Köçəryan əliboş döndü: Moskva onu diriltmək istəmədibackend

Köçəryan əliboş döndü: Moskva onu diriltmək istəmədi

Ermənistanın eks-prezidenti Robert Köçəryan Moskvadan əliboş qayıdıb. Köçəryanın Kremldə xüsusi bir görüşü olmayıb. Bu fakt belə onun Moskvanın siyasi planlarına daxil olmadığını göstərir.

Bu sözləri axar.az-a politoloq Elxan Şahinoğlu Ermənistanın eks-prezidenti Robert Köçəryan Moskva səfərinin pərdəarxası məqamlarını şərh edərkən deyib.

O bildirib ki, Robert Köçəryan müharibə zamanı da Moskvaya getmək istəyirdi:

“Lakin bu səfər koronavirus bəhanəsi ilə son anda təxirə salındı. Əslində isə Köçəryan onu Moskvada rəsmi olaraq heç kimin gözləmədiyi aydınlaşdığı üçün səfərdən imtina etdi. Rusiya Prezidenti Vladimir Putin Köçəryanla dost olsa da, bu, 44 günlük müharibə zamanı Ermənistanı xilas edə bilməzdi.

Bu dəfə də heç bir ciddi görüşünün olmaması təsdiqləyir ki, Köçəryan artıq siyasi ömrünü bitirib. Hətta mövcud vəziyyətə baxmayaraq, Paşinyanın belə Ermənistanda nüfuzu Köçəryandan çoxdur. Köçəryan faktiki olaraq öz siyasi nüfuzunu və Kreml üçün əhəmiyyətini itirib.

Köçəryanın Rusiyada böyük biznes sahələri var. Düşünürəm, Köçəryan da anlayır ki, onun Ermənistanda və Kremldə nüfuzu yoxdur. Bu mənada o artıq Rusiyadakı işlərini, biznes sahələrini nəzarətə götürərək tədricən bu ölkəyə yerləşmək istəyir. Ehtimal ki, önümüzdəki zaman ərzində Köçəryanın tamamilə Rusiyaya yerləşməsinin şahidi olacağıq”.

  •  (0)
  •  (0)