Könül Nurullayeva: “Dünya azərbaycanlılarının həmrəyliyi böyük Qələbəmizə əlavə töhfə verdi”backend

Könül Nurullayeva: “Dünya azərbaycanlılarının həmrəyliyi böyük Qələbəmizə əlavə töhfə verdi”

31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günüdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd olunması barədə qərar qəbul edilib. 31 dekabr həmrəylik günü bayram kimi dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaqda mühüm rol oynayır. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdi.   2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I Qurultayı soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi.  Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi.  Qurultaydan sonra  2002-ci ildə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı və “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunu qəbul edildi ki, bu da dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi. Milli həmrəylik Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi yeni mərhələdə daha da inkişaf etməkdədir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycanla bağlı olsunlar. Beləliklə, onlar özlərini daha rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək və təbii ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırlması, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı informasiya təminatı dünya azərbaycanlılarınınq arşısında duran əsas vəzifə idi. Xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində atılan praktik addımların nəticəsini 44 günlük Vətən müharibəsi zamanı da şahidi olduq. İstər 2020-ci ilin yayında Tovuz döyüşləri, istərsə də Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin bütün təxribatlarına qarşı effektiv mübarizəsi böyük Qələbəmizə əlavə töhfə verdi.

Ulu Öndər Heydər Əliyev deyirdi ki, “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Bu kəlam bütün dünya azərbaycanlılarının milli şüarına çevrilib. Biz qalib xalq kimi, qalib dövlətin vətəndaşları kimi azərbaycanlı olmağımızla fəxr edirik.

  •  (4)
  •  (0)