Kiyevdə “Krım Platforması” sammiti başlayıbbackend

Kiyevdə “Krım Platforması” sammiti başlayıb

Vladimir Zelenski: “Krım beynəlxalq sabitliyin qarantı idi”

Kiyevdə 46 ölkə və beynəlxalq təşkilatın iştirakı ilə “Krım Platforması” adlı ilk sammit başlayıb. AYNA xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.

Bildirilib ki, sammitdə bütün Avropa Birliyi (AB) və NATO ölkələri iştirak edirlər.

Ukrayna Xarici İşlər Nazirliyi, təmsilçilik səviyyəsindən asılı olmayaraq, bütün ölkələrin sammitin əsas sənədinin – Krım Bəyannaməsinin qəbuluna qoşula biləcəyini açıqlayıb.

Zirvənin açılışı Ukraynanın məşhur Krım-Tatar müğənnisi Camalanın ifası ilə başlayıb. Sonra Ukrayna Prezidenti Vladimir Zelenski təbrik nitqi söyləyib.

Ölkə başçısı qeyd edib ki, Krımın Rusiya tərəfindən işğalı məsələsinə ilk dəfə belə yüksək səviyyədə baxılacaq və Ukrayna yarımadanı  azad etmək üçün əlindən gələni edəcək.

Ukrayna lideri Krımın ilhaqının beynəlxalq təhlükəsizlik sisteminin effektivliyini şübhə altına aldığını vurğulayıb: “Krım beynəlxalq sabitliyin qarantı idi. İndi isə toz qabıdır”.

Sammitin ideyası Ukrayna Prezidenti tərəfindən 2014-cü ildə Krım yarımadasında nəyin və nələrin baş verdiyini ukraynalılara, krımlılara və dünya ictimaiyyətinə izah etmək üçün irəli sürülüb. Zelenski bu formatı Krım ərazisində müxtəlif problemlərin həlli üçün ciddi platforma adlandırıb.

Rəsmi Moskva “Krım Platforması”nın yaradılmasını tənqid edir və ölkənin ərazi bütövlüyünə təhlükə sayır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Zirvəni Qərbin müasir Ukrayna hökumətində neo-nasist, irqçi duyğuları artırmaq yolunda addım sayıb.

  •  (0)
  •  (0)