Mayor oğlunun itkin düşdüyünü eşidən atanın ürəyi partlayıb – Əsgərini xilas edib… – FOTObackend

Mayor oğlunun itkin düşdüyünü eşidən atanın ürəyi partlayıb – Əsgərini xilas edib… – FOTO

“Vüsal öz xüsusiyyətləri və xarakteri ilə ailədədəki digər uşaqlardan fərqli olub. O, çox qayğıkeş, vətənpərvər, qorxmaz, cəsarətli, iradəli, mehriban və bacarıqlı idi. Hələ uşaq vaxtlarından özünə taxtadan avtomat düzəldir, döyüş oyunlarında həmişə qalib olurdu. Dost-tanış, qohum-əqraba tərəfindən çox sevilirdi. Ünsiyyətcil və səmimi olduğu üçün xidmət etdiyi bütün bölgələrdə çoxlu dost qazanmışdı”.

Bunu milli.az-a açıqlamasında Vətən Müharibəsinin şəhidi mayor Vəliyev Vüsalın qardaşı Elyar İslamoğlu deyib.

Şəhid mayor Vəliyev Vüsal İslam oğlu 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. 1994-2002-ci illərdə Şərur rayon Dizəkənd orta məktəbində, 2002-2005-ci il tarixlərində Heydər Əliyev adına Hərbi liseydə, 2005-2009-cu il tarixdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərbi təhsilin sirrlərinə yiyələnib. 2012-ci ildə 3 aylıq XTQ təlimini uğurla başa vurub.
Beyləqan, Füzuli, Ağdam, Tərtər, Qazax, Tovuz, Göygöl – Murovdağ silsiləsində xidmət keçib, leytenant rütbəsindən mayor rütbəsinəcən yüksəlib.

Azərbaycan Ordusunun mayoru olan Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı həmlə taborunun komandiri olub. Murovdağdan başlanan döyüş yolu Şuşanın azadlığınadək davam edib. Mayor Vüsal Vəliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabr 2020-ci il tarixdə Şərur rayonundakı Şəhidlər xiyabanında dəfn olunub.

Xidmət etdiyi müddətdə mayor Vüsal Vəliyevə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1928-2013) Yubiley medalı”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley Medalı”, Azərbaycan Respublikası Müdafiə Naziri General-Polkovnik Zakir Həsənov tərəfindən təqdim edilmiş medal, “Əfqanıstanda sülhməramlı missiyaya görə” medalı, “10 il Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medalı tədqim edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Vəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Mayor Vüsal Vəliyev nişanlı idi. Xidmət etdiyi bölgələr tez-tez dəyişdiyi, müxtəlif hərbi təlimlərə qatıldığı üçün təyin edilmiş toyun vaxtı bir neçə dəfə təxirə düşüb. Şəhid Vüsal Vəliyevlə əlaqə oktyabrın 2-dən kəsildiyi üçün itkin elan edilib. Onun itkinlik xəbərini eşitdən atası İslam Vəliyev dözməyərək vəfat edib.

Vüsal Vəliyev Qazax və Tovuz rayonlarında xidmətdə olarkən General Polad Həşimov onun komandiri olub. Onlar həm səngər yoldaşı, həm də yaxın dost idi. Hər iki komandir yeməyini əsgərlə bölüşüb, əsgərin hər zaman qayğısına qalıb. Elə ona görə də General Polad Həşimov şəhid olduqdan sonra əsgərləri Vüsala “ikinci Polad” deyirmiş. Çünki Vüsal da Polad Həşimov kimi əsgərlərilə bərabər səngər qazır, odun doğrayır, çöl təlimlərində onlarla eyni çadırda yatır, eyni yeməkdən yeyirmiş. Polad Həşimov şəhid olandan sonra Vüsal komandirinin intiqamını alacağına söz vermişdi. Müharibə zamanı şəhid komandirinin intiqamını alaraq özü də şəhidlik zirvəsinə yüksəldi.

Keçmiş əsgər və zabitlərinin xatirələri

Şahabəddin Məmmədov: Allah rəhmət eləsin. Çox gözəl insan idi. Vətənimizin, dövlətimizin, ordumuzun itirdiyi dəyəri, qiyməti ölçülə bilməyən oğullardan biri idi. Mənim dövrümdə bölük komandiri idi. Çox heyf ondan… Ruhu şad olsun.

Fərid Kərimov: Canım kombatım, sayəndə sağ qalmışam. Son döyüşdə məni qorudu. Amma özü şəhid oldu. O, təkcə komandir deyil, həm də bizə böyük qardaş, ata əvəzi idi. Allah rəhmət eləsin.

Rizvan Şükürov: Cənab mayor Vüsal Vəliyev haqqında nə qədər yaxşı sözlər desəm də az olar. Onun kimi mərd, şəxsiyyətli komandirlər az-az dünyaya gəlir. O bizə böyük qardaş olub. Onun ölümü bizi çox üzdü. Amma bizim təskinliyimiz odur ki, o şəhidlik məqamına yüksəlib. Allah ailəsinə səbr versin. Komandirin atası da onun xəbərini eşidibb dünyasını dəyişib. Allah rəhmət eləsin. Haqqını bizə halal et, komandirim.

Ruzil Babayev: Beyləqanda tağım komandirim olub. Həm çox yaxşı insan, həm də yaxşı komandir idi. O qədər təmiz ürəkli, rəhmli, mədəni insan idi ki. Ona ömür boyu borcluyuq. Onun haqqı ödənilməz. Fəxr edirəm ki, elə bir komandirim olub. Onun ruhu qarşısında baş əyirəm. Allah rəhmət eləsin.

Tağı Qənbərov: Kursant vaxtından çox ürəkli və mərd oğlan olub. Həm də müəllim, zabit və kursant yoldaşları arasında yüksək hörməti var idi. Allah rəhmət eləsin.

  •  (3)
  •  (0)