Könül Nurullayeva: “Şuşa ili” çərçivəsində həyata keçiriləcək tədbirlər mədəniyyət paytaxtımızın inkişafına və nüfuzunun daha da artmasına zəmin yaradacaq”backend

Könül Nurullayeva: “Şuşa ili” çərçivəsində həyata keçiriləcək tədbirlər mədəniyyət paytaxtımızın inkişafına və nüfuzunun daha da artmasına zəmin yaradacaq”

Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi hər bir azərbaycanlını qürurlandırır.
Çünki bu il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Dövlət başçımız da xalqa müraciətində diqqətə çatdırdı ki, bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasını sürətləndirmək məqsədilə 2022-ci il “Şuşa İli” elan edilib. Məlumdur ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. 28 il düşmən əsarətində olan, lakin heç vaxt milli simasını və ruhunu dəyişməyən Şuşanın azad edilməsi bu şəhərin tarixi şöhrətini özünə qaytarmaqdadır. Son 1 ildə görülən işlər bir daha göstərir ki, Şuşa Qarabağın incisi kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir. Ümumiyyətlə, Azərbaycan xalqının Şuşaya hər zaman xüsusi münasibəti olub. Tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşanın tarixi hissəsinin qoruq elan edilməsi də 1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutub. Hələ 1977-ci ildən Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. İşğal zamanı Şuşanı erməniləşdirməyə cəhd etsələr də, buna nail ola bilməyiblər. Prezident İlham Əliyevin də söylədiyi kimi, “bu, onlar üçün yad şəhərdir, öz şəhəri saysaydılar, bu vəziyyətə salmazdılar”. Azad olunduqdan sonra bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilir. Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub-saxlanmasına xidmət etməklə yanaşı, onun hərtərəfli inkişafına da şərait yaradır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev son 1 ildə Şuşaya 7 dəfə səfər edib. Hər dəfə biz bu cənnət məkanda inkişafın şahidi oluruq. Şuşa hər zaman Azərbaycana məxsus olub, ona görə də illər sonra Şuşaya bu tarixi şəhərin əsl sahibləri qayıtdılar. İşğal dövrünə qədər Şuşada daim azərbaycanlılar yaşadığı kimi, bundan sonra da azərbaycanlılar əbədi olaraq Şuşada yaşayacaqlar. “Şuşa ili” çərçivəsində həyata keçiriləcək tədbirlər isə mədəniyyət paytaxtımızın inkişafına və nüfuzunun daha da artmasına zəmin yaradacaq.
  •  (0)
  •  (0)