Mediamızda yeni-köhnə ənənə: alan razı, verən razı və…backend

Mediamızda yeni-köhnə ənənə: alan razı, verən razı və…

Natiq Məmmədli: “39 informasiya  və idman saytı şərtlərimizə cavab verdi”

Qulu Məhərrəmli: “MEDİA Agentliyinin işi mətbuata pul paylamaq olmamalıdır”

Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyi (MEDİA) ölkə mətbuatı tarixində ilk dəfə olaraq xəbər saytlarına maliyyə vəsaiti ayırıb. 39 ictimai-siyasi və idman məzmunlu xəbər portalı agentliyin elan etdiyi müsabiqədə qalib olub.

Artıq xəbər saytlarının maliyyələşməsindən bir ay ötür. AYNA Medianın İnkişafı Agentliyi, qalib sayt rəhbərləri və media ekspertinin müsabiqənin gedişatı ilə bağlı fikirlərini öyrənib.

Agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədlinin sözlərinə görə, MEDİA-nın icraçı direktoru qalib saytların rəhbərləri ilə görüş keçirib: “Bu görüşlərdə qarşıda duran hədəflər və görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, Agentliyin texniki heyəti ilə qalib mətbuat orqanlarının texniki işçləri arasında da görüş olub. Saytlara texniki göstəricilərlə bağlı müvafiq təlimatlar verilib”.

Məmmədli qeyd edib ki, artıq elan olunmuş müsabiqənin birinci ayı başa çatıb: “İlk ay üçün ümumi nəticələri qənaətbəxş saymaq olar. Bilirsiniz ki, 95 xəbər saytı müsabiqədə iştirak üçün müraciət edib. 39 informasiya və idman saytı müsabiqənin qalibi olub. Qeyd olunan media resursları elan etdiyimiz müsabiqənin şərtlərinə uyğun gəlib. Agentliyin əsas hədəfləri bəyan etdiyimiz kimi, xəbər portallarının sosial şəraitinin yaxşılaşdırılması, peşəkarlıq vərdişlərinin artırılmasıdır. Müsabiqənin başa çatmasına altı ay qalır. Bu müddətin yekununda nəticələr barədə daha ətraflı danışmaq olacaq”.

Müsabiqədə qalib olan “Publika.az” saytının baş redaktoru Aqil Lətifov deyib ki, ayrılan maliyyə saytın işinə ümumi dəstəkdir: “Bildiyiniz kimi, “Publika.az” saytı uzun müddətdir fəaliyyət göstərir. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, ölkənin aparıcı xəbər resurslarından biriyik. Bu günə qədər onsuz da hər gün 50-60 özəl xəbər istehsal edirdik. Halbuki MEDİA Agentliyinin müsabiqə şərtlərində bu rəqəm 20-dir. Eyni zamanda üç daimi işçi tələbi var. Bizim əməkdaşlarımızın sayı da bundan qat-qat çoxdur. Yəni, biz uzun illərdir bundan da artıq fəaliyyət göstərmişik. MEDİA Agentliyinin vəsait ayırması isə bizim üçün əlavə stimuldur”.

Lətifovun sözlərinə görə, ayrılan vəsaiti saytın inkişafına sərf edəcəklər: “Biz ayrılan vəsaiti saytın maddi-texniki bazasının gücləndirilməsinə, işçilərin əmək şəraitinin daha da yaxşılaşdırılmasına yönəldəcəyik. Eyni zamanda üzərimizə götürdüyümüz öhdəlikləri də yerinə yetirəcəyik”.

Müsabiqənin daha bir qalib saytı “Qaynar.info”nun baş redaktoru Zahir Əzəmətin bildirdiyinə görə, ayrılan məbləğ onlar üçün yüksək məbləğ deyil: “Açıq etiraf etməliyəm ki, “Qaynar.info”da təkcə əməkhaqlarına ayrılan vəsait Agentliyin ayırdığı məbləğdən üç dəfə çoxdur. Lakin bütün hallarda bu da dəstəkdir. Biz MEDİA Agentliyinin bu addımını dəstəkləyirik. Qoyulan şərtlər hesab etmirəm ki, ağırdır. Çünki gün ərzində 20 yazı istehsal etməyən portal aparıcı media resursu sayıla bilməz. Biz müsabiqə zamanı üzərimizə götürdüyümüz öhədlikləri təbii ki, yerinə yetirəcəyik. İşçilərin əməkhaqlarının rəsmiləşdirilməsi və digər məqamlara xüsusi diqqət ayırırıq. Hazırda 10 işçimiz var ki, onların hamısı əmək müqaviləsi ilə çalışır”.

Əzəmət hesab edir ki, kiçik saytlara da maliyyə mexanizmləri nəzərdə tutulmalıdır: “Bununla kifayətlənmək olmaz. Digər dəstək mexanizmləri də hazırlamalıdır. Ümid edirəm ki, gələcəkdə MEDİA Agentliyinin fəaliyyəti ilə bağlı müsbət fikirlər söyləyə biləcəyik. Uzun müddətdir mətbuatda hökm sürən problemlərin aradan qaldırılmasına şahid olacağıq. Daha “bu müsabiqələr də faydasız oldu” deyib, narahatlıqlarımızı dilə gətirməyəcəyik”.

Qulu Məhərrəmli: “Biz tarixi şəxsiyyətləri üz-üzə qoya bilmərik…”

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli isə fərqli düşünür. Onun fikrincə, MEDİA Agentliyinin işi mətbuata pul paylamaq olmamalıdır: “Hesab edirəm ki, MEDİA Agentliyinin saytların maliyyələşməsi ilə bağlı qərarı yenilik deyil. Buna qədər uzun müddət çap nəşrləri dövlət tərəfindən maliyyələşdirilib. Bu gün də davam edir. Bu, uğurlu siyasət deyil və fəsadlarını görmüşük. Agentlik medianın müstəqiliyinin təmin olunmasına öz töhfəsini versəydi, bu, daha yaxşı olardı. Məhz bu istiqamətdə addımlar atılmalıdır. Əgər bunlar olsaydı, ölkə mətbuatının inkişafından danışmaq olardı. Hazırda isə bunu müşahidə etmirik”.

Ekspertin qənaətincə, medianı inkişaf etdirmək üçün bir sıra vacib məqamlara aydınlıq gəlməlidir: “Əvvəlcə biz müəyyən etməliyik ki, mətbuatı necə görmək istəyirik. Sözsüz ki, mətbuat müstəqil olmalıdır, reklam bazarı formalaşmalıdır, dövlət mediaya birbaşa maliyyə dəstəyi göstərməməlidir, tənqidçi jurnalistikaya şərait yaradılmalıdır, KİV-ərin mənbələrə çıxışı təmin edilməlidir, mətbuat evləri yaradılmalıdır və s. Siyahını uzatmaq da olar. Medianı inkişaf etdirməyin yolları çoxdur. Lakin bunların arasında dövlətin mətbuata birbaşa maliyə dəstəyi olmamamalıdır”.

  •  (0)
  •  (0)