Könül Nurullayeva: “Azərbaycan Soçi görüşündə qarşısına qoyduğu məqsədlərə nail oldu”backend

Könül Nurullayeva: “Azərbaycan Soçi görüşündə qarşısına qoyduğu məqsədlərə nail oldu”

Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın Baş nazirinin Soçidə keçirilən üçtərəfli görüşünü sülh prosesinə töhfə verən təmas kimi qiymətləndirmək olar. Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu.

Avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olundu. Hər hansı bir şərt qoymadan Azərbaycan Prezidentinin mövqeyi birgə bəyanatda öz əksini tapdı və ən əsası, sənəddə Qarabağ ifadəsinin olmaması Azərbaycanın haqlı və qətiyyətli mövqeyinin ifadəsidir. Dövlət rəhbərlərinin bəyanatında da qeyd olunduğu kimi, üçtərəfli 10 noyabr razılaşmasının icrası başda olmaqla regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasına dair 11 yanvar 2021-ci il tarixli bəyanatı da diqqətdə saxlandı və aydın oldu ki, məhz Azərbaycan ötən bir il ərzində müharibənin fəsadlarının aradan qaldırılması, kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib. 10 noyabr bəyanatında əks olunan məsələlər məhz Azərbaycan tərəfindən məsuliyyətlə icra olunmaqdadır. Ermənistan isə hələ ki, bu konstruktivliyi nümayiş etdirməkdən boyun qaçırır və üstəlik, sülh prosesini məhz təxribatlar törətməklə pozur. Dövlət başçımızın da söylədiyi kimi, rəsmi Bakı dəfələrlə Azərbaycan və Ermənistan arasında sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyini bəyan edib. Azərbaycan qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq, gələcəkdə qonşu kimi yaşamağı təşviq etmək üçün Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif edib. Bakı bu prosesdə Rusiyanın da rolunu yüksək qiymətləndirir. Dövlət sərhədində vəziyyətə gəlincə, baş vermiş toqquşmalar risklərə nəzarət etmək, onları minimallaşdırmaq və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, o cümlədən üçtərəfli formatda müzakirəsini zəruri edir. İndiki məqamda Ermənistanın pozucu fəaliyyətinə yox, 10 noyabr və 11 yanvar bəyanatlarından irəli gələn vəzifələrin mümkün qədər tez həllinə yönəlmiş birgə səyləri gücləndirməyə ehtiyac var. Soçidə imzalanan birgə bəyanatda da tərəflər bu istiqamətdə razılıq ifadə ediblər. Ortaq yanaşma bundan ibarətdir ki, Cənubi Qafqazın sabitliyinin, təhlükəsizliyinin və iqtisadi inkişafının təmin edilməsi maraqlarına uyğun olaraq ardıcıl şəkildə fəaliyyət davam etdirilməlidir. “Biz Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmağa və tərəflərin xahişi əsasında Rusiya Federasiyasının məsləhətçi köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş aparmağa razılaşdıq. Biz regionun iqtisadi potensialını üzə çıxarmaq üçün tez bir zamanda konkret layihələrə start verilməsinin vacibliyini vurğuladıq”, – deyə birgə bəyanatda qeyd olunur. “Bu müddətdə həqiqətən az iş görülməyib. Əfsuslar olsun ki, məsələlərin hamısı hələ də nizamlanmayıb. Sərhəddə baş verən insidentlərdən, faciəli insidentlərdən, hər iki tərəfdən insanların həlak olmasından və yaralanmasından xəbərim var. Bütün bunlar bizim tərəfimizdən xüsusi diqqət tələb edir. Əslində, biz sizinlə bu gün onun üçün toplaşmışıq ki, gələcəkdə buna bənzər insidentlər baş verməsin”, – deyə Rusiya prezidenti mövcud vəziyyətdən narahatlığını ifadə etdi. Kreml bundan sonra da Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, xalqlar arasında etimad mühitinin yaradılması, habelə regionda mehriban qonşuluq münasibətlərinin qurulması maraqları naminə bundan sonra da bütün lazımi yardımı göstərməyə davam etməkdə qərarlıdır. Ermənistan istəsə də, istəməsə də bütün səylər regionun dirçəldilməsi üçün şəraitin yaradılması, insanların orada özlərini təhlükəsiz hiss etmələri istiqamətində çalışmağa məcburdur.

  •  (0)
  •  (0)