“İran 30 il ərzində Cibuti Respublikası qədər ədalətli və ləyaqətli ola bilmədi”backend

“İran 30 il ərzində Cibuti Respublikası qədər ədalətli və ləyaqətli ola bilmədi”

Şərqi Afrikada yerləşən Cibuti dövləti Ermənistanla diplomatik əlaqələr yaratmaqdan imtina edən 4 dövlətdən biridir. Bəlkə də bu dövlət haqqında çox adam eşitməyib və yəqin ki, bu dövlətin Azərbaycana verdiyi siyasi dəstəkdən az adamın xəbəri var.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanla bərabər Cibuti dövləti də Ermənistanla diplomatik münasibətlərin qurulmasını qətiyyətlə rədd edib. Əhalisinin 95%-i müsəlmanlardan ibarət Cibuti dövləti Ermənistanın işğalçılıq siyasətini ən yüksək kürsülərdə dəfələrlə ifşa edib.
Məsələn, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında 822 nömrəli qətnamə qəbul edilərkən Cibutinin BMT-dəki daimi nümayəndəsi Olhaye Azərbaycana dəstək ifadə edərək, Ermənistanın son təcavüzü zamanı işğal etdiyi bütün Azərbaycan torpaqlarından çıxmasını tələb etmişdi. Həmin dövrdə BMT-də “son təcavüzü zamanı” ifadəsini işlətmək Ermənistanın tarix boyu türklərə qarşı təcavüzkar siyasət həyata keçirdiyinin bütün dünyaya bəyan olunması idi. Məhz bu ifadənin səsləndirilməsi üçün Ermənistan ciddi şəkildə çalışırdı.
Cibuti 30 il ərzində ümumi maraqlarımızı, ədalət amilini, ölkəmizin təcavüzə məruz qalmasını və həqiqi İslam dəyərlərini önə çəkərək Azərbaycana daim dəstək verib.
Amma bununla bitmir. 2017-ci ildə Cibuti Respublikasının Milli Assambleyası (parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı Soyqırımına dair qətnamə də qəbul edib.
Azərbaycanla Cibuti arasında arasında diplomatik əlaqələr isə 1996-cı ilin oktyabr ayının 22-də qurulub.
Qısası, İran hətta əhalisinin sayı 800 min nəfər olan Cibuti qədər ləyaqətli ola bilmədi. Halbuki Cibuti kasıb dövlətdir, ermənipərəst qüvvələrin və Qərbdəki erməni lobbisinin, erməni biznesmenlərin kapitalından istifadə edə bilərdi. Amma etmədi. Bir neçə il bundan öncə ABŞ hərbi bazasının bu ölkədə yerləşməsi ilə bağlı müzakirələr başlayanda erməni lobbisi Cibutiyə təzyiqlər etmişdi. Nəticə olmamışdı. Ancaq Cibuti dövlətinin əsasən işğalçılıq faktoruna görə Ermənistanla əlaqələrdən imtina etməsi bu ölkəyə olan ehtiramı daha da artırır.
Ancaq “müsəlman” adı altında yırtıcı, imperialist, işğalçı və neobarbar addımları ilə 30 il ərzində Qarabağın talanmasında iştirak edən və torpaqlarımızda narkotik plantasiyaları salaraq özünə bznes quran İran əsl müsəlman ləyaqətindən və sağlam dövlətçilik mövqeyindən tamamilə məhrum durumdadır.
Samir Feyruzov 
Azsiyaset.com saytının rəhbəri
  •  (3)
  •  (0)