“Məmurların harınlamış övladları da ayrı bir bəladır“ – Tahir İmanovbackend

“Məmurların harınlamış övladları da ayrı bir bəladır“ – Tahir İmanov

“Özünüz də bizim satirik səhnəciklərimizi görmüsünüz. 2015-ci ilin konsertində təqdim etdiyimiz “Məmurun bağı” səhnəciyi buna bariz bir nümunədir. Bu səhnəcik çox böyük populyarlıq da qazanmışdı. Konsertin sonunda həmişə çıxışlarımda bununla bağlı öz fikirlərimi söyləyirdim və bir dəfə dedim ki, bu, vətənə xəyanətdir”

Hokm.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov deyib. T.İmanov rüşvət alan məmurların ən ağır şəkildə cəzalandırılmasının tərəfdarı olduğunu bildirib:

“Biz həmişə məmur özbaşınalığı mövzusuna yumor prizmasından baxırıq. Özünüz də bizim satirik səhnəciklərimizi görmüsünüz. 2015-ci ilin konsertində təqdim etdiyimiz “Məmurun bağı” səhnəciyi buna bariz bir nümunədir. Bu səhnəcik çox böyük populyarlıq da qazanmışdı. Konsertin sonunda həmişə çıxışlarımda bununla bağlı öz fikirlərimi söyləyirdim və bir dəfə dedim ki, bu, vətənə xəyanətdir. Hər bir rüşvətxor məmur sanki vətənə xəyanət edir. İndiki dövrdə isə mən bu cür məmurları cəbhədə olan düşmənlərdən heç də fərqləndirmirəm. Hər ikisi bizə zərbə vurur. Biri arxadan zərbə vurur və bu da bilirsiniz ki, qarşıdan gələn zərbədən daha çətindir. Digəri isə içimizdə bizə zərbə vurur. Mən bunların arasında heç bir fərq qoymaq istəmirəm. İndiki dövrdə ölkə başçısının ətrafında birləşib, ona dəstək olmaqdansa, onun sözünü iki etmək  artıq vətənə daha bir xəyanətdir. Məndən asılı olsaydı, bu cür rüşvət alan məmurları ömürlük həbs edərdim. Bununla hamıya göstərilməlidir ki, rüşvət alan məmurların sonu belə olacaq. Allahlarına şükür etsinlər ki, bu məndən asılı deyil.

Bizim “Məmurun bağı” səhnəciyi  çox güclü səhnəcikdi. Orda məmurların sayı-hesabı olmayan cangüdənlərindən tutmuş, on metr hündürlüyü olan hasarlarına kimi tənqid edilib. Onların həmçinin harınlamış övladları da bir bəladır. Rüşvət almaları azmış kimi, bunlar harınlamış övladlarının tərbiyəsinə də fikir vermirlər. Biz bunların tərbiyyəsizliyinə, mədəniyyətsizliyinə nə vaxta kimi dözəcəyik axı. Nə Mübariz İbrahimov və nə də indiki şəhidlərimiz bunlara nümunə oldu. İnsan yaşadıqca, gərək öz səhvlərini dərk eləsin və nəticə çıxarsın ki, bir də belə səhvlərə yol verməyəcək. Bu günə kimi rüşvət alan bir neçə icra başçısını DTX həbs edib. Hər dəfə cənab prezident onlara xatırladır ki, rüşvət almayın, kim rüşvət alsa, o bizimlə deyil, həbs olunacaq, cəzalanacaq. Amma yenə bunlara dərs olmur”.

  •  (0)
  •  (0)