Luis Hamilton Formula 1 Böyük Britaniya Qran-Prisinin qalibi oldubackend

Luis Hamilton Formula 1 Böyük Britaniya Qran-Prisinin qalibi oldu

İyulun 18-də Formula 1 Böyük Britaniya Qran-Prisinin qalibi müəyyənləşib.

Hokm.az xəbər verir ki, Silverstoun avtodromunda təşkil olunan mövsümün onuncu yarışında “Mercedes”in pilotu Luis Hamilton birinci olub. İlk üçlüyü “Ferrari”nin pilotu Şarl Lekler və “Mercedes”in üzvü Valtteri Bottas tamamlayıb.

Çempionatın lideri Maks Ferstappen (“Red Bull Racing”) qəza törədib. Belə ki, onun bolidi birinci dövrədə L.Hamiltonun bolidi ilə toqquşduqdan sonra böyük sürətlə təhlükəsizlik səddinə çırpılıb. Qəzadan sonra pilot xəstəxanaya yerləşdirilib.

L.Hamilton cari mövsüm dördüncü, Silverstounda səkkizinci, karyerasında isə 99-cu qələbəsini qazanıb.

Pilotların siyahısına 185 xalla M.Ferstappen başçılıq edir. L.Hamilton 177 xalla ikinci, Lando Norris (“McLaren”) isə 113 xalla üçüncü pillədə yer alıb.

Konstruktorlar kubokunda “Red Bull” 289 xalla birincidir. Hesabında 287 xal olan “Mercedes” ikinci, “McLaren” isə 163 xalla üçüncü yerdə qərarlaşıb.

Növbəti yarış iki həftə sonra Macarıstanda təşkil olunacaq.

Qeyd edək ki, iyunun 6-da Bakı şəhər halqasında təşkil edilən Formula 1 Azərbaycan Qran-Prisində “Red Bull”un pilotu Serxio Peres qalib olmuşdu.

  •  (1)
  •  (0)