc etməmişdən əvvəl Mürsəl Məmmədovla danışdıq, onun şikayətinin nə dərəcədə əsaslı olub-olmamasını öyrəndik. Məlum oldu ki, o, şikayətə səbəblər barədə dəfələrlə yuxarı dövlət orqanlarına müraciət edib, yazıb, lakin nəticə olmadığından bu dəfə mətbuat vasitəsilə problemini ictimailəşdirmək qərarına gəlib.

Beləliklə, müraciəti bəzi kiçik düzəlişlərlə təqdim edirik:

Möhtərəm cənab Prezident!

Bildirirəm ki, mən 11.10.2013-cü ildə “Mingəçevir Maşın-Təmir” ATSC-də sağ əlimin 4 barmağının kəsilməsi ilə nəticələnən istehsalat xəsarəti almışam. Dəflərlə aidiyyəti qurumlara müraciət etsəm də və məsələ məhkəmə müstəvisində həllini tapsa da, lakin çox təəssüflər olsun ki, məhkəmənin qərarı cavabdeh tərəfindən icra olunmur.

Bu müəssisə 2000-ci ildə 1971-ci ildə Cəlilabad rayonunun Alar kəndində anadan olmuş Mansurov Arif Qəzənfər oğlunun vasitəsi ilə tamamilə özəlləşdirmişdir. Mansurov Arif Qəzənfər oğlu 2007-ci ilin mart ayında Gəncə şəhərindən qayıdarkən Göyçay rayonunun ərazisində arvadı və 2 azyaşlı uşağı ilə birlikdə avtomobil qəzasında həlak olmuşdur (Allah rəhmət eləsin). Həmin yol-nəqliyyat hadisəsinin istintaqı zamanı da çox dəhşətli bir korrupsiya faktının üstü açılmış və ört-basdır edilmişdir. Mansurov Arif Qəzənfər oğlu ailə üzvləri ilə birgə Cəlilabad rayonunun Alar kənd qəbirstanlığında dəfn edilmişdir. Bundan başqa, Yevlax rayonunun Salahlı kəndindəki 2-ci qəbirstanlıqda onlara simvolik məzarüstü abidə də qoyulmuşdur. Həmin müəssisənin Idarə Heyətinin sədri vəzifəsinə Mansurov Arif Qəzənfər oğlunun qayınatası, Yevlax rayonunun Salahlı kəndində qeydiyyatda olan və yaşayan, 1940-cı il təvəllüdlü Nəsibov Maarif Məhəmməd oğlu təyin edilmişdir. Onu da bildirirəm ki, özünü həmişə Əmlak Komitəsinin sədri K.Həsənovun həmkəndlisi və qohumu kimi təqdim edən Mansurov Arif Qəzənfər oğlunun bacanağı, eləcə də “Mingəçevir Maşın-Təmir” ATSC-nin İdarə Heyətinin sədri Nəsibov Maarif Məhəmməd oğlunun kürəkəni Vəliyev Elgiz Allahverdi oğlu 2007-ci ildə hüquqi ünvanı Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi, ev 11A, mənzil 39 olan “V-Tornado” MMC-ni təsis etmişdir. Vəliyev Elgiz Allahverdi oğlu həmin dövrdə həm “Muğanbank” ASC-nin Goranboy filialının müdiri, həm də “Mingəçevir Maşın-Təmir” ATSC-nin icraçı direktoru olmuşdur.

Onun atası Vəliyev Allahverdi Qoca oğlu isə həmin dövrdə “Muğanbank” ASC-nin Mingəçevir filialının müdiri olmuşdur. “V-Tornado” MMC “Mingəçevir Maşın-Təmir” ATSC ilə 01.11.2008-ci ildən 01.11.2013-cü ilədək, 5 il müddətinə illik 1.200 manat icarə haqqı ödəmək şərti ilə icarə müqaviləsi bağlamışdır. İcarə müqaviləsinə əsasən “Mingəçevir Maşın-Təmir” ATSC öz balansında olan 200 m2 istehsalat sahəsini və daş-aqlay istehsalı üçün frez və tokar dəzgahlarını “V-Tornado” MMC-yə icarəyə vermişdir. “V-Tornado” MMC ilə “Mingəçevir Maşın-Təmir” ATSC arasında icarə müqaviləsi 01.11.2008-ci ildə bağlanmasına baxmayaraq, “V-Tornado” MMC istehsalat fəaliyyətinə 2007-ci ildə başlamışdır.

Mən həmin MMC-də kantçı vəzifəsinə 28 noyabr 2007-ci ildə başlamışam. “V-Tornado” MMC mənimlə əmək müqaviləsini 03.03.2008-ci ildə imzalamışdır. İşlədiyim dövrdə orta aylıq əmək haqqım 400-500 manat olmuşdur. Vəliyev Elgiz Allahverdi oğlu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.2. maddəsinin tələblərini kobud surətdə pozaraq həmin MMC-də 3 il 4 ay işləməyimə baxmayaraq hər dəfə söz versə də, mənim adıma əmək kitabçası açmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.7. maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.

Sənəd üzrə 2008-ci ilin mart ayından 2011-ci ilin oktyabr ayına kimi “V-Tornado” MMC-nin icraçı direktoru işləmiş Paşayev Rafiq Üzeyir oğlu MMC-nin təsisçisi Vəliyev Elgiz Allahverdi oğlunun bibisi oğludur.
“V-Tornado” MMC 27.06.2011-ci ildə icarə müqaviləsini ləğv edərək icarəyə götürdüyü 200 m2 istehsalat sahəsini və dəzgahları cavabdeh “Mingəçevir Maşın-Təmir” ATSC-yə qaytarmış və mənimlə əmək müqaviləsinə xitam verilmişdir.

“Həmin dövrdə Vəliyev Elgiz Allahverdi oğlu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin rəisi təyin olundu və…”

Lakin bu prosesdən nə mənim, nə də mənimlə birgə orada işləyən işçilərin heç birinin məlumatları olmamışdır və biz əvvəlki qaydada daş-aqlay sexində öz işimizi davam etdirmişik.
“V-Tornado” MMC ilə cavabdeh “Mingəçevir Maşın-Təmir” ATSC arasındakı icarə müqaviləsinin ləğvinin səbəbi həmin dövrdə Vəliyev Elgiz Allahverdi oğlunun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin rəisi təyin olunması idi. Vəliyev Elgiz Allahverdi oğlu sonradan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi, daha sonra isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin rəisi təyin olunmuşdur. Hal-hazırda o, 02.07.2018-ci ildən etibarən 17 saylı Yevlax Ərazi İdarəsinin rəis müavini işləyir.

“Vəliyev Elgiz Allahverdi oğlunun bibisi oğlu, hal-hazırda daş-aqlay sexinin faktiki rəhbəri Xəlilov Türabin Cahangir oğlu yaşadığım evə gələrək məni hədələyir ki…”

Buna baxmayaraq o bu gün də faktiki olaraq həmin daş-aqlay sexinə rəhbərliyi həyata keçirir. Vəliyev Elgiz Allahverdi oğlunun bibisi oğlu, hal-hazırda daş-aqlay sexinə faktiki rəhbərliyi həyata keçirən Xəlilov Türabin Cahangir oğlu yaşadığım evə gələrək “Yaxşı eləmişik sənin əlini kəsmişik. Qanun bizim pulumuzdur. Prezidentə yox, Vladimir Putinə yaz” deyə bizi hədələyir. Onun bu sözlərinin audio səs yazısı yazılı maddi sübut kimi məndədir. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin 13.03.2018-ci il tarixli, 2(051)-383/2018 saylı icra vərəqəsi Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş icra məmuru Samir Əsgərovun icraatındadır. Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən görülmüş bütün tədbirlərə baxmayaraq icra vərəqəsi borclu “Mingəçevir Maşın-Təmir” ATSC-nin özlərini Kərəm Həsənovun himayəsində görən, bunu hər yerdə bəyan edən rəhbərlik tərəfindən icra edilmir, konkret desəm, uzun müddətdir hökm sürən cəzasızlıq şəraitinin stimullaşdırdığı Vəliyev Elgiz Allahverdi oğlu tərəfindən sabotaj olunur.

Vəliyev Elgiz Allahverdi oğlu isə bildirir ki, “Mingəçevir Maşın-Təmir” ATSC (adını çəkmək istəmədiyim) yüksək vəzifəli bir şəxsə məxsus olsa da, “…faktiki rəhbərliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində işləyən, Nəsibov Maarif Məhəmməd oğlunun bacısı oğlu İsmayılov Nazim Cuma oğludur. Nəsibov Maarif Məhəmməd oğlu isə az qala hər gün İsmayılov Nazim Cuma oğluna zəng edərək məhkəmənin icra vərəqəsinin icrasını xahiş etsə də, o heç bir vəchlə icazə vermir”.

Məlumat üçün onu da bildirirəm ki, Vəliyev Elgiz Allahverdi oğlu 12.05.1979-cu ildə anadan olmuşdur. O, Yevlax rayonunun Salahlı kəndində atası evində yaşamış və 1986-cı ildə Salahlı kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. Həmin məktəbdə adı getsə də, sonradan 3 il müddətində Mingəçevir şəhərində fəaliyyət göstərən “Təbiət, riyaziyyat və humanitar təmayüllü” liseydə təhsil almışdır. Lakin o orta təhsil haqqında attestatı Yevlax rayonunun Şilyan (indiki Ərəş) kənd orta məktəbindən almışdır. Bir gün də həmin məktəbdə dərsə getməyən, Şilyan kəndinin hansı tərəfdə yerləşdiyini bilməyən bu ərköyün dövlət qulluqçusunun orta təhsil haqqında attestatı tam qanunsuzdur. Bu isə onun universitet diplomunun etibarsızlığına əsas verir. Lakin vaxtı ilə bu məsələni yoxlamış və faktı ört-basdır etmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi isə mənə başdansovdu cavab verməklə məşğuldur.

Vəliyev Elgiz Allahverdi oğlu vəzifələrdə işlədiyi müddətdə dəyəri milyon manatlarla ölçülən daşınmaz və daşınar əmlaka sahibdir. Onun Bakı şəhərində Naxçıvanski küçəsi ev 12, mənzil 89 ünvanında yerləşən 2 otaqlı mənzili vardır. Özünün pasport qeydiyyatı həmin ünvandadır. Həmin ünvanbda onun mərhum bacanağı Mansurov Arif Qəzənfər oğluna məxsus mənzil də vardır.

Bundan başqa, Mingəçevir şəhərində N.Rəfibəyli küçəsi ev 11A, mənzil 39 ünvanda yerləşən 3 otaqlı mənzil də onun özünə məxsusdur.

Mingəçevir şəhərində “karyer yolu” kimi tanınan yerdə, 20 Yanvar və İxtiyar Qasımov küçələrinin kəsişməsində Elgiz Vəliyevin faktiki yaşadığı başqa şəxsin adına olan Kür çayının sol sahilində dəbdəbəli 3 mərtəbəli villası da var. 2 il əvvəl həmin villanın 3-cü mərtəbəsində iş görən usta, Mingəçevir şəhəri, AZ.DRES qəsəbəsində yaşayan Gözəlov Zaur Ağa oğlu oradan yıxılaraq dünyasını dəyişmişdir. Bu faktı gizlədərək “ürək çatışmamazlığı” kimi rəsmiləşdirərək cinayətin üstü ört-basdır edilmişdir. Gözəlov Zaur Ağa oğlunun cəsədi eksqumasiya olunmalı və ölümün əsl səbəbi aydınlaşdırılmalıdır.

Onun Goranboy rayonunun Gülüstan qəsəbəsində, Xocalı qaçqınları üçün salınmış şəhərciyə dönən yolda dəbdəbəli villası vardır. Bu villanın qonşuluğunda yaşayan Köçəri adlı şəxsin həyətində Vəliyev Elgiz Allahverdi oğluna məxsus, qaçqın və məcburi köçkünlərin yaşaması üçün nəzərdə tutulan, satışı qadağan edilən 2 ədəd tamamilə təzə və bütün şəraiti olan vaqon-evlər vardır. Bu evlər Ağcabədi rayonundan alınıb gətirilmişdir. O həmin zaman o zonada reyestr idarəsinin rəisi işləyirdi.

Bundan başqa, Yevlax rayonunun ərazisində və Samux rayonunun Alazan vadisində iri torpaq sahələrinə malikdir. Özünün və arvadının adına müxtəlif modelli və modifikasiyalara malik avtomobilləri vardır.

“Müharibə şəraitində olan ölkənin Silahlı Qüvvələrində xidmət etmək lazım gələndə Vəliyev Elgiz Allahverdi oğlu “xəstə” olur, dövlət qulluğunda vəzifə tutmaq lazım gələndə isə “sağlam” olur…”

Vəliyev Elgiz Allahverdi oğlunun qaynı, Nəsibov Arif Maarif oğlunun adına özəlləşdirilmiş Mingəçevir Quraşdırma İdarəsinin satışından gələn pulun pay bölgüsündə onun bacısı, Vəliyev Elgiz Allahverdi oğlunun arvadı Nəsibova Leyla Maarif qızına çatmalı olan 30.000 manat ona verilmədiyinə görə o, yəni Nəsibova Leyla Maarif qızı dərman içərək intihara cəhd etmişdir. Bu fakt da hüquq-mühafizə orqanlarından gizlədilmişdir. Vəliyev Elgiz Allahverdi oğlu sonradan necə deyərlər onun könlünü almaq üçün qırmızı rəngli “Mercedes-Benz” minik avtomobili alaraq ona bağışlamışdır.

Əlavə olaraq onu da bildirirəm ki, Nəsibova Leyla Maarif qızının əsl adı və soyadı Vladikina Svetlana Denisovnadır. Lakin Yevlax rayonunun Salahlı kəndindəki 2-ci qəbirstanlıqda dəfn edilərkən baş daşında Nəsibova Svetlana Rafiq qızı yazılmışdır. Bu barədə də bütün maddi sübutlar vardır.

Vəliyev Elgiz Allahverdi oğlu Azərbaycan ordusu sıralarında xidmət etmədən xəstə olması ilə əlaqədar qanunsuz sənədlər təqdim edərək hərbi bilet almışdır. Paradoksal bir vəziyyət yaranmışdır. Müharibə şəraitində olan ölkənin Silahlı Qüvvələrində xidmət etmək lazım gələndə Vəliyev Elgiz Allahverdi oğlu “xəstə” olur, dövlət qulluğunda vəzifə tutmaq lazım gələndə isə “sağlam” olur.

Möhtərəm cənab Prezident!

Mən, həyat yoldaşım və 2 azyaşlı uşağım 6 ildir ki, ailə başçısını itirmiş, 6 ildə hökm sürən bu ədalətsizliklərə sinə gərən anamın 130 manatlıq pensiyası ilə dolanırıq. Bütün dövlət orqanları baş verən qanunsuzluqlara biganə qalmaqla bərabər mənim dövlətdən narazı qalmağım üçün əvəzsiz xidmətlər göstərirlər və mənə 2-ci sort vətəndaş kimi baxırlar. Mən qudurğan dövlət qulluqçusu Vəliyev Elgiz Allahverdi oğlu və onun qohumları tərəfindən hədələnirəm, təhdid və şantaj olunuram. Çünki mən qanuni məhkəmə qərarının icrasını tələb edirəm. Bütün bu təzyiqlərə davam gətirmək üçün artıq məndə səbr və qüvvə qalmamışdır.

Xahiş edirəm, mənə köməklik edəsiniz, məhkəmə qərarının icrası üçün Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinə müvafiq tapşırıq verilsin.

Hörmətlə:

Məmmədov Mürsəl Akif oğlu”.

Redaksiyadan: biz də inanırıq ki, ən azından məhkəmə qərarı mütləq qaydada icra olunmalı, tərəflər ortaq məxrəcə-sülhə gəlməlidirlər.. (tezadlar.az)

Hokm.az
  •  (0)
  •  (0)