İran Azərbaycandan üzr istəyəcək – Fazil Mustafabackend

İran Azərbaycandan üzr istəyəcək – Fazil Mustafa

“Yəqin ki, İran addım-addım öz səhvini başa düşəcək və Azərbaycandan üzr istəyəcək. Çünki onların yük maşınları Azərbaycan ərazilərinə rəsmi Bakının icazəsi olmadan daxil olub”.

Bunu publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib. Deputat inanır ki, Tehran bununla bağlı yol verdiyi yanlışı düzəldəcək:

“Düşünürəm ki, bundan sonra normal münasibətlərə qayıdılacaq. Əgər bu baş verməsə, İranın böyük səhvi olar. Ona görə ki, Azərbaycanla münasibətlərdəki gərginlik həm də İranın ziyanınadır. Biz çalışmalıyıq ki, bu məsələ öz həllini tapsın. İran bu məsələyə daha rasional düşüncə ilə baxmalıdır. Çünki Azərbaycanın İrana qarşı yönəlik hər hansı bir şəkildə narahatedici bircə addımı belə yoxdur. Azərbaycan kimdənsə silah alırsa, əcəb edir. İran da kimdən istəyirsə, silah alsın. Biz İrana qarşı bununla bağlı hər hansı sədd çəkməmişik. Amma İranın Ermənistana dəstək verməsi bizə qarşı yönəlmiş addımdır. İsrail gəlib İranın ərazisini işğal etməyib. Amma Ermənistan bizim ərazilərimizi 30 il tapdaq altında saxlayıb. Ona görə də İran bizə qarşı addımlarına görə üzr istəməlidir. Məsələ də bununla qurtarmalıdır. Əks halda bu gərginlik İranın öz bəhanəsidir və Tehrana xeyir gətirməyəcək”.

Fazil Mustafanın Ocaq Necatın Bakıdakı ofisinin bağlanması İranın Azərbaycandakı agentura şəbəkəsinin bloklanmasına gətirib çıxaracaqmı sualına cavabı da birmənalı olub: “Yox, buna gətirib çıxarmayacaq. Çünki XX əsrin əvvəllərində şeyx nəsrullahları da ölkəmizə dəvət edən elə azərbaycanlılardır. Ona təzim və biət edənlər də azərbaycanlılar olub. 21-ci əsrdə də belədir. Elələrinə biət edənlər yenə də həmin düşüncədə olanlardır. Onlar dəyişməyiblər. Ona görə də Ocaq Necat gedəcək, onun yerinə başqa biri gələcək. Biz çalışmalıyıq ki, ocaq necatlara inanmayanların sayı artsın. Biz cəmiyyəti normal müstəvidə idarə etməyə çalışmalıyıq”.

  •  (0)
  •  (0)