“İnsanları nahaq yerə incidib cərimələməsinlər, pandemiya bitib” – Tanınmış həkimdən ÇAĞIRIŞbackend

“İnsanları nahaq yerə incidib cərimələməsinlər, pandemiya bitib” – Tanınmış həkimdən ÇAĞIRIŞ

Məlum olduğu kimi, Baş nazir Əli Əsədovun imzaladığı qərarla martın 6-dan etibarən toylarda say məhdudiyyəti ləğv olunub, yas mərasimlərinin keçirilməsinə isə icazə verilib. Lakin toylarda say məhdudiyyəti ləğv olunsa da, COVİD-19 pasportlarının və immunitet sertifikatlarının yoxlanılması hələ də qüvvədədir.

Bununla belə, toylarda pasportların və sertifikatların yoxlanması mövcud olsa da, yas məclislərində bu proses tətbiq olunmur. Halbuki yas məclislərində daha çox insan iştirak edir və onlar məclisdə bir-birlərinə daha yaxın əyləşir, daha çox təmasda olur, nəinki toylarda. Əgər COVİD pasportları toyda yoxlanılıb, yasda yoxlanmırsa, o zaman bunun əhəmiyyəti nədən ibarətdir? Əgər məqsəd koronavirusun yayılmasının qarşısını almaqdırsa, o zaman yas mərasimlərində də COVİD pasportu tələb edilməlidir. Yaxud da yas mərasimləri üçün belə bir tələb yoxdursa, bu tələb toylarda, restoranlarda, ticarət mərkəzləri və s. yerlərdə də birdəfəlik ləğv edilməlidir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan tanınmış həkim-radioloq Aydın Əliyev də hesab edir ki, şadlıq evlərində də yoxlama ləğv olunmalı, ölkədə bütün karantin qaydaları yığışdırılmalıdır.

“Artıq iki ildir ölkəmizdə karantin qaydaları tətbiq edilir. İnsanlar çox stress yaşayıb. Ölkəmizdə milyonlarla insan peyvənd edilib, xəstəliyə yoluxub və sağalıb. Artıq kütləvi immunitet demək olar ki, formalaşıb. Şadlıq evlərində də yoxlamanı ləğv etməlidirlər. Hətta qapalı yerlərdə maska tələbi də ləğv edilməlidir. Mən düşünürəm ki, ümumiyyətlə bütün karantin qaydalarını ləğv etmək lazımdır. İcazə verin insanlar rahat yaşasın, rahat toyunu, yasını etsin. Yəni insanları nahaq yerə incidib cərimələməsinlər. Çünki pandemiya artıq yoxdur, bitib”, – deyə o, bildirib.

  •  (1)
  •  (0)