Milli Məclisdə deputatlarla AQC rəhbərliyi görüşüb – FOTOLARbackend

Milli Məclisdə deputatlarla AQC rəhbərliyi görüşüb – FOTOLAR

AQC yeni qanun layihəsinin müzakirəsində iştirak edəcək

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi arasında görüş baş tutub. Azərbaycan Parlamentində baş tutan görüşdə komitənin sədri Tahir Mirkişili və deputatlar Əli Məsimli Mahir Abbaszadə, Aydın Hüseynov, Anar Məmmədov, Milli Məclisin İqtisadi qanunvericilik şöbə müdiri Məhəmməd Bazıqov, AQC-nin sədri Vüqar Oruc, sədr müavinləri, Ramil Osmanlı, Zamin Hüseynov, Fərid Rüstəmov, sədrin müşaviri Nüsrət İbrahimov və İdarə Heyətinin üzvü Elnur Əsədov iştirak ediblər.

Rəhbəri olduğu cəmiyyətin fəaliyyəti barədə parlamentarilərə məlumat verən AQC sədri Vüqar Oruc bildirib ki, qurum ölkəmizin ilk kollektiv ictimai birliklərindən biridir. O deyib ki, 1999-cu ildə qeydiyyatdan keçən cəmiyyət bu ilin may ayında keçirilən konfransdan sonra fəaliyyətini müasir dövrün tələblərinə uyğunlaşdırmaq kursunu götürüb: “Məlumdur ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə kompleks islahatlar həyata keçirilir. Hakimiyyətin bütün qollarını və bütövlükdə idarəetmə sistemini əhatə edən bu islahatlar idarəçiliyə yeni nəfəs gətirilməsini özündə ehtiva edir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq biz də yenilənmək və inkişaf etmək xəttini tutmuşuq” deyən sədrin sözlərinə görə, “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun qəbulu ölkə qiymətləndiricilərinin qarşısında geniş imkanlar açacaq: “Mövcud qanunun qəbul olunmasının üzərindən xeyli zaman keçir və bu qanun mövcud reallıqlara cavab vermir. Bu baxımdan yeni qanunun qəbulu labüddür. Biz bu qanunla bağlı təkliflərimizi müvafiq qurumlara və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə təqdim etmişik. Hesab edirik ki, qanunvericilik bazasının təkmilləşdirilməsi günün tələbidir və ən tez bir zamanda qiymətləndirmə fəaliyyətini tənzimləyəcək yeni qanun qəbul edilməlidir”.

Qiymətləndirmə meyarlarının, nəzəri-metodiki bazanın vacibliyindən danışan AQC sədri əlavə edib ki, rəhbəri olduğu cəmiyyət beynəlxalq qiymətləndirmə standartlarının Azərbaycanda tətbiqi və milli qiymətləndirmə standartlarının formalaşdırılması ilə bağlı təkliflərini də Milli Məclisə təqdim edib: “Əgər biz bu sahədə islahatların aparılmasını istəyiriksə, bu sahədə şəffaflığa və peşəkarlığa nail olmaq istəyiriksə, təsadüfi bazar iştirakçılarının təbii yollarla sıradan çıxmasına nail olmalıyıq. Bu isə öz növbəsində qanunvericilik bazasının təkmilləşdirilməsindən keçir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti bununla bağlı yeni qanun layihəsinə yönəlik təkliflər planını Azərbaycan Parlamentinə təqdim edib”.

Təkcə qiymətləndirmə sahəsində deyil, iqtisadiyyatın ayrı-ayrı seqmentlərində də fəal iştirak etmək niyyətində olduqlarını deyən Vüqar Oruc AQC sıralarında əsasən iqtisadçıların cəmləşdiyini diqqətə çatdırıb: “Qiymətləndirmə özü geniş bir anlayışdır və ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrini əhatə edir. Ümid edirik ki, Milli Məclisin aidiyyatı komitəsi və Azərbaycan hökumətinin aidiyyatı qurumları ilə birlikdə ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən qanunvericilik islahatlarına öz  töhvəmizi verə bilərik”.

Qonaqları salamlayan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişili qiymətləndirmə sahəsində mövcud olan problemlərdən məlumatlı olduğunu və yeni qanunun qəbulu ilə bu sahədə nizam yaranacağına ümid etdiyini qeyd edib: “Təbii ki, bu sahədə neqativ hallar mövcuddur. Bizim də məqsədimiz bu sahədə şəffaflığın və peşəkarlığın təmin olunmasıdır. Qanunvericilik bazasının təkmilləşdirilməsi, bu sahədə mövcud olan problemlərin həllinə nail olunması baxımından peşəkar qanun layihəsinin hazırlanması istiqamətində Azərbaycan Qiymtələndiricilər Cəmiyyəti ilə müzakirələrimiz davam edəcək. Bu ilk təmasdır və yəqin ki, bundan sonra da davam edəcək. Cəmiyyət yeni qanunun qəbulu, beynəlxalq qiymətləndirmə standartlarının tətbiqi və milli qiymətləndirmə standartlarının formalaşdırılması ilə bağlı təkliflərini bizə təqdim edib. Biz bu sənədlərlə tanış olacağıq. Hər birimiz maraqlıyıq ki, Azərbaycanda peşəkar qiymətləndirmə meyarları formalaşsın. Bu mənada bizim sizinlə əməkdaşlıqdan ciddi gözləntilərimiz var” deyən komitə sədri qarşıdakı görüləcək işlərin hələ çox olduğunu bəyan edib.

Daha sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbər heyətinə daxil olan qiymətləndirmə şirkətlərinin rəhbərləri çıxış edib, öz təkliflərini diqqətə çatdırıblar. Görüş qarşılıqlı dialoq və müzakirələr formatında davam etdirilib.

  •  (3)
  •  (0)