“Koronavirusdan qorunmaq üçün Prezidentimizin çağırışına qoşularaq birlik nümayiş etdirməliyik”backend

“Koronavirusdan qorunmaq üçün Prezidentimizin çağırışına qoşularaq birlik nümayiş etdirməliyik”

Millət vəkili: “Sosial məsafənin saxlanılması və maskalardan istifadəyə ciddi yanaşmalıyıq”

Koronavirusa yoluxanların sayında artım müşahidə olunsa da maskasız gəzən vətəndaşların sayı daha da çoxalıb. Eyni zamanda, sosial məsafə iıə bağlı qaydaları və həftə sonu sərtləşdirilən karantin rejimini pozan vətəndaşlar daha çox müşahidə edilir.
Prezident İlham Əliyev 28 saylı birləşmiş şəhər xəstəxanasının modul tipli xəstəxananın açılışı zamanı etdiyi çıxışında bildirib: “Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir – ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil – bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər – gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb.”
Millət vəkili Sahib Alıyev “ümid edirəm ki, cənab Prezidentin bu sözlərindən sonra bir çox vəzifəli və hüquqi şəxslər öz məsuliyyətlərini dərk edəcəklər”, deyə bildirib: “Marketlərdə, bazarda, banklarda, əksər müəssisələrdə, ictimai nəqliyyatda və sair yerlərdə maskasız dolaşanlar, sosial məsafəyə riayət etməyənlər hazırda nəzərə çarpdığı, daha dəqiqi gözü deşdiyi qədər çox olmayacaq”.

“Yeni yoluxma hallarının sayında artım müşahidə olunur”

Millət vəkili Naqif Həmzəyev “Xalq Cəbhəsi”nə açıqlamasında bildirdi ki, bu gün bütün dünyanın diqqəti sərhəd tanımayan koronavirusun qarşısının alınmasına yönəlib. Onun sözlərinə görə, XXI əsrin yeni bəlası – koronavirus pandemiyasının yayılmağa başladığı ilk gündən dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə virusa qarşı dövlət tərəfindən görülən tədbirlər, qoyulan qadağalar, qəbul edilən qərarlar vətəndaşların sağlamlığına istiqamətləndi: “Xüsusi karantin rejimində ölkəmizin başı üstünü almış virus bəlasından qorunmaq, insanların necə davranmalı olduqları ilə bağlı sosial şəbəkələrdə, televiziya kanallarında çağırışlar edildi, “evdə qalın, sağlam qalın!” – çağırışına əməl etməyin vacibliyini göstərən videoçarxlar hazırlandı: “Bu çağırışların da əsas məqsədi hər bir vətəndaşın sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməsi, başqalarını da bu fəaliyyətə səsləməsi idi.
Xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artımın müşahidə olunması tibbi maskadan istifadə və sosial məsafənin qorunmasının olduqca vacib olduğunu göstərdi.
Koronavirus təhlükəsindən qorunmaq, karantin rejiminə məhkum olmamaq üçün vətəndaşlar sosial məsuliyyət hissini artırmalı, özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğısına qalmalıdırlar. Ümumi bəlamız olan koronavirus pandemiyasından qorunmaq üçün Prezidentimizin çağırışına qoşularaq birlik nümayiş etdirməli, sosial məsafənin saxlanılması və maskalardan istifadəyə ciddi yanaşmalıyıq”.

Karantinin xeyri nədir?

Tanınmış həkim Vaqif Qarayev “Xalq Cəbhəsi”nə bildirdi ki, yoluxuculuğu yüksək olan respirator viruslar var, onlardan biri də hazırda yoluxmağa davam edən koronavirusdur. O, əlavə etdi ki, koronavirus ailəsi çox böyükdür: “2019-cu ildə peyda olduğu üçün COVİD-19 adı verilən virusun sürətli yoluxuculuq xarakteri var. Ona görə də dövlətlər sərhədləri bağladılar, insanları evə qapadılar və s. kimi addımlar atdılar ki, az insan yoluxsun. Ümumiyyətlə, epidemiyalarda yoluxma sayı ilə ölüm sayının müqayisəsi aparılır. Ölüm sayı sağalanların sayından çoxdursa deməli, vəziyyət həddindən artıq pisdir. COVİD-19-la bağlı dünya üzrə yoluxma sayı həddindən artıq çoxdur. Amma ölüm sayı saqalma sayı ilə müqayisədə aşağıdır. Amma bu insanlarda arxayınlıq yarada bilməz. COVİD-19 bütün dünyada iqtisadi çöküş yaradıb. İndi belə epidemiyalar olanda nə edirlər?
Səhiyyənin, təbabətin epidemiya zamanı vəzifələri nədən ibarətdir?
1.İnsanlar qorunmalı, bunun üçün mütləq karantinə alınmalıdır.
2.Vaksin olunmalıdır.
3. Xəstələr müalicə edilməlidir.
COVİD-19-la bağlı vaksin yoxdur. Onu da nəzərinizə çatdırım ki, vaksin müalicə deyil, yoluxmanın qarşısının alınması ilə bağlıdır. COVİD-19 virusuna qarşı təsir edən xüsusi dərmanlar yoxdur, amma başqa virus xəstəlikərində istifadə olunan dərmanlarla mümkün qədər öhdəsindən gəlməyə çalşırlar. Müalicəsi spesifik müalicə adlanır.
Karantinin xeyri nədir? COVİD-19-un ən təhlükəli xüsusiyyəti ondan ibarətdir ki, bir adam asıqırmaq və öskürməklə kifayət qədər insanı yoluxdura bilir. Buna görə də təmas mümkün qədər az olmalıdır. Dünya da bu istiqamətdə gedir. Təcrid olunmanın da müxtəlif yolları var. Evdə qalmaqla özünütəcrid, sosial məsafə və maskadan istifadə mütləqdir. Virus yükü deyilən bir şey var. Yəni bir insana 1, yaxud 101 virus da daxil ola bilər. 1 virus daxil olan insanda xəstəlik təbii ki, yüngül, amma 101 virus daxil olan insanda xəstəlik ağır keçəcək”.

“Bunu anlamasaq yoluxmanın qarşısını ala bilmərik”

Vaqif Qarayev əlavə etdi ki, maska bizi bu “101”lərdən qoruyur: “Biz bunu anlamalıyıq. Bunu anlamasaq yoluxmanın qarşısını ala bilmərik. Yəni bu günə COVİD-19-dan qorunmaq üçün özünütəcrid, sosial məsafəni nə üçün firkirləşiblər? Çünki bir metr yarım, 2 metr məsafədən COVİD-19 virusunun digər insana keçmə ehtimalı çox aşağıdır. Ona görə də çalışmaq lazımdır ki, sosial məsafəni qoruyaq. Bu gün tətbiq olunan qaydalara-maska, sosial məsafə və özünütəcridə əməl etməliyik ki, yoluxma sayı azalsın. Virusun ölməsi, yox olması üçün birinci variant ondan ibarətdir ki, viruslu xəstə ölür, bununla da xəstə ilə yanaşı virus da yox olur. Bu çox təhlükəli yoldur. İkincisi yoluxan insan tibbin hesabına sağalır və virus məhv olur. Virus havada, ümumiyyətlə, hər yerdə canlı hüceyrəni çox tez tapır və yoluxdurur. Amma biz təcrid olunsaq, yəni virus dövriyyə vaxtı canlı insan hüceyrəsi tapmasa ya mutasiya olur, yəni zəifləyir, ya da məhv olub gedir. Bu 3 məqamı mütləq nəzərə almalıyıq. Bundan ötrü də pandemiya dövründə tətbiq edilən karantin qaydalarına əməl etməliyik. Qalan gigiyenik qaydalara da əməl olunmalıdır. Bunlar bütün növ viruslarda vacibdir, amma indiki məqamda daha çox vacibdir”.

  •  (1)
  •  (0)