Millət vəkili könüllü əməyinin istismar olunmasını yolverilməz hesab edirbackend

Millət vəkili könüllü əməyinin istismar olunmasını yolverilməz hesab edir

Millət vəkili Könül Nurullayeva könüllülük fəaliyyəti ilə bağlı bəzi çatışmazlıqları və boşluqları qeyd edib. Bildirib ki, dövlət könüllülük fəaliyyəti sahəsində zəruri addımların atılmasına müvəffəq olub, on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşdırılıb

. Prezident İlham Əliyev 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışı zamanı dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etməklə cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq, təcrübi biliklərini artırmaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyub. Bu məqsədlə müxtəlif dövlət orqanlarında gənclərimizin könüllü əməyə cəlb olunmasının şahidi oluruq. Dövlət orqanları müxtəlif müddətlər üçün nəzərdə tutulmuş proqramlar çərçivəsində gənclərin təcrübi biliklərə yiyələnməsi, gələcək iş planlarında daha uğurlu seçimlər etmələri üçün körpü rolunu oynamaqdadır. Lakin bu fəaliyyət zamanı yaranan bəzi məsələlərin həlli də çox vacibdir: “Məsələn, kommersiya qurumları gəncləri heç bir hüquqi əsas olmadan könüllü fəaliyyət adı altında öz işlərinə cəlb edirlər. Belə halların baş verməsi könüllü əməyinin bir növ də istismar olunmasına səbəb olur. Könüllülərdə ruh yüksəkliyi yaratmaq, könüllü fəaliyyətə təşviq etmək üçün onların əməyinin qiymətləndirilməsi mütləqdir. İmperativ norma kimi əmək qanunvericiliyində könüllərin maliyyələşdirilməsinin əsasları yaradılmalı, onlara əmək kitabçasının açılması məsələsi həll edilməli, könüllülərin sığorta olunması məsələləri tətbiq olunmalıdır. Gənclərin könüllü fəaliyyətdə olduğu müddət ərzində çəkdiyi xərcləri nəzərə alsaq, yol, qida və s. ehtiyacları fəaliyyət göstərdiyi orqan, təşkilat tərəfindən təmin olunsa, daha müsbət addım ola bilər və daha çox gəncimiz könüllü fəaliyyətə cəlb olunar. Həmçinin, beynəlxalq tədbirlərin regionlarda da keçirilməsinə üstünlük verilməsi regionlardan olan könüllülərin sayının artmasına, gənclərin könüllülük fəaliyyətinə həvəsləndirilməsinə səbəb ola bilər.” Onun sözlərinə görə, könüllülüyün təbliğ olunması baxımından təşviqat materiallarının, sosial çarxların və reklamların hazırlanması, bu mövzuya müxtəlif sahələrdə toxunulması olduqca mühüm əhəmiyyət kəsb edir. Çünki könüllülük mühüm sosial institutdur, cəmiyyətin qarşılıq gözləmədən inkişafı üçün stimuldur. Millət vəkili qeyd edib ki, könüllülərin maraq və mənafeyini nəzərə almaqla mövcud normativ aktlara yenidən baxmalıyıq: “Bu sahədə normativ boşluqları aradan qaldırmaqla, könüllülük fəaliyyətinə dəstək verməklə gəncliyimizə dəstək vermiş olarıq”.

  •  (0)
  •  (0)