“Mənim doğma Vətənim Azərbaycan: Jurnalistlər arasında videomüsabiqə” layihəsinin təqdimatı oldu – FOTOLARbackend

“Mənim doğma Vətənim Azərbaycan: Jurnalistlər arasında videomüsabiqə” layihəsinin təqdimatı oldu – FOTOLAR

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə tanınmış jurnalist Hacıbəy Heydərlinin “Mənim doğma Vətənim – Azərbaycan – Jurnalistlər arasında videomüsabiqə” layihəsi çərçivəsində görüş keçirilib. 
“Davam” Gənclər Hərəkatında baş tutan görüşdə layihə rəhbəri Hacıbəy Heydərli çıxış edərək bildirib ki, informasiya müharibəsində video və foto çəkilişlərin önəmi əvəzsizdir: “1-ci Qarabağ müharibəsində Çingiz Mustafayevin çəkdiyi kadrlar erməni vəhşiliyini bütün dünyaya göstərə bildi. Eynilə İkinci Qarabağ müharibəsində də jurnalistlərimiz, fotoqraflarımız gecə-gündüz çalışdılar, Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışdılar. Vətən müharibəsindən Zəfər çaldıq, ancaq informasiya müharibəsi bu gün də davam edir. Hər bir gəncimiz çalışmalıdır ki, bu işdə dövlətimizə yardımçı olsun, Azərbaycan həqiqətlərini foto və videolarla geniş kütləyə çatdırsın.
Tədbirdə daha sonra AzərTac dövlət agentliyinin Fotoinformasiya Materiallarının buraxılış redaktoru Aydin Oktayoğlu çıxış edib. O deyib ki, çəkdiyi fotolar dəfələrlə dünyanın nüfuzlu media orqanları tərəfindən yayımlanıb. Fotoqraf bu günə qədər çəkdiyi bəzi fotoları gənclərə nümayiş etdirib.
Tanınmış fotoqraf Valeh Arifoglu isə çıxışında deyib ki, foto və video materiallarda ən önəmli məqam anı yaxalamaqdır. O çəkdiyi fotoların tarixçəsi haqda gənclərə məlumat verib.
İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı isə gənclərin informasiya müharibəsində daha da aktiv olmasının vacibliyindən danışıb. O deyib ki, hər bir Azərbaycan gənci beynəlxalq arenada daha da fəal olmalı və Azərbaycan həqiqətlərini yaymalıdır. Təşkilat sədri bu işdə sosial şəbəkələrin rolunu da xüsusi qiymətləndirib.
Tədbirdə müxtəlif universitetlərdə təhsil alan və jurnalistikaya marağı olan 50-dən çox gənc iştirak edib.
Tədbir gənclərin sualları ilə davam edib.
Sonra tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.
  •  (0)
  •  (0)