Keçmiş deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov saxlanılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Elşən Cəbrayılovun saxlanılması dələduzluq faktı ilə bağlıdır. Lakin bu işin Rafael Cəbrayılovun cinayət işi ilə əlaqəli olub-olmadığı məlum deyil. Bu gün onun barəsində həbs qətimkan tədbiri seçilə bilər.
Rafael Cəbrayılovun hüquqi varisi olan xanımı Aidə Cəbrayılovanın vəkili Vüqar Kazımov Qaynarinfo-ya açıqlamasında xəbəri təsdiqləyib: “Elşən Cəbrayılovun srağagün saxlanılıb. Güman ki, bu gün onun barəsində müvafiq qərar veriləcək. Onun nədə ittiham olunduğunu dəqiq deyə bilmərəm. Deyəsən, dələduzluğa görədir”.
Xatırladaq ki, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törədib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Rafael Cəbrayılov 2021-ci ilin sentyabr ayında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişdiyi üçün məhkəmədə onu hüquqi varisi Aidə Cəbrayılova təmsil edir.
“Rafael Cəbrayılov işi” Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin icraatındadır.
Son məhkəmə proseslərində zərərçəkənlər Elşən Cəbrayılovun həbsini tələb edirdi. Rafael Cəbrayılovun xanımı Aida Cəbrayılova isə Elşən Cəbrayılovla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişdi. Onun müraciətində Elşən Cəbrayılovun 8 milyon manat məbləğində vergi ödənişindən yayındığı qeyd edilmişdi.