Köçəryanın yeni müharibə istəyi, Paşinyanla Putin arasındakı görüş… – Düşmən nə etmək istəyir?backend

Köçəryanın yeni müharibə istəyi, Paşinyanla Putin arasındakı görüş… – Düşmən nə etmək istəyir?

“Ermənistanda revanşist siyasi dairələr hər vəchlə çalışırlar ki, 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatından imtina etsinlər. Burada məqsəd Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində üstünlük əldə etmək istəyidir”.

Bu sözləri azxeber.com-a açıqlamasında siyasi şərhçi, millət vəkili Elman Nəsirov Ermənistanın eks prezidenti Robert Köçəryanın Rusiyanın birinci kanalına verdiyi müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Bu yeni müharibəni labüdləşdirə bilər.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistan tərəfinin revanşist davranışı yalnız bu ölkə üçün ziyandır:

“Ermənistanda artıq populistlərin, radikalların öz dairələrində də bu ideayaya pessimist yanaşanların sayı artmaqdadır. Təsadüfi deyil ki, bu günlərdə Ermənistanın keçmiş prezidenti, indi də parlamentin deputatı olmaq iddiasında olan və gələcəkdə isə daha başqa məqsədlər üçün populist çıxışlar edən Robert Köçəryan Rusiyanın birinci kanalına müsahibəsində hərbi əməliyyatları aparmaq üçün Ermənistanın gec qalmamalı olduğunu dolayısıyla səsləndirmiş oldu. Ancaq hər halda Ermənistan tərəfi bilməlidir ki, belə addımın heç bir perspektivi yoxdur”.

E.Nəsirov yeni müharibənin başlayacağı təqdirdə, bunun Ermənistan üçün sonun başlanğıcı olacağını istisna etmir:

“Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə söyləyib ki, Azərbaycan əldə edilmiş razılaşmaların icra olunmasında israrlıdır, maraqlıdır. Artıq Azərbaycan dövləti altı tərəfli əməkdaşlıq platformasıyla çıxış edib və Ermənistanı da bu platformanın tərkib hissəsi görmək istəyir. Əgər Ermənistanda kimlərsə yenə revanşist düşüncələrə qapılıb 10 noyabr 11 yanvar sənədlərindən imtina etsə, bu vəziyyətin kökündən dəyişməsi anlamına gəlib çıxacaq. Bu yeni müharibəni labüdləşdirə bilər”.

Köçəryanın dirilməsi illüziyadan başqa bir şey deyil!

Politoloq son günlər aktivləşən və bir neçə gün öncə Rusiyaya səfər edən Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın yenidən hakimiyyətə gəlməsi ilə bağlı səslənən fikirlərlə bağlı da danışıb. Onun sözlərinə görə, “Köçəryanın dirildilməsi” ehtimalının reallaşma əmsalı kifayət qədər aşağıdır:

“Bu günlərdə Ermənistanda seçki öncəsi sosioloji sorğu keçirildi. Və sorğunun nəticələrinə görə erməni əhalisinin, erməni seçicilərinin 32 faizi məhz Paşinyanın dəstək verdiyini bildirdi və onun “Mənim addımım!” blokuna səs verəcəyini ifadə etdi. Belə olan vəziyyətdə bu gün erməni əhalisi Köçəryanın timsalında Qarabağ klanının yenidən hakimiyyətə gələcəyindən ehtiyatlanır. Bunun da təbii səbəbləri var. Çünki 20 il ərzində Qarabağ klanı Ermənistanı faciəvi nəticəyə gətirib çıxardıb. Azərbaycan prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, müzəffər ordumuz heç də Paşinyan ordusuna qalib gəlməyib. Paşinyan iki ildir hakimiyyətdədir, Azərbaycanın şanlı ordusu məhz Köçəryanın, Sarkisyanın 20 il ərzində qurduğu “yenilməz” adlandırdığı ordunu darmadağın etdi. Ona görə də Köçəryanın yenidən hakimiyyətə gəlməsi ehtimalı bir illüziyadır və hesab edirəm ki, 20 iyul seçkilərində Paşinyanın qalib gəlmək şansı kifayət qədər böyükdür”.

E.Nəsirov Ermənistanda bir qrup qüvvənin olduğunu və onların mövcud vəziyyətdə gözləmə mövqeyində olduqlarını bildirib:

“Bu gün Ermənistanda konkret Paşinyan tərəfdarları var, az da olsa revanşitlərin tərəfdarları var. Amma daha bir üçüncü qüvvə də var ki, onlar gözləmə mövqeyindədir və son anda öz mövqelərini ifadə edəcəklər. Qeyd edim ki, həmin o üçüncü uğruna mübarizə gedir və ilkin hesablamalar göstərir ki, hər halda Paşınyanın qalib gəlmə şansı böyükdür. Çünki onun seçki qabağı platformasında ilk növbədə rövanşizmə imtina müddəası var və eyni zamanda 10 noyabr- 11 yanvar səmərələrinin icra edilməsiylə bağlı bənd də öz əksini tapıb. Bu gün Paşinyan Rusiyanın nüfuzlu kanallarına müsahibələr versə də, həmçinin, ara-sıra öz müsahibələrində Rusiya prezidenti ilə dostluq münasibətlərindən dəm vursa da, unutmamalıyıq ki, Rusiyanın da öz milli dövlətçilik maraqları var. Rusiya prezidenti Vladimir Putin dəfələrlə qeyd edib ki, kimlər ki, 10 noyabr – 11 yanvar sənədlərindən imtina etmək istəsə onlar intihara bərabər addım atmış olacaqlar. Doğrudanmı, Köçəryan intihar etmək istəyir? Bax bu kimi suallar bu gün aktualdır və hesab edirəm ki, Köçəryanın yenidən hakimiyyətə, böyük siyasətə qayıdışı əslində illuziyadan başqa bir şey deyil və onun hakimiyyətə yenidən qayıtma əmsalı sıfıra bərabərdir”.

Politoloq parlament seçkiləri ərəfəsində Ermənistan tərəfindən Dağlıq Qarabağda diversiya hərəkətlərinin olacağı ehtimalını da diqqətə çatdırıb:

“Eyni zamanda Ermənistan tərəfindən ayrı–ayrı hallarda müəyyən diversiya hərəkətlərinə də şahidlik edirik. Və bügün 62 nəfər erməni terrorçu və diversantının Azərbaycanda saxlanması da bu dediyimizi təsdiq edir. Ümumiyyətlə, 10 noyabr tarixindəki müharibəyə son qoyulub, ondan sonra hərbi əməliyyatlar yoxdur. Belə olan vəziyyətdə Ermənistan silahlı qüvvələrinin “tör-töküntüləri” noyabr ayının sonlarında Azərbaycan əsgərləri və mülki əhalini hədəfə aldı. Dərhal Azərbaycanın xüsusi xidmət orqanları və müdafiə nazirliyinin silahlı qüvvələri anti-terror əməliyyatı keçirdi və onlar həbs olundular. Onu da qeyd edim ki, bu adamlar heç bir halda əsirlikdə olan əsgər və zabit deyil, terrorçu və diversantlardılar. Belə olan vəziyyətdə Azərbaycan tərəfi Qarabağda anti-terror əməliyyatı keçirmək hüququnu saxlayır. Bu hüquqdan artıq istifadə edir və gələcəkdə də istifadəsi istisna deyil. Hər şey Ermənistanın davranışından asılı olacaq”.

  •  (0)
  •  (0)