Mədəniyyət xadimləri Qarabağ yürüşünün iştirakçılarına qarşı repressiyaları pisləyirlərbackend

Mədəniyyət xadimləri Qarabağ yürüşünün iştirakçılarına qarşı repressiyaları pisləyirlər

Ölkənin onlarla ədəbiyyat, incəsənət xadimi iyulun 14-də keçirilən Qarabağ yürüşünün iştirakçılarına qarşı repressiyaları pisləyən bəyanatla çıxış edib.

“Biz bütün ölkə ictimaiyyətinə, yazarlara, sənət adamlarına müraciət edərək, onları da baş verən bu xoşagəlməz hadisələrə səssiz qalmamağa çağırırıq. Əziz həmvətənlər, bu ölkə hamımızındır və burada baş verən bütün xoşagəlməz hadisələrin ağrısını birlikdə çəkəcəyik. Biz tarixən dəhşətli repressiya illərini yaşamış bir xalqıq. O illərin bir daha təkrarlanmasına yol verməyə haqqımız yoxdur. Bu gün ölkədə hər şeydən öncə bir həmrəyliyə ehtiyac var, bir olaq, birlikdə olaq ki, Vətənimiz üçün səsimiz hər yerdə ucadan eşidilsin”, deyə müraciətdə qeyd edilir.

Sənəddə bildirilir ki, sərhəddə erməni silahlı qüvvələrinin təxribatı ilə başlayan və Azərbaycanın 12 hərbiçisinin şəhid olması ilə nəticələnən hadisə ölkə gündəmini xeyli gərginləşdirib.

“İllərdən bəri Qarabağ, torpaq ağrısı ilə yaşayan insanlar şəhid xəbərlərindən sarsılaraq küçələrə çıxdı və dövlətlə həmrəylik nümayiş etdirərək Bakı şəhərinin mərkəzində yürüş keçirdi. Dinc şəkildə və Qarabağ şüarları altında keçən yürüşə minlərlə insan qatıldı. Təəssüf ki, məlum yürüşdə hansısa çirkin qüvvələrin əli ilə təxribat törədilərək, insanların saf duyğularının üstünə kölgə salındı. Dünyanın istənilən yerində bənzər hadisələr olur və ümid etmək olardı ki, ölkə rəhbərliyi yürüşün Qarabağ şüarları altında keçirildiyini nəzərə alaraq, baş verən xuliqanlıq faktlarını qanun çərçivəsində inzibati şəkildə cəzalandırmaqla kifayətlənəcək. Amma, bu gözləntinin əksinə, yürüşdə iştirak edən günahsız insanlara qarşı ağır repressiyalar başladı. Onlarla insan heç bir tutarlı dəlil olmadan həbs olundu və barələrində ağır maddələrlə cinayət işi açıldı”.

Müraciəti imzalayanlar bildirir ki, həbs olunan insanlar arasında hamının tanıdığı və heç bir təxribatda iştirak etmədiyinə əmin olduğu onlarla insan var.

“Qarabağ qazisi, şair Manaf Kərimov da onlardan biridir ki, onun da həbs olunan onlarla vətənpərvər insan kimi günahsız olduğuna inanırıq. Təəssüf ki, həbslər bu gün də davam edir və Qarabağla bağlı o coşqulu yürüş arzuolunmaz bir qisasçılıq aksiyasına çevrilib. Biz, bu bəyanatı imzalayan yazarlar ölkə rəhbərliyinə müraciət edərək, onları baş verənlərlə bağlı təmkinli olmağa və repressiyalara son qoymağa çağırırıq. Hesab edirik ki, ölkədə birliyə, həmrəyliyə və dialoqa ehtiyac duyulduğu bir zamanda bu cür kəskin addımlar atmaq, günahsız insanları ağır ittihamlarla həbs etmək yolverilməzdir. Belə sərt addımlar yalnız və yalnız ölkədə nifrətin və qarşıdurmanın dərinləşməsinə xidmət edə bilər. Ona görə, hesab edirik ki, günahsız həbs edilmiş insanların azadlığa buraxılmasında və məhkəmənin media tərəfindən yayınlanmış real kadrlar əsasında obyektiv aparılmasında fayda var”, deyə müracitədə qeyd edilir.(Turan.az)

 

  •  (2)
  •  (0)