Medianın qarşısında məmuriyyət səddi – Əzəli və əbədi…backend

Medianın qarşısında məmuriyyət səddi – Əzəli və əbədi…

Dövlət qurumları hələ də mətbuatdan qaçır: niyə gizlənməyə çalışırsınız?

Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “Müharibədən sonrakı reallıqlar və media” adlı təlimdə deyib ki, mətbuat nümayəndələri zəruri informasiyalarla təmin edilməlidir. Agentlik sədri dövlət qurumlarını KİV-lərlə fəal əməkdaşlığa çağırıb.

Qeyd edək ki, bundan öncə Prezident İlham Əliyev ölkə televiziyalarına müsahibəsi zamanı bir çox informasiyaları məhz mətbuatdan əldə etdiyini diqqətə çatdırıb. Ölkə başçısı qeyd edib ki, dövlət qurumları mətbuata açıq olmalı, ictimai nəzarətin institusional formatı yaradılmalıdır. Nəzərə alsaq ki, əksər dövlət qurumları mediaya qapalı fəaliyyət göstərir və onlar ictimai hesabatlılıqda maraqlı deyil, mövzu hər zaman öz aktuallığını qoruyub saxlayır.

 

“Teleqraf Media Holdinq”in rəhbəri Aynur Camal AYNA-ya açıqlamasında deyib ki, ictimaiyyətlə dövlət qurumları arasında faydalı və qarşılıqlı əlaqələrin olmaması medianın ən ağrılı yerlərindən biridir: “Sözsüz ki, müvafiq qanunvericiliyin tələbləri yerinə yetirilməlidir. Mətbuat orqanları və jurnalistlər müraciət etdikləri dövlət qurumları tərəfindən lazımi informasiyalarla təmin edilməlidirlər. Dövlət qurumları media üçün əlçatan olmalıdır. Lakin təəssüflər olsun ki, reallıq bunun əksini deyir. Əksər dövlət qurumları sovet streotiplərindən xilas ola bilmir. Onlar ictimai hesabatlılıq və şəffaflıq əvəzinə, KİV-lərdən yayınmağa üstünlük verirlər. Bəzi hallarda isə mətbuatla əlaqələri tənzimləyəcək məmurları seçərkən onların qarşısında mətbuatdan uzaq durmaqla bağlı konkret tələblər qoyurlar”.

Həmsöhbətimizin sözlərinə görə, yazılı sorğuların tələb olunması operativ informasiya yayımını əngəlləyən faktor rolunda çıxış edir: “Hazırda biz informasiya texnologiyaları əsrində yaşayırıq və bəzən bir dəqiqə sonra belə, xəbər köhnəlmiş sayılır. Dövlət qurumlarına edilən sorğulara isə iki iş günü müddətində cavab verilir. Bu, müasir dövrün tələblərinə uyğun gəlməyən, xəbər istehlakçılarının məlumatları informasiya resurslarından deyil, sosial şəbəkələrdən əldə etməsinə gətirib çıxaran məqamdır”.

“Bəzi məmurlar hələ də başa düşmürlər ki, bu, ilk növbədə onların özlərinə ziyandır. Əgər barələrində qeyri-dəqiq və əsassız xəbərlərin yayılmasını istəmirlərsə, mətbuatın normal fəaliyyəti üçün şərait yaratmalıdırlar. Bu, çox yanlış texnologiyadır və görünür, onlar cəmiyyətdən nələrisə gizlətməyə çalışırlar. Hesab edirlər ki, yol verdikləri nöqsanlar ictimailəşərsə, işlərini itirə və məsuliyyətə cəlb oluna bilərlər”, – deyə media qurumu rəhbəri bildirib.

Camal əlavə edib ki, bu cür üsullarla uzağa getmək mümkün deyil: “Dəfələrlə bununla bağlı ən yüksək səviyyədə xəbərdarlıqlar edilib. Prezident İlham Əliyevin dəfələrlə söylədiyi və son müsahibəsi zamanı xüsusi vurğuladığı bu problem öz həllini tapmalıdır. Dövlət başçısı hər zaman bəyan edib ki, jurnalistlər onun köməkçiləridir və bir çox məlumatları məhz mətbuatdan əldə edir. Hesab edirəm ki, ləyaqətli və dövlətini sevən, ona göstərilən etimadın məsuliyyətini anlayan heç bir məmur mediadan qaçmamalıdır. Kim bunu edirsə, görünür, “qara işlərlə” məşğuldur və məqsədi də bu yolla ictimai qınağa tuş gəlməməkdir”.

 

Teleaparıcı, Əməkdar jurnalist Mətanət Ağamirli də AYNA-ya deyib ki, məmurların mediadan qaçması yolverilməzdir: “Ölkəboyu həyata keçirilən islahatlar mətbuatdan da yan ötə bilməzdi. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, o cümlədən Prezidentin köməkçiləri kifayət qədər mətbuata açıq fəaliyyət göstərirlər. Belə olduğu təqdirdə dövlət məmurlarının da borcudur ki, ictimai rəylə hesablaşsınlar”.

“Düşünürəm ki, bu, həm də şəxsi keyfiyyətlərlə bağlı olan bir məsələdir. Bu, o deməkdir ki, həmin məmurlar kifayət qədər mühafizəkardırlar və nələrisə gizlətməyə çalışırlar. Çünki bütün dünyada olduğu kimi, Azərbaycanda da mətbuat ictimai nəzarəti həyata keçirir. Əgər ictimai nəzarəti təmin etməli olan təsisat dövlət qurumlarından lazımi informasiyanı əldə edə bilmirsə, təsəvvür edin ki, həmin məmurların vətəndaşlara münasibəti necə olacaq… Prezident İlham Əliyevin də son müsahibəsi zamanı söylədiyi kimi, hər bir dövlət qurumu şəffaf və ictimai hesabatlı fəaliyyəti təmin etməlidir”, – deyə müsahibimiz söyləyib.

Ağamirli qeyd edib ki, bu məsələdə ölkə mətbuatının da üzərinə böyük məsuliyyət düşür: “Hesab edirəm ki, müasir texnologiyaların inkişaf etdiyi hazırkı şəraitdə media da öz fəaliyyətini buna uyğunlaşdırmalıdır. Mətbuatda peşəkarlıq vərdişləri artdıqca məmurlar da məcbur olub KİV-lərlə əməkdaşlıq edəcəklər. Bu xüsusda vacibdir ki, media da müstəqil, obyektiv və qərəzsiz fəaliyyət göstərsin. Bütün hallarda son dövrlər istər mətbuatın peşəkarlıq səviyyəsində, istərsə də dövlət qurumlarının KİV-lərə münasibətində müsbətə doğru meyllər müşahidə olunur. Lakin bununla kifayətlənmək olmaz. Prezident İlham Əliyevin ölkə TV-lərinə son müsahibəsi zamanı söylədiyi fikirlər məmurlar üçün örnək olmalıdır. Nəhayət, onlar da anlamalıdırlar ki, ictimai hesabatlılıq olmadan fəaliyyət göstərmək bundan sonra mümkün olmayacaq”.

 

“Bizimxeber.az” portalının baş redaktoru Ədil Hüseynli isə fərqli düşünür. Onun AYNA-ya dediyinə görə, mətbuatla dövlət qurumları arasında münasibətlərin tənzimlənməsi bir sıra faktorlardan asılıdır: “İlk növbədə medianın müstəqilliyi təmin edilməlidir. Azad və müstəqil mətbuat olmadan bu sahənin inkişafından danışmaq mənasızdır. Əgər mətbuat orqanı özünü maddi baxımdan təmin edə bilmirsə, məcbur olub kiminsə sifarişini icra edəcək. Bu halda isə cəmiyyəti obyektiv və tərəfsiz informasiya ilə təmin etmək, hadisələri olduğu kimi oxuculara çatdırmaq mümkün deyil”.

“İkinci əsas səbəb mətbuata məsul qurumların yürütdüyü ayrıseçkilik siyasətidir. Təəssüf ki, onlar jurnalistləri iki şərti qrupa ayırıblar: Birinci qrup bunların diqtəsi ilə hərəkət edən, ikinci qrup isə müstəqil jurnalistlərdir. Çox təəssüf ki, bütün qapılar birinci qrupa daxil olanlar üçün açıqdır və onlar xüsusi imtiyazlar əldə edirlər. Daha bir vacib səbəb isə jurnalistlərin peşəkarlıq səviyyəsi ilə bağlıdır”, – deyə jurnalist vurğulayıb.

Hüseynlinin fikrincə, “avtobus jurnalistikası” ilə mətbuatı uzağa aparmaq olmaz: “Jurnalist görəndə ki, onun qarşısında əsas missiya obyektiv və müstəqil fəaliyyət göstərmək yox, kimlərəsə daha yaxın olmaqdır, o halda çalışacaq ki, mövcud reallığın diqtəsi ilə hərəkət etsin. Bu, mətbuatın ən ciddi problemlərindən biridir. Uzun müddət ölkə mətbuatı Əli Həsənova bağlı “media kapitanları”nın hegemonluğu ilə davam etdi. Keçirilən bütün tərbidlərə yalnız özlərinə yaxın jurnalistləri dəvət edir, bununla da mətbuatı bataqlığa sürükləyirdilər. Ümid edirdik ki, post-Həsənov dövründə bu kimi hallar olmayacaq. Çox təəssüf ki, hər şey olduğu kimi davam edir. Bir jurnalistə ki, öz mənsub olduğu, aid edildiyi müvafiq qurumda və ya qurumlarda hörmət yoxdur, digər dövlət orqanları da ona əhəmiyyətsiz yanaşacaq”.

  •  (0)
  •  (0)