Kolbasa şirkəti jurnalistdən 300 min AZN tələb edir!backend

Kolbasa şirkəti jurnalistdən 300 min AZN tələb edir!

Savalan Talıblı: “Təəssüf və təəccüb keçirirəm ki, dövlətimizin yaratdığı imkanlardan sui-istifadə edənlər bir az da irəli gedərək, nə qədər haqsız, ədalətsiz və qanunlardan xəbərsiz olduqlarının fərqinə vara bilmirlər”

Prezident İlham Əliyevin jurnalistləri özünə ən yaxın köməkçi olaraq qiymətləndirməsi, xüsusilə problemlərin, çatışmayan cəhətlərin qısa müddətdə aradan qaldırılması üçün ictimai nəzarətin gücləndirilməsi vacibliyi barədə irəli sürdüyü fikirləri son dövrlərdə müsbət nəticələrini verməkdədir. İstər sosial məsələlərin sürətli həlli, istərsə də digər amillər yönündə atılan addımlar həmçinin ölkədə aparılan uğurlu islahatların xalqa, dövlətə verdiyi töhfələr sırasındadır.

Bu əsnada daha bir amili xatırlada bilərik ki, ölkədə kiçik, orta və böyük sahibkarlığın inkişafı istiqamətində kifayət qədər geniş mühit, nəhəng imkanlar yaradılıb. Bizneslə məşğul olan vətəndaşlar müxtəlif sahələri əhatə edən istehsal müəssisələri açaraq, Azərbaycanın bazar iqtisadiyyatının münbit şəkildə formalaşmasında, inkişafında rol oynayırlar. Xüsusilə, qida sənayesi yönündə mövcud olan çoxsaylı müəssisələr daxili istehsalatları vasitəsi ilə vətəndaşların qida ehtiyaclarının ödənilməsi üçün fəaliyyət göstərirlər. Qeyd edək ki, qida sənayesi ilə məşğul olan biznes strukturlarının işlərinə nəzarət edən bir sıra dövlət qurumları da var ki, onlar satışa çıxarılan məhsulların bilavasitə keyfiyyəti, əhalinin sağlamlığının qorunması üçün iş aparırlar. Buna misal olaraq, İqtisadiyyat nazirliyinin müvafiq strukturlarını, habelə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin – AQTA-nın fəaliyyətini göstərə bilərik. Lakin…

Prezident İlham Əliyevin vətəndaşların sağlamlığının mühafizəsi, sosial və s. problemlərinin qorunması istiqamətində apardığı qətiyyətli siyasəti zamanı qida şirkətlərinin zay məhsullar istehsal edərək, onları vətəndaşlara sırıması həqiqətən də hiddət doğurmaqdadır!

Lakin təəssüf ki, dövlət başçısının yaratdığı münbit şəraitdən sui-istifadə edən bəzi şirkətlər də tapılır ki, həmin şirkətlər buraxdığı, satışa çıxardığı məhsulların keyfiyyətləri ilə deyil, onların bazarlarda daha çox satışı ilə maraqlıdırlar. Daha dəqiq desək, fürsətcillik məqsədi ilə iş görən şirkətlər də var ki, bu şirkətləri vətəndaşların sağlamlıqları ümumiyyətlə maraqlandırmır. Xüsusilə, dünyanı bürüyən koronavirus pandemiyası dövründə, yəni birbaşa Prezident İlham Əliyevin vətəndaşların sağlamlığının mühafizəsi, sosial və s. problemlərinin qorunması istiqamətində apardığı qətiyyətli siyasəti zamanı qida şirkətlərinin zay məhsullar istehsal edərək, onları vətəndaşlara sırıması həqiqətən də hiddət doğurmaqdadır. Halbuki, dövlətimizin başçısı dəfələrlə öz çıxışlarında vurğulayıb ki, bu gün Azərbaycan dövləti üçün əsas amil insan faktorudur!

Bu baxımdan, biz “SAB” şirkətinin istehsal etdiyi zay kolbasa və sosislərinin, eləcə də digər ət məhsullarının bazarlarda tüğyan edən satışlarından, insanların həyatlarına yaranan təhlükədən bəhs edəcəyik. Maraqlısı da budur ki, yazının əvvəlində də qeyd etdiyimiz kimi, real faktları ortaya çıxaran jurnalistlər, media qurumları nədənsə fürsətcil şirkətlərin hədəfinə tuş gəlir, təzyiq və təhdidlərə üzləşirlər.

Analoq.az saytının təsisçisi və baş redaktoru Savalan Talıblının başına gələnlər isə həqiqətən də şok effekti yaradıb.

Belə ki, 19 avqust 2020-ci il tarixində Analoq.az saytı reportyor.info saytına istinadən dərc etdiyi ““SAB”ın kolbasasından metal parçası çıxdı” başlıqlı məqaləsinə görə, şirkət saytın rəhbəri Savalan Talıblını məhkəməyə verib və həmin qərarını saytın elektron adresinə məktub vasitəsi ilə ünvanlayıb. Qarşı tərəf iddia ərizəsində qeyd edir ki, Analoq.az saytında gedən məqaləyə görə, zavodun ictimai nüfüzuna 100.000 (?!) min manat, zavodun iqtisadi ziyanı, satışın azalması isə 200.000 manat (???!!!) müqabilində hesablanıb. Məhz bu məlumat ictimailəşəndən sonra, baş redaktorla əlaqə saxladıq və o bununla bağlı qeyd etdi ki, əvvala bu göstərilən qiymətlər çox fantastikdir. Məqalənin oxu sayına görə də 300.000 ziyan vurması absurddur.

“Maraqlıdır zavod bizim saytın vurduğu iqtisadi ziyanı hansı dövr əhatəsinə aid edir?” sualını edən Savalan Talıblı xatırladıb ki, o KİV qaydalarına və jurnalistika kodeksinə və prinsiplərinə riayət edərək, onu istinadla verib.

SİTAT: “Mən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən, AQTA-dan, Səhiyyə Nazirliyinin müvafiq strukturlarından, xüsusilə də, Vergilər Nazirliyindən eləcə də digər müvafiq dövlət qurumlarından bu zavodda ciddi yoxlanışların aparmasını xahiş edirəm. Görək zavod doğurdan da bir həftəyə bu qədər qazanc əldə edib nə qədər vergi rüsumu ödəyir? Buraxılan məhsullar insanların sağlamlığına nə dərəcədə yaxşı, ya da pis təsir göstərir? Məhsulların keyfiyyət nişanı verilərkən, həmin nişan hansı yollarla əldə olunub? Əgər hər şey normal və qanunauyğundursa, onda kolbasaların içindən nəyə görə metal parçası çıxır? Bəlkə sabah həmin kolbasaların işindən daha təhlükəli maddələr və s. elementlər çıxacaq? “SAB” şirkəti hansı zəmanəti verə bilər?”.

“Zavodun əməkdaşı Saleh adlı şəxsə bildirdim ki, biz yazını silməyin əvəzinə saytda təkzibi işıqlandıra bilərik”.

Analoq.az saytının rəhbəri daha bir ilginc məsələyə toxunub. Belə ki, onun istindala verdiyi yazının çıxarılması üçün şirkət rəhbərliyi ona dəfələrlə telefin zəngləri edib və təkliflərdə bulunub: “Məsələnin digər tərəfi də odur ki, adıçəkilən zavodun əməkdaşı saytdan yazının silinməsi üçün mənə dəfələrlə zəng elədi. Mən həmən yazının istinadla yayımlandığını bildirdim. Zavodun əməkdaşı Saleh adlı şəxsə bildirdim ki, biz yazını silməyin əvəzinə saytda təkzibi işıqlandıra bilərik. Bir neçə gündən sonra qarşı tərəf reportyor.info saytında dərc olunan təkzibi yollayıb dərc etməyimizi israr etdi. Mən yazıda qaldırılan problemə görə yəni, kolbasanın içindən çıxan dəmir parçasının təkzibdə əsaslandırılmadığını görəndə və mənə göndərdikləri təkzibdə də sırf zavodun reklam xarakterli yazısını nəzərə alıb bunu saytda təkzib kimi dərc etmədim. Məni zavoda dəvət edən zavod nümayəndəsi dəfələrlə təhdid, təzyiq, rüşvət təklif edərək yazının silinməsini istədi. Maddiyyat qarşısında yazını silmədiyimə görə onlar indi də məni fantastik təzminat davası adı altında məhkəməyə verirlər. Bu nə dərəcədə doğru addımdır? Hansı qanun pozuntusuna yol vermişəm ki, belə bir təhdidlərə də məruz qalıram? Bu gün hər kəs yaxşı bilir ki, jurnalistlərin sosial vəziyyətləri elə də yüksək deyil və orta təbəqəli insan resurslarına aiddirlər. Lakin ən əsası, belə bir addımın atılmasını jurnalistikaya təhdid kimi də qiymətləndirirəm. Mən bu peşənin sahibi olaraq dövlətimiz, cənab Prezident İlham Əliyev tərəfindən təqaüdə layiq görülmüşəm. Dövlətimə və dövlət başçımıza daim sədaqətimlə seçilmişəm və ömrümün sonuna qədər də öz əqidəmdən geri dönməyəcəyəm. Çünki bu gün Azərbaycanda mediaya yaradılan nəhəng imkanlar fəaliyyətimizə stimul verməkdədir. O cümlədən, ölkəmizdə, dünyada baş verən hadisələrin işıqlandırılması bizim vəzifə borcumuzdur. Xüsusilə də, çatışmayan cəhətlərin, problemlərin ictimaiyyətin diqqətinə çatdırmaqla biz jurnalistlər dövlət siyasətinə dəstəyimizi göstərməkdəyik. Belə də olacaq. Ona görə də, bu kimi arzuolunmaz hallarla qarşılaşarkən, təəssüf və təəccüb keçirirəm ki, dövlətimizin yaratdığı imkanlardan sui-istifadə edənlər bir az da irəli gedərək, nə qədər haqsız, ədalətsiz və qanunlardan xəbərsiz olduqlarının fərqinə vara bilmirlər”.

P.S. Burada maraqlı bir məqam da odur ki, aidiyyatı üzrə qeydiyyat yeri Abşeron rayon ərazisi olmadığına görə iddiaçıların tələblərinin Abşeron rayon məhkəməsəində qaldırmaları mülki məcəllənin tələblərinə uyğun deyil.  Bu da növbəti qanun pozuntusudur.Konkret.az

  •  (1)
  •  (1)