Könül Nurulayeva: “10 noyabr üçtərəfli bəyanatı Azərbaycanın ədalətli mübarizəsinin məntiqi nəticəsi idi”backend

Könül Nurulayeva: “10 noyabr üçtərəfli bəyanatı Azərbaycanın ədalətli mübarizəsinin məntiqi nəticəsi idi”

2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanatın imzalanmasından bir il ötür. Bu, Ermənistanın kapitulyasiyası idi. Azərbaycan 44 günlük müharibədə öz gücünü göstərərək, Ermənistanı sülhə məcbur etdi. Bunu şərtləndirən əsas məqamlardan biri Azərbaycanın siyasi, iqtisadi və hüquqi baxımdan peşəkar, keyfiyyətli dövlət idarəetmə sistemi idi. Bu, Azərbaycan dövlətinin ədalətli mübarizəsinin məntiqi nəticəsi idi. 44 gün ərzində Azərbaycan Ordusu bir addım geri çəkilmədi. Ermənistanın “yenilməz ordu” mifi darmadağın edildi. Ötən il Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində, müsahibələrində Ermənistan rəhbərliyinə xitabən açıq deyirdi ki, qrafik ver, cədvəl ver, çıx get. Lakin Ermənistan havadarlarının dəstəyinə arxayınlaşaraq, bu müharibənin kapitulyasiya ilə nəticələnəcəyini düşünmürdü. Cənubi Qafqazın ən güclü ordusu, dünyanın 50 ən güclü ordusundan biri – Azərbaycan Silahlı Qüvvələri ilə döyüş meydanında mübarizə aparmağın nə demək olduğunu Ermənistan və onun havadarları 44 gün ərzində dərk edə bildi. Erməni hərbçiləri zorla postlara qandallandıqları halda Azərbaycan Ordusu “öldü var, döndü yoxdu” şüarı ilə yalnız irəli gedirdi. Alınmaz qala olan Şuşanın azad olunması isə düşmənin rəsmən sonu oldu. Noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad etdi. Şuşanın, ardınca 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən 10 noyabra qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırdıq. Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, Paşinyan məcbur olub, bu bəyanata öz imzasını atdı. Amma çox miskin, çox acınacaqlı durumda.

10 noyabr bəyanatı uzun illər davam edən işğala son qoydu. Bu bəyanat Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytarmağa imkan verdi.

Beləliklə, Azərbaycanın böyük qələbəsi ilə regionda yaranmış yeni reallıqlar ümumilikdə Qafqaz bölgəsini stabillik və iqtisadi baxımdan cəlbedici bölgəyə çevirməkdədir. Kommunikasiya xətlərinin açılması ilə Naxçıvan regionda iqtisadi, sosial və siyasi baxımdan aparıcı qovşağa çevriləcək.  Bu sənədin hüquqi nəticələrindən biri də Azərbaycanın beynəlxalq hüquqi müstəvidə pozulmuş haqlarının bərpasıdır.

  •  (0)
  •  (0)