Jurnalistin ailəsi Prezidentə müraciət edib: “Hakim jurnalisti şərləyib”backend

Jurnalistin ailəsi Prezidentə müraciət edib: “Hakim jurnalisti şərləyib”

Jurnalist, “Dünya Azərbaycanlıları” İctimai Mərkəzinin direktoru Zaur Mirzəzadənin yaxınları onun şərlənərək həbs edildiyini deyir.
Onlar bildiriblər ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov Bakı Ağır Cinayətlər Məhkəməsinin jurnalistlə bağlı çıxardığı bəraət hökmünü ədalətsizcə dəyişdirib və barəsində qanunsuz 5 il həbs qərarı çıxrıb.
Ailə hesab edir ki, Faiq Qasımov sifariş əsasında hansısa maraqlı şəxslərin istəyinə uyğun olaraq bu qərarı verib.
Bakı Ağır Cinayətlər Məhkəməsi dələduzluqda ittiham olunan jurnalist barəsində 08.10.2021– ci il tarixli qərarı ilə bəraət hökmü çıxarıb.
Jurnalist həmin vaxt mediaya deyib ki, əslində o, şərlənib və dələduzluq ittihamı saxtadır. Amma jurnalisti ittiham edənlər qərardan apelyasiya şikayəti veriblər.
Yaxınları deyir ki, şikayətçilər Bakı Apellyasiya Məhkəməsi hakimi Faiq Qasımovla “dil tapa” biliblər. Belə ki,  17.05.2022-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi jurnalistlə bağlı bəraət hökmünü ləğv edib və 5 il həbs cəzası kəsib.
Jurnalistin yaxınları bildiriblər ki, hakim Faiq Qasımovla bağlı Prezident İlham Əliyevə, Ədliyyə Nazirliyinin Məhkəmə-Hüquq Şurasına, Baş prokurur Kamran Əliyevə müraciət edəcəklər.
Onlar hakimin fəaliyyətinin araşdırılmasını tələb edir və bu “sifarişli” qərarın nəyin müqabilində verildiyini araşdırmağa çalışırlar.
Onlar həmçinin işdən protest verən prokurorun da qanunsuz addım atdığını iddia edirlər.
Zaur Mirzəzadə “Xalq.az” və “Bakutime.az” saytlarının baş redaktoru olub.
Yaxınları iddia edirlər ki, jurnalisti əsassız və təhrif olunmuş faktlara əsasən beş il müddətinə azadlıqdan mərhum edən hakim Faiq Qasımov cəzalandırılmalıdır.
Jurnalistin vəkili, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Kamran Musayev də jurnalistin qanunsuz həbs olunduğunu deyir: “Bakı Apellyasiya Məhkəməsi heç bir hüquqi əsas olmadan müvəkkilim barəsində beş il müddətinə həbs qərarı çıxarıb. İş materialları ilə yaxından tanışam və Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Mirzəzadənin hüquqlarını müdafiə etmişəm. Ona görə də bəyan edirəm ki, müvəkkilim heç bir cinayət əməli törətməyib və Bakı Apelyasiya Məhkəməsinin onunla bağlı hökmü qanunsuzdur”.
Vəkil hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş tam olaraq araşdırılıb: “Zaur Mirzəzadənin barəsində bəraət hökmü çıxarılıb. Sonradan Baş Prokurorluq heç bir əsaslandırma aparmadan və təhrif olunmuş sübutlar təqdim edərək onunla bağlı protest verib. Bakı Apellyasiya Məhkəməsində iş materialları araşdırılmadan Pprokurorluğun protetsi təmin edilib. Hakim Faiq Qasımov məhkəmə tədqiqatı aparsaydı, o zaman Zaurun günahsız olduğu sübuta yetiriləcəkdi. Bir halda ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin bəraət hökmü qüvvəsində saxlanılmayıb, bu aydın şəkildə deməyə əsas verir ki, məsələyə subyektiv yanaşılıb və kənar müdaxilə ilə nəticələnib”.
Vəkil bildirib ki, vaxtilə Zaur Mirzəzadə ilə dostluq münasibətləri olan və Dövlət Əmlak Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş əməkdaşı Aygün Tarverdiyeva başqa bir şəxsdən aldatma yolu ilə 18 min AZN pul alıb: “2015-ci ildə bununla bağlı A.Tarverdiyevanı istintaqa çağırıblar və vəziyyətinin çıxılmaz olduğunu görən keçmiş dostu pulu Zaura verdiyini bəyan edib. 2017-ci ildə məlum olanda ki, Zaurun heç bir təqsiri yoxdur və sadəcə hansısa bir qadın tərəfindən şər-böhtana məruz qalır, onunla bağlı cinayət təqibinə son verilib”.
“Aygün Tarverdiyeva planlı olaraq Zaur Mirzəzadəni şərləyib. Zauru bu şərləməyə görə istintaqa cəlb ediblər və 3 müstəntiqin araştırmasına əsasən günahsızlığı sübuta yetirilib. Bu cinayət materiallarında da öz əksini tapıb. Məhz elə bu səbəbdən də Bakı Ağır Cinayətlər Məhkəməsi Zaur Mirzəzadə barəsində bəraət hökmü verib”, – deyə o bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin mart ayına qədər Zaur Mirzəzadə ilə ümumiyyətlə maraqlanan olmayıb: “Hansı ki hadisənin 2015-ci ildə baş verdiyi iddia olunur. Altı il ərzində adamı bir dəfə dindirməyib, sonradan onu 4 iş günü ərzində məsuliyyətə cəlb etsələr də, Bakı Ağır Cinayətlər Məhkəməsində ədalət öz yerini tapdı. Təbii ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun əsassız qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcəyik”.
“Özlərindən saxta tarixlər və əlaqəsiz ittihamlar uydurub Zaur Mirzəzadəni əsassız olaraq həbsə məhkum ediblər. İnanırıq ki, növbəti instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsindən fərqli olaraq kənar müdaxilə olmayacaq və ədalət tərəzisi nizamlanacaq. Sona qədər müvəkkilimizin hüquqlarını qoruyacağıq” – deyə Zaur Mirzəzadənin vəkili vurğulayır.
Ailə isə iddia edir ki, işi araşdırmadan qərar çıxaran və Bakı Ağır Cinayətlər Məhkəməsinin bəraət qərarını ləğv edən Faiq Qasımovla bağlı şikayətlərini bütün lazımi instansiyalara təqdim edəcəklər. Onların fikrincə, ortada bəraət hökmü olduğu halda, “hakim jurnalisti şərləyib”.
Onlar həmçinin Baş prokuror Kamran Əliyevdən xahiş edirlər ki, işlə bağlı protest verilməli və obyektiv araşdırmalıdır.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı

  •  (0)
  •  (0)