Makronun Fransası – tərəfkeş həmsədr dövlət təcavüzkarı dəstəkləyirbackend

Makronun Fransası – tərəfkeş həmsədr dövlət təcavüzkarı dəstəkləyir

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğaldan azad edilməsi istiqamətində əks -hücum əməliyyatı davam edir.

Otuz ilə yaxındır bu münaqişənin həllinə vasitəçilik missiyasını üzərinə götürənlərin yarıtmaz fəaliyyəti nəticəsində Qarabağdakı separatçılar və Ermənistanın iştahası böyüdü.

Sepratçılıq və işğalı davam etdirən ermənilərin ən böyük havadarı rolunda Fransa da çıxış edir. Azərbaycan ərazisinə qanunsuz olaraq keçən Parisin “Le Mond” qəzetinin jurnalistinin yaralanması hadisəsindən Ermənistan və Fransa şou qurub. Jurnalistin yaralanması xəbərinin doğru olub-olmadığı hələ məlum deyil. Bundan başqa, əks-hücum əməliyyatı keçirilən ərazidə Azərbaycan xarici jurnalistlər üçün şərait yaradıb. Odur ki, “Le Mond”un əməkdaşı da qanuni şəkildə Azərbaycan tərəfdən döyüşləri izləyə bilərdi. Ona görə də belə bir sual yaranır: “Le Mond”un əməkdaşının Qarabağda nə işi var? O, Qarabağ ərazisinə daxil olmaq üçün vizanı hansı dövlətdən alıb?

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, mülki şəxslərə və obyektlərə atəş açmır. Deməli, jurnalistin yaralanması oyundur. Bunu Fransa prezidenti Emmanuel Makronun çıxışından da görmək olar.

O bildirib ki, Qarabağda yaralanmış jurnalistin arxasınca təyyarə göndərmək niyyətində olduğunu açıqlayıb.

Son illərin hadisələrindən məlumdur ki, Ermənistan bu sayaq hadisələrdən yaralanır. 1988-ci ildə Spitakda zəlzələ baş verəndə xaricdən Ermənistana xeyli humanitar yardım göndərildi. Sonrakı dövrdə məlum oldu ki, “humanitar yardım”ların arasında hərbi mahiyyətli yüklər də olub. Odur ki, Fransa prezidentinin göndərmək niyyətində olduğu təyyarədə başqa naməlum yükün olmayacağına təminat yoxdur.

Məsələnin başqa tərəfi də var. Ən əsası isə rəsmi Bakının icazəsi olmadan bu təyyarənin Qarabağa uçuş etməsi Azərbaycanın hava məkanının pozulmasıdır. Başqa sözlə, bu aksiya Fransanın Azərbaycan sərhədini bilərəkdən pozması, təcavüz kimi qiymətləndirilməlidir.

Emmanuel Makronun Ermənistanı birmənalı şəkildə dəstəkləməsinə dair başqa fakt da var. O, sentyabrın 27-də “hücumu Azərbaycanın başladığını” iddia edib.

Ermənistanı müdafiə edən Emmanuel Makron daha sonra deyib:

“Ermənistanın müstəqillyi və əhalisinə hörmət göstərilməlidir“.

Görünür, Fransa prezidenti həmsədr dövlətin lideri kimi münaqişə ilə o qədər “yaxından” maraqlanır ki, Dağlıq Qarabağın yerini bilmir. Əks halda Ermənistanın suverenliyindən, onun sakinlərindən danışmazdı. Dağlıq Qarabağ  Azərbaycan torpaqlarıdır. Bu torpaqlarda Azərbaycanın suveren hüquqları pozulub, Azərbaycan vətəndaşları qaçqın düşüb. Azərbaycanın 19 mülki vətəndaşı Ermənistanın açdığı atəş nəticəsində şəhid olub.

Emmanuel Makron əslində erməniləri çox sevdiyindən belə canfəşanlıq etmir. O, 2022-ci ilin aprelində keçiriləcək prezident seçkisinə indidən hazırlıq görür. Ona görə də ermənilərdən bu məsələdə istifadə etməyə çalışır.

Fransa 300 ilə yaxındır anti-islam, anti-türk ovqatının körüklənməsində katalizator rolunda çıxış edir. Afrikada və Orta Şərqdə müsəlman ölkələrində Fransanın törətdiyi insanlıqdan uzaq əməllərinin tarix unutmayıb.

“Şarle-Hebdo”da müsəlmanların heysiyyatının təhqir edilməsi bunu təsdiqləyir. Fransa ASALA, PKK kimi terror təşkilatlarının bazasına çevrilib.

Makron da ermənilərin yalanını dəstəkləyərək Qarabağda Azərbaycan tərəfdən guya Suriyadan gətirilən terrorçuların döyüşdüyünü iddia edib. Emmanuel Makron və onun kimi düşünənlər, bu yalanı tirajlayan dövlət rəsmiləri Azərbaycan əhalisinin öz torpaqlarının azad etmək üçün keçirdikləri hissi, göstərdikləri əməli fəaliyyəti görmür. On minlərlə gənc könüllü döyüşə gedib, torpaqları işğaldan azad etmək üçün hərbi komissarlıqlara müraciət edir.

Odur ki, Makronun və onun kimi düşünən dövlət rəsmilərinin əlində bir fakt belə olsaydı onu indi çoxdan əlaltıları olan KİV vasitsəilə yaymışdı. Əllərində fakt olmadığından bu yolla Fransa prezidenti Azərbaycanı şantaj yolunu tutub.

Makronun sülhsevərlik damarı yalnız ermənilərə çatanda atır. Əlcəzairdə Fransanın törətdiyi soyqırımı Emmanuel Makron nə tez unudub? Fransa kimi demokratik bir dövlətin başçısının bu sayaq xristian təəssübkeşliyii, habelə siyasi ambissiyasını gerçəkləşdirmək üçün ermənilərdən istifadə etməsi çox gülünc görünür.

Nəhayət, Fransa ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətindən biridir. Münaqişənin həlli ilə bağlı bu ölkə tərəfsiz mövqedən çıxış etməlidir. Ancaq əfsuslar olsun ki, Emmanul Makronun çıxışları, Ermənistanı və erməniliyi müdafiə etməsi Fransanın daşıdığı missiyaya ziddir. Qarabağa məsələsində Fransa vasitəçi deyil, işğalçının tərəfkeşi rolunda çıxış edir.Report

  •  (0)
  •  (0)