Lənkəranda İcra başçısının müavini direktorun gözü qarşısında məktəbli qıza İŞGƏNCƏ verdi – FOTOFAKTbackend

Lənkəranda İcra başçısının müavini direktorun gözü qarşısında məktəbli qıza İŞGƏNCƏ verdi – FOTOFAKT

Azərbaycanda şok hadisə yaşanıb. Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyeva məktəb direktorunun gözü qarşısında 9-cu sinif şagirdinə olmazın işgəncələr verib.

Bu barədə Bizim.Media-ya döyülən məktəblinin anası Ləman Camalova bildirib.

Onun sözlərinə görə Rasilə Əliyeva qızı Aliyəni öz evinə çağıraraq başına və bədəninə ağır xəsarətlər yetirib:

“Qızım nənəsi ilə Lənkəranda qalır və həmin rayonun 4 saylı orta məktəbində təhsil alır. Mən isə Bakıda yaşayıram. Rəhilə Əliyevanın qızı Sara qızım Aliyə ilə rəfiqədirlər. Səhər tezdən Sara qızıma zəng edib ki, 9-cu sinif attestatları bizdədir, gəl götür. Qızımın dalınca maşın da göndəriblər. Rasilə Əliyeva qızımı evində 5-6 nəfərin gözü qarşısında döyüb və nalayiq ifadələrlə söyüb. Başına telefonla, qarnına və bədəninə təpiklə, əllə zərbələr endirib. Bir azdan həmin evə V.Əliyev adına Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova gəlib.

Görün, bu qadın necə qudurğandır ki, bu qədər adamın gözünün qarşısında uşağımı ölümcül vəziyyətə salıb. Qız elə haladır ki, deyiləsi deyil. Travmadan başı ağırıyır, ürəyi bulanır. Bu gün yenidən həkimə aparacağam. Uşağım onun əlində ölsəydi, nə cavab verəcəkdi? İndi direktor gəlib ayaqlarıma düşsün, görüm nə deyəcək?”

Ana bildirib ki, Sara dəfələrlə Aliyənin telefonundan sevdiyi oğlana mesaj yazıb. Oğlan da Aliyə vasitəsilə Sara ilə əlaqə qurmalı olub:

“Rasilə Əliyeva qızımı və məni əxlaqsız adlandırıb. Öz adını bizə qoyub. Haqqımda, hətta çalışdığım kollektivdən belə məlumat öyrənə bilərsiz. Bu günə qədər haram çörək yeməmişik. Bir də Rasilə Əliyeva barədə məlumat toplayın, görün bütün rayon nə deyir. Təsəvvür edin ki, qızım polis bölməsində ifadə verəndə Rasilə Əliyevadan eşitdiyi ifadələri təkrarlaya bilmədi. Dedi dilə gətirməyə utanıram. Çünki ömründə o sözləri eşitməyib.

Ləman Camalova qızına ağır xəsarətlər yetirən Rasilə Əliyeva barəsində Lənkəran rayon Polis Şöbəsinə şikayət ərizəsi verib və icra başçısının müavininin məsuliyyətə cəlb olunmasını tələb edib:

“Bilmirəm, bu işə nə qədər ədalətli baxacaqlar. Fakt ortadadır. Xəsarətlərlə bağlı ekspertiza rəyi var. Bu məsələnin sonuna qədər gedəcəyəm və Rasilə Əliyeva zorakı əməlinə görə cavab verəcək”, deyə ana qeyd edib.

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, Lənkəran ŞRPŞ-yə daxil olmuş müraciət əsasında araşdırma aparılır. Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Məsələni diqqətimizdə saxlayacağıq.


 

 

  •  (0)
  •  (1)