Leyla Əliyevadan sakinləri sevindirən addım – VİDEObackend

Leyla Əliyevadan sakinləri sevindirən addım – VİDEO

Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib.

Hokm.az xəbər verir ki, paytaxtın Xətai rayonunda yerləşən həyət Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılıb.

Yenilənmiş həyət Xətai rayonu, Vunq Tau küçəsi 12, 16, 18, 18 a ünvanında 2600 nəfər sakinin yaşadığı binaları əhatə edir.

Sakinlər yaşadıqları binaların həyətində yaradılan şəraitdən məmnun olduqlarını deyirlər:

– Bu binaların, bu həyətin 50 yaşı var. Bu vaxta kimi burada belə bir işlər görülməyib. Birinci dəfədir ki, binanın həyətində bu ölçüdə abadlıq işləri aparılıb. Sağ olsun dövlətimiz. Bu işləri kim təşkil edibsə, bütün sakinlər adından ona minnətdarıq.

– Bura yeni həyət, yeni istirahət məkanımızdır. Bu, demək olar ki, 4 binanın həyətini əhatə edir. Bura 4 binanın sakinləri üçün bayram, şənlik yeri olacaq. Çox səliqə ilə, çox vicdanla iş görüblər.

“Bizim həyət” layihəsinin əsas məqsədi paytaxtdakı həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır:

– Burada həyata keçirilən abadlıq işləri çox yüksək səviyyədədir. Abadlıq işləri 2019-cu ilin dekabrında başladı. Sonra pandemiya başlayanda işlər bir qədər səngidi. Biz güman etdik ki, bu layihə dayandırılacaq. Lakin sonrakı mərhələdə işlər sürətlə davam etdirildi. Bu layihə ona görə vacib idi ki, bizim məhəllə bu günə kimi çox bərbad gündə idi.

– Layihə üçün ilk növbədə cənab prezident İlham Əliyevə, Mehriban xanıma və Leyla Əliyevaya təşəkkürümüzü bildiririk və çox şadıq ki, bizim məhəlləmizdə də belə gözəl abadlıq işləri aparıldı.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 1800 kv.metr ərazidə yaşıllıq zolağı salınıb və əlavə olaraq xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 50 ədəd ağac əkilib.

Yaradılan şəraitdən ən çox razı qalanlar isə bu ərazinin azyaşlı sakinləridir:

– Biz indi rahat şəkildə əyləncəli işlərlə məşğul ola bilirik. Əvvəllər bura çox şəraitsiz vəziyyətdə idi. Amma indi bizim üçün şahmat oynamağa yer, digər əyləncələr üçün hər şərait yaradıblar. Biz uşaqlar çox xoşbəxtik.

– Yaxşıdır, əylənə bilirik burada. Leyla Əliyevaya da təşəkkürümü bildirirəm ki, böyüklər üçün, kiçiklər üçün belə bir şərait yaradıb.

Abadlaşdırılan həyətdə sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğul olma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, futbol meydançası, şahmat meydançası, uşaqlar üçün oyun meydançası salınıb.

Eyni zamanda, ərazidə 3 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

Yenilənmiş həyətdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktik tədbirlər həyata keçirilib, dezinfeksiya aparatları qoyulub, karantin rejimi qaydalarına riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.
Bununla əlaqədar, paytaxtın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

  •  (1)
  •  (0)