“Mən Qarabağam!” yaradıcılıq layihəsinə start verilibbackend

“Mən Qarabağam!” yaradıcılıq layihəsinə start verilib

Odlar Yurdu Universiteti  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Mən Qarabağam!” dizaynerlərin gözü ilə adlı yaradıcılıq layihəsinə start verib.

Bu barədə Hokm.az-a təhsil ocağından xəbər edilib.

44 günlük müharibə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan “Şanlı Qələbə”mizlə başa  çatdı. İndi artıq quruculuq dövrü başlayır. Cənab Prezident tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda bərpa – yenidənqurma işlərinin başlanması ilə əlaqədar müxtəlif sərəncamlar imzalanır və hazırda bu istiqamətdə gedən quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi   üçün ciddi işlər görülür.

Layihənin  əsas məqsədi əsirlikdən azad olunan abidələrimizin, yaşayış məskənlərimizin bərpa və yenidənqurma işlərinə  bu sahədə təhsil alan tələbələri, gənc mütəxəssisləri cəlb  edərək, onların belə məsuliyyətli və şərəfli işdə iştirakını təmin etməkdir.

Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin Dizayn ixtisasının tələbələri və könüllü gənc dizaynerlərlə birgə həyata keçiriləcək layihə 3 mərhələdə öz işini davam etdirəcək.

Birinci mərhələ – layihənin təqdimatı, iştirakçıların seçim turu və işğaldan azad olunmuş rayonların komanda rəhbərləri arasında bölünməsi;

İkinci mərhələ – Komandaların müəyyən olunan vaxt müddətində təqdimata hazırlığı, nominasiyaların müəyyən olunması;

Üçüncü mərhələ – Komandaların layihələrini təqdim etməsi, təqdim olunan layihələrin qiymətləndirilməsi, qaliblərin müəyyən olunmasından ibarət olacaq;

Layihə 10 mart – 10 may tarixlərini əhatə edir.

Qeyd: İşğaldan azad olunmuş torpaqlarımızın bərpa və yenidənqurma işləri ilə bağlı könüllü olaraq layihə təqdim etmək istəyənlər 30 aprel tarixindən gec olmayaraq müraciət edə bilərlər.

Biz artıq torpaqlarımızın çiçək açdığı, yenidən, hətta öncəkidən də çox inkişaf edəcəyi mərhələyə qədəm qoymuşuq.

Bu istiqamətlərdə aparılan işlərdə iştirak etmək hər bir Azərbaycan vətəndaşının borcudur.

  •  (0)
  •  (0)