Məlum olduğu kimi, Prezidentin tapşırığına əsasən, nazir və komitə sədrləri, eləcə də, dövlət qurumlarının digər vəzifəli şəxsləri mütəmadi olaraq vətəndaşlarla görüşüb onların problemlərini dinləyirlər.
Hokm.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla görüş vaxtı təyin olunmağına baxmayaraq, nazir vətəndaşları qəbul etmir.
Cəlilabad, Neftçala və Şəmkir rayonlarının sakinlərindən Unikal.org-a bildirilib ki, onlar Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla görüşə getsə də, nazir gəlməyib.
Belə ki, 2019-cu ilin iyul-noyabr aylarında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə görə Kəmaləddin Heydərov iyulun 26-da Ağdamda (Quzanlı) vətəndaşları qəbul etməli idi. Ancaq nazirin görüşü 27 iyulda baş tutub.
K.Heydərovun əhali ilə sonuncu görüşü də elə o olub. Nazir və komitə sədrlərinin avqust ayında vətəndaşları qəbuletmə cədvəlində K.Heydərovun adı yoxdur. Lakin sözügedən rəsmi cədvələ görə, sentyabrın 27-də Cəlilabadda, oktyabrın 25-də Neftçalada, noyabrın 29-da Şəmkirdə görüş nəzərdə tutulsa da, K.Heydərov heç bir qəbulu həyata keçirməyib.
Belə çıxır ki, “fövqəlnazir” Prezidentin tapşırıqlarına əməl etməyərək, üç aydır ki, vətəndaşlarla görüşüb, onların problemlərini dinləmir.
















