Lavrovdan gözlənilməz açıqlama – “Taliban”ın andiçməsində iştirak edəcəkbackend

Lavrovdan gözlənilməz açıqlama – “Taliban”ın andiçməsində iştirak edəcək

“Taliban” Əfqanıstanda yeni hökumətin andiçmə mərasimini 11 sentyabra təyin edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə bəyan edib ki, andiçmədə iştirak etməyə hazırdır. Maraqlıdır, Rusiyanın “Taliban”a qarşı sərt mövqe göstərməməsi, yaxınlaşma mesajları nədən xəbər verir?
Halbuki vaxtilə Sovet qoşunları “Taliban”la vuruşurdu.
Mövzu ilə bağlı Sfera.az-a danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov “Taliban”ın hakimiyyətə gəlişinin Rusiyanın bir neçə mövqedə güclənməsi ilə nəticələnəcəyini bildirib:
“Sovet qoşunlarının vuruşduğu “Taliban”la indiki “Taliban” arasında yerlə göy qədər fərq var. Artıq geosiyasi proseslər də onu diqtə edir ki, Rusiya ilə “Taliban” arasında mütləq şəkildə yaxınlaşma olmalıdır. Əslində, Rusiya ilə “Taliban” arasında 2000-ci ildən bu yana münasibətlər heç də pis olmayıb. Son 6 ildə “Taliban” nümayəndələri Rusiya ilə tez-tez görüşlər keçirib. Təbii ki, Moskva başa düşürdü ki, Əfqanıstanda real güc taliblərə məxsusdur. Bəziləri düşünür ki, ABŞ-ın Əfqanıstandan çıxması Rusiyanın Mərkəzi Asiyada mövqeyini zəiflədəcək və taliblər Rusiyaya təhdid olacaqlar. Lakin mənim fikrim ondan ibarətdir ki, ABŞ-ın Əfqanıstandan çıxması Rusiyanın Mərkəzi Asiya və Əfqanıstandakı mövqelərini gücləndirəcək”.
Politoloq Əfqanıstanın hansısa dövlətə qarşı təsir vasitəsi kimi işlənməyəcəyini qeyd edib:

“Yaxın vaxtlarda biz taliblərin həm Çin, həm də Rusiya ilə anlaşmalar əldə etməklərinin şahidi olacağıq. Bir tərəfdən Pakistanın “Taliban”la yaxınlığı və Pakistanın ənənəvi olaraq İngiltərə ilə münasibətlərinin isti olması, bir çoxlarında regionda məhz Türkiyə-Pakistan-Əfqanıstan birliyinin müəyyən ölkələr üçün təhdid olacağı qənaətini yaradır. Lakin indiki taliblərin əsas məqsədi yaşamaq, fəaliyyət göstərmək, dünya ictimaiyyəti tərəfindən tanınmaqdır. Onlar heç bir geosiyasi qüvvələrin digər dövlətlərə qarşı mübarizəsində obyekt rolunu oynamayacaqlar. Əksinə, onlar qüvvələr balansında öz lehlərinə uyğun siyasət aparacaqlar”.

  •  (0)
  •  (0)