İsmayıl Süleymanov: “Pandemiya dövründə Qazax gəncləri bir çox layihələrdə fəal iştirak etdilər” – FOTOLARbackend

İsmayıl Süleymanov: “Pandemiya dövründə Qazax gəncləri bir çox layihələrdə fəal iştirak etdilər” – FOTOLAR

Buta.ws-in Qərb bürosuna açıqlama verən Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru, AKƏM-in Qazax nümayəndəliyinin Baş koordinatoru İsmayıl Süleymanov pandemiya dövründə Qazax gənclərinin fəaliyyətindən danışıb.

 

“Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi Azərbaycanda yaradılmış ilk 2 mərkəzdən biridir. 2019-cu ilin aprel ayının 1-dən fəaliyyət göstəririk.Yarandığımız gündən etibarən çoxsaylı layihə və tədbirləri icra etmişik. (2019-cu ildə 175 tədbirdə).

Pandemiya dövründə isə 40-dan çox aksiya icra etmişik. Bildiyimiz kimi, cari ilin mart ayının 28-də Azərbaycan Respublikasının Gənclər Fondunun təşəbbüsü ilə 18 könüllü hərəkatını özündə birləşdirən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi yaradıldı. Biz rayonda bu işi koordinasiya edirik. Aksiyalarımızda siyahılaşdırılmış 10 könüllü mütəmadi olaraq iştirak edir. Amma ümumən isə, sıralarımızda 50-dən çox könüllü var. İndiyədək “Böyüklərimizi qoruyaq”, “Könüllü qonşu” aksiyaları icra olunub. “Böyüklərimizi qoruyaq” aksiyası çərçivəsində könüllülərimiz sosial müdafiə fondunun nümayəndələri ilə birlikdə 65 yaşdan yuxarı sakinlərimiz üçün sosial xidmətləri həyata keçirmişlər.

Hazırda isə “Bir-birimizi qoruyaq” aksiyası icra olunmaqdadır. Bu aksiya çərçivəsində xüsusilə insanların sıx olduğu məkanlarda maskaların paylanması və onların əllərinin dezinfeksiya edilməsi, həmçinin müxtəlif obyekt və məkanlara maarifləndirici stikerlərin yapışdırılması həyata keçirilir.

AKƏM-in təşəbbüsü ilə Ramazan bayramı münasibətilə 5 aztəminatlı ailəyə ərzaq yardımı edilib ki, bu aksiyada da könüllülərimiz ön sıralarda olublar.

9 May Faşizm Üzərində Qələbənin il dönümü münasibətilə ilə Qazaxda yaşayan 3 nəfər Böyük Vətən Müharibəsi veteranının evi ziyarət edilib və onlara “Könüllü Payı” aparılıb.
26 iyun Silahlı Qüvvələr Günü münasibətilə isə  Şəhidlər xiyabanında trashtag aksiyası həyata keçirilib:şəhidlərin məzarları təmizlənib və onların üzərinə gül dəstələri qoyulub.
AKƏM-in həyata keçirdiyi aksiyalarda daha çox iştirak etmiş bir nəfər könüllümüz – Poladov Qəmət Əvəz oğlu aprel ayı üçün “ayın könüllüsü” seçilib və o, AKƏM tərəfindən fəxri fərmanla mükafatlandırılıb.

Qazax GİKM (AKƏM-in Qazax nümayəndəliyi) olaraq, bu gün də aksiyalarımız davam edir. Bu ağır dönəmdə ən çox xidmətləri olan həkimlərimizin tanıdılması istiqamətində GİKM tərəfindən yeni bir çellenc (“Qəhrəman HəkimlərimİZ”) başladılıb. Aksiyanın məqsədi pandemiya dövründə evlərindən uzaq düşmüş, vaxtlarını virusa yoluxmuş xəstələrin sağalmasına həsr edən tibb işçilərini tanıtmaqdır. Biz də öz növbəmizdə Şəmkir rayonuna xəstələrə xidmət üçün ezam olunmuş iki nəfər həkimimizin cəmiyyətə tanıdılması yönündə kiçik addımlar atmışıq.”-deyə  İsmayıl Süleymanov açıqlama verib.

 

  •  (0)
  •  (0)