Qurban bayramı ilə əlaqədar qeyri-iş günü olmasını fürsət bilən bir qrup şəxs neft sənayesinə məxsus torpaqları zəbt edib qanunsuz tikinti işləri aparmağa cəhd edib.
“Report” xəbər verir ki, belə faktlara xüsusilə Bayıl-20-ci yaşayış sahəsində tez-tez rast gəlinir.
İyulun 31-i “Bibiheybətneft” Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) 3 saylı mədən ərazisində 3 366 saylı işlək neft quyusunun təqribən 40 metrliyində maklerlər Arif və Ruslan Zeynalovların tikintiyə hazırlıq işləri gördüyü mühafizəçilər tərəfindən aşkarlanıb. Onlara neft quyusuna minimum 300 metr məsafədə şəxsi tikinti işlərinin aparılmasının qanunla qadağan edildiyi izah olunub. Lakin onlar xəbərdarlıqlara məhəl qoymayaraq bu gün də (01.08.2020) oğurladıqları torpaq sahəsində tikinti işlərini davam etdiriblər.
Qeyd edək ki, “Bibiheybətneft” NQÇİ-nin 3 saylı mədən ərazisində qanunsuz, özbaşına tikinti işləri baş alıb gedir. Artıq bu ərazilər mədən sahəsini yox, yaşayış massivini xatırladır. Ərazidəki acınacaqlı vəziyyətin dəfələrlə ictimailəşdirilməsinə, mühafizəçilərin bütün cəhdlərinə baxmayaraq qanunsuz tikintinin qarşısını almaq mümkün olmur. Doğrudanmı hüquq mühafizə orqanları 3-5 dələduzun öhdəsindən gələ bilmir?