İspaniyada 1941-46-cı illərdə baş verən vətəndaş müharibəsini boğmaq üçün Avropa ölkələri yeni plan hazırlayırlar. Həmin plana amerikalı general Mol rəhbərlik edir. General baş qərərgahın iclası zamanı müdaxilənin gedişatı barədə məlumat verir. O bildirir ki, İspaniya üzərinə 5 kolon yeridiləcək. Ancaq bunların 4-nün adını çəksə də, digər biri barəsində danışmır. Ona sual verirlər ki, sən 5 kolon demişdin amma 4 kolondan bəhs etdin. O qeyd edir ki, beşinci kolonu mən İspaniyanın paytaxtı Madrid şəhərində olan Vətən xainlərindən təşkil etmişəm. Həmin kolon ölkəni daxildən dağıdacaq.
Nədənsə son günlər baş verən hadisələri analiz edən zaman tarixin bu frazasını xatırlayıram. Söhbət tarixçi-alim Cəmil Həsənlinin qızının məlum videosundan gedir. Cəmil müəllim də yəqin ki, tarixdən bilər bunları…
Beşinci kolon hər bir ölkədə var, ələlxüsus da Azərbaycanda. Bu kolonun isə ölkəmizdə əsas məqsədi ölkəni dağıtmaq, dövlətin idarəetmə strukturunu hədəfə alaraq onun nüfuzuna xələl gətirmək, həmin strukturu xalqın gözündən salmaqdır. Çox dəqiq hesablanmış bu təxribatda ölkə başçısı və ölkənin onurğa sütunu olan Dövlət Təhlükəsizlik Xidməti hədəfə alınmışdı. Tarixçi-alim isə bilərəkdən bu təxribata alət oldu.
Video yayılar-yayılmaz Cəmil Həsənlinin verdiyi açıqlamaya diqqət çəkmək istərdim. O, birbaşa olaraq ölkə rəhbərini və Dövlət Təhlükəsizlik Xidmətini hədəflədi. Yəni bu “oyun”u quranlar da məlum videonu məhz Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 102-ci ildönümü gününü seçərək açıq hədəf göstərdi. Hər kəs Dövlət Təhlükəsizlik Xidmətini günahlandıracaqdı, Cəmil Həsənli isə prosesi daha da alovlandıracaqdı, belə də oldu.
Sirr deyil ki, Dövlət Təhlükəsizlik Xidməti 44 günlük müharibədən öncə korrupsioner məmur ovu ilə xeyli daxili düşmən qazanmışdı. 44 günlük müharibədə isə uğurlu antiterror əməliyyatları xarici düşmənlərin də sayını artırdı, bu kimi təxribatı gözlənilən etdi.
Cəmil Həsənlinin qızına qarşı edilən cinayət isə ilk təxribat deyildi. İlk təxribat xaricdən idarə edilən “Azad Söz” səhifəsi-yutub kanalı vasitəsilə edildi. Böyük izləyici kütləsi olan səhifənin bir neçə aylıq paylaşımlarını izləsək görərik ki, səhifə açıq-aydın şəkildə ölkənin təhlükəsizlik xidmətini, birbaşa olaraq xidmətin rəisi Əli Nağıyevi hədəf alıb. Böhtan, qarayaxma, şər kampaniyası ilə ləkə yaxmağa, dövlət xidmətini xalqın gözündən salmağa çalışır.
Bu təxribatın uğursuz olduğunu izləyən Vətən xainlərindən ibarət 5-ci kolonun siqnalı ilə ikinci təxribat planı hazırlandı. Və təxribat məhz qeyd etdiyimiz gündə, Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 102-ci ildönümü günündə işıq üzü gördü. Bu təxribata alət olan Cəmil Həsənli isə təxribatı daha da dərinləşdirdi və həmin kolonun əlini oynadı. Bu fürsəti təbii ki, əldən vermək olmazdı. Kolonun digər qolu “Azad Söz” səhifəsini işə saldı. Güclər birləşdirildi, Cəmil Həsənli səhifənin müsahibi oldu, geniş izləyici təxribatla doyuzduruldu…
Ümid edirik ki, təxribatın hədəfi olan Dövlət Təhlükəsizlik Xidməti ölkəmizə qarşı uzanan çirkli əlləri kəsəcək və Cəmil Həsənlinin qızına qarşı törədilmiş cinayət əməli ifşa ediləcək, cinayətkarlar isə öz cəzalarını çəkəcəklər. Lakin bizə də diqqətli olmaq, ağı-qaradan seçmək, təxribata alət olmamaq düşər…
Əhməd Haralı / Correct.az
















