MİDA 50 minlik avtomobilə 76 min manat xərc qoyacaqbackend

MİDA 50 minlik avtomobilə 76 min manat xərc qoyacaq

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) tabeliyində fəaliyyət göstərən “MİDA” MMC avtomobillərə texniki xidmətin göstərilməsi ilə bağlı satınalma müsabiqəsinə yekun vurub.

Hokm.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, müsabiqənin qalibi “Şərq Motors” MMC olub. MMC-lər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 76.150,12 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Şərq Motors” MMC 28 iyun 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN-dir. Şirkətin qanuni təmsilçisi isə Quliyev Müşfiq Səlim oğludur.

“Şərq Motors” şirkəti Yaponiya, Cənubi Korea və Avropa istehsalı olan avtomobillərə ehtiyat hissələrinin idxalı, satışı və servis xidmətini həyata keçirir.

Şirkət 2007-ci ildən “Hyundai Auto Azerbaijan”ın rəsmi dileri, 2010-cu ildən isə “Kia Motors Azerbaijan”ın rəsmi dileridir. 2016-cı ildən etibarən müstəqil olaraq servis xidməti və ehtiyat hissələrinin satışını da həyata keçirir.

Bu məlumatlar “Şərq Motors”un veb-səhifəsindən götürülüb. Şirkətin qanuni təmsilçisi Müşfiq Quliyev barəsində isə açıq mənbələrdə hər hansı məlumat yoxdur.

“MİDA”nın elan etdiyi müsabiqənin şərtlərindən məlum olur ki, yalnız bir avtomobilə texniki xidmət göstərilməsindən söhbət gedir. 2015-ci il istehsalı olan “Chevrolet Captiva” markalı həmin avtomobilin demək olar bütün detalları yeniləcənək. “Chevrolet Captiva”nın yenisinin qiyməti 50-55 min manat civarındadır. O zaman “MİDA” MMC-nin köhnə avtomobilin təmirinə 76 min manat xərcləməsi anlaşılan deyil.

“MİDA” MMC 17 may 2016-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 000 AZN-dir. Şirkətin qanuni təmsilçisi isə Təhməzov Fərhad İlahi oğludur.

Fərhad Təhməzov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşıdır. O, 2016-cı ildən “MİDA” MMC-nin direktoru vəzifəsində çalışır.

  •  (5)
  •  (3)